İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Yazımıza maraqlı bir hadisəni yada salmaqla başlayaq. “2012-ci ildə İsveçrə bankından Padar (Oğuz rayonu) kəndinə Qərib yüzbaşının ora 100 il öncə pul (yaxud qızıl) yatırdığı və faizlə birgə hesabına küllü miqdarda pul yığıldığı barədə məktub gəlmişdi”.
Bəs kim olub Qərib yüzbaşı? Hansı işin sahibi idi, hansı içtimai-siyasi fəaliyyətlə məşğul olmuşdur? Vətən və xalq üçün hansı işləri görmüşdür?
Qərib Məmmədkərim oğlu 1870-ci ildə Vartaşen (indiki Oğuz) rayonunun Xaçmaz kəndində çox yoxsul bir ailədə dünyaya gəlib. 1912-ci ildə qardaşı ilə birgə iş tapmaq məqsədi ilə rayonun Padar kəndinə köçüb. Qardaşı qonaqlıqda olan zaman ev sahibinə atılan güllənin hədəfi olub və dünyasını dəyişib.
Padara bir mis kasa ilə gələn Qərib coşqun təbiətli, enerjili və hədsiz əməksevər, daim yeniliyə can atan adam olub. Əkinçilik, meyvəçilik və heyvandarlıqla məşğul olmaq onun ən sevimli işləri olub. Qısa müddət ərzində biliyi, bacarığı və işgüzarlığı sayəsində böyük var-dövlət, mal-mülk sahibi olub. Rayonda ilk Avropa və Amerika texnikasını istifadəyə verən də o olub. Qərib Kərimoğlunun təşəbbüsü ilə 1912-ci ildə Almaniyadan ilk dəfə Azərbaycana taxıldöyən maşın gətirilmişdir. (Hazırda həmin texnika hələ də qonşu kəndlərdən olan Yemişənlidəki bir həyətdə abidə kimi saxlanılır.)
Onun arxivdə saxlanılan deputat (məbus) anketində qeyd edilib ki, “Əkinçiliyə olan istedad və həvəsindən dolayı, Şəki qəzasında son ixtira olunan ziraət makinəsini (kənd təsərrüfatı texnikasını) ilk əvvəl istemal edən (işlədən) və xalqa lüzumunu anladan işbu zatdır...”.
O, öz hesabına kənddə dəyirman, məscid və xəstəxana da tikdirib.
Rəsmi sənədlərdə ad və soyadı iki cür göstərilib: “Qərib Kərim oğlu” və “Qərib Kərimov”. O, həm də Rusiya İmperator Ordusunun yüzbaşısı olmuşdur.
Həmkəndliləri də onu yalnız “Qərib yüzbaşı” adlandırırlar. Bu fakt həm də Qəribin 1917-ci ilədək Padar kəndinin böyüyü-yüzbaşısı olduğunu göstərir.
Təbiətcə çox əliaçıq adam olan Qərib Məhəmmədkərim oğlu özü də yoxsulluğun amansız üzünü gördüyündən kasıbların pənahı olub. Qapısına borca gələn kimsəni əliboş qaytarmazdı. Həm də bu zaman o, insanlar arasında millət fərqi qoymazdı; müsəlmanlarla yanaşı, Oğuzun udi və yəhudi camaatını da aclıqdan qurtarmış, taxıl anbarlarının qapılarını onların da üzünə açmışdı. Buna görə də bütün yerli camaat ona hədsiz hörmət bəsləyirdi. Hətta bir dəfə qaçaqlar onun faytonunun qabağını kəssələr də, içindəkinin Qərib yüzbaşı olduğunu biləndə böyük hörmətlə yola salmışdılar.
Azərbaycan Xalq Cümhuriyyəti qurularkən Qərib Məhəmmədkərim oğlu Şəki qəzasının Vartaşen nahiyəsində İcraiyyə Komitəsinin sədiri idi. O, bu vəzifəyə 1917-ci ildə baş vermiş fevral inqilabından sonra seçilmişdi.
1918-ci ildə ermənilərin azərbaycanlıları toplu şəkildə qətlə yetirdiyi vaxtda köməyə gələn Türk ordusunun Oğuz bölgəsindəki bölməsinə rəhbərlik edən Abdulla Paşa Qərib yüzbaşının evində qalmışdı. Bu gün də Padar kəndinin sakinlərinin dilində dolaşan bir rəvayətdə deyilir ki, “Qərib yüzbaşıya Bakıdan parlamentdən xəbər gəlir ki, türk əsgərlərini qarşılayıb yerləşdirsin. Yüzbaşı tapşırığa əməl edir, türk əsgərlərini qarşılayıb onları özünün tikdirdiyi məsciddə yerləşdirir. Hər birini yatacaqla, yeməklə təmin edir. Əsgərlər Padarın və qonşu kəndlərin əhalisini erməni silahlılarından qoruyurdular. Türk əsgərlərinə göstərdiyi diqqət və qayğıya görə qəzəblənən ermənilər Qərib yüzbaşını oğurlamaq üçün tələ qurur və gecə onun yaşadığı evə basqın edirlər. Əsgərlərlə basqın edən silahlı ermənilər arasında qanlı savaş olur. Hazırda kəndin “Erməni çökəyi” adlanan yerində türk əsgərləri ermənilərin hamısını məhv edirlər. Hadisə yerinə gələn Qərib yüzbaşı əsgərlərə tapşırır ki, ermənilərin üstünü torpaqla örtüb dəfn etsinlər”.
Qərib yüzbaşı 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti Məclisi-məbusanının (parlamentinin) üzvü, görkəmli ictimai xadim, parlamentin işində müntəzəm və fəal çalışan deputatlardan olub. Dövlət Arxivində onun deputat (məbus) anketi saxlanır. Orada Qərib yüzbaşının müxtəsər tərcümeyi-halı barədə qısaca olaraq qeyd edilib ki, o, “...Çalışqanlığı sayəsində mənsub olduğu camaatın hüsnü təvəccöhünü qazanmış olduğundan, bir çox ictimai xidmətlərdə bulunmuş və bilaxərən intixab olunaraq Məclisi-məbusana üzv təyin olunmuşdur”.
O, parlamentdə "Əhrar" partiyasını təmsil etmişdir. Parlamanın 24 aprel 1919 tarixli iclasının stenoqramından oxuyuruq: “İclasın sədri Həsən bəy Ağayev bildirir ki, torpaq komissiyası 3 dəfə yığışmadığına görə buraxılır və onun yeni heyəti seçilməlidir. Həsən bəyin təklifi ilə partiyalar bu komissiyaya öz namizədlərini verirlər. Seçilmək üçün hər deputat 42 səsdən ən azı 22-sini yığmalıydı. Keçirilmiş gizli seçkinin nəticələrini Abbasqulu Kazımzadə açıqlayır: 26 səs toplamış Qərib Kərimov ən çox səs yığmış Məhəmmədəmin Rəsulzadə, Aslan bəy Qardaşov, Cavad bəy Məlikyeqanov, Əliheydər Qarayev, Heybətqulu Məhəmmədbəyov və b. ilə birgə torpaq komissiyasına üzv seçilib. Bu seçkidə ən çox səs toplayan həmin 7 nəfər Məhəmmədəmin Rəsulzadənin təklifi ilə həm də fəhlə komissiyasına üzv olur. Beləliklə, Qərib Məhəmmədkərim oğlu parlamentin iki mühüm komissiyasına eyni zamanda üzv seçilib”.
Hökumət sovetləşdikdən sonra o, mülkünü və texnikasını könüllü olaraq kolxoza təhvil verib. Amma kommunistlərin qanlı ağalığı illərində Qərib Məhəmmədkərim oğlu da başqa parlament üzvləri kimi təqib olunub və incidilib. Ancaq onu həbs etməyi hətta “NKVD” cəlladları da bacarmayıblar! Nəvəsi Almaz xanım danışır ki, sovet çağında babamı tutmaq üçün Padara adamlar göndərilib. Xəbər ildırım sürəti ilə bölgəyə yayılıb. Vartaşenın özündə və nahiyənin əksər kəndlərində bunu eşidən yüzlərlə insan pay-piyada, ayaqyalın-başıaçıq Padara yol alıb. Özümüzünkülərlə - müsəlmanlarla yanaşı, başqa millətlərin nümayəndələri, xüsusən Vartaşen yəhudiləri də sinələrini qabağa verərək onu silahlılardan qoruyublar. 18 kilometr yolu piyada gəlmiş yəhudilər birağızdan deyiblər ki, aclıq vaxtında bu kişi bizi qırılmaqdan qurtarıb, indi də biz onu heç kəsin əlinə vermərik! Nahiyədən gəlmiş bütün adamlar Qərib yüzbaşının həyətinin ətrafına canlı çəpər çəkib və silahlıların içəri girməsinə imkan verməyiblər. Xüsusən başqa millətlərin də bu “müsavatçı”, “istismarçı” və “qolçomağı” belə qətiyyətlə müdafiə etməsi bolşevikləri əməlli-başlı çaşdırıb və onlar əliboş geri qayıtmalı olublar.
Qərib yüzbaşı vur-tut 56 il yaşayıb, 1926-cı ildə vəfat etmişdir. Onun Padar kəndinin mərkəzindəki kiçik qəbiristanlıqda olan və çay daşından hazırlanmış başdaşında da oyma üsulu ilə ərəbcə yazıb ki, o, 2 rəbiüs-sani 1345-cü ildə cümə günü (miladi tarixlə 9 oktyabr 1926-cu ildə) vəfat edib. (Məzarı 2008-ci ildə Oğuz rayonunun Padar kəndində filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə tərəfindən aşkar edilmişdir.)
Vaxtilə Qərib Məhəmmədkərim oğlu Şəkinin ən varlı adamlarından olan iki qardaşla: Məşədi Cabbar və Məşədi Xəlil Həsən oğlu Dadanovlarla çox yaxın dostluq edib. Görünür, bu dostluğu əbədiləşdirməyə çalışan oğlu Hümmət həkim atasının vəfatından 2 il sonra – 1928-ci ildə Məşədi Cabbar Dadanovun qızı Lətafət xanımla ailə qurub.
Qərib yüzbaşının oğlu Hümmət Kərimovdan söz düşmüşkən bildiririk ki, o, Tiflisdə gimnaziyanı uğurla bitirərək yeni açılmış Bakı Universitetinin tibb fakültəsinə qəbul olmuş, adı 1925-ci ildə həmin fakültənin ilk buraxılışının məzunları sırasında olmuşdu. Başqa sözlə desək, o, həm Azərbaycanın özünün yetişdirdiyi, həm də Şəki qəzasının ilk ali təhsilli həkimlərindən olub. Təyinatla öz kəndlərinə - Padara həkim göndərilmiş, atasının tikdirdiyi xəstəxanada işləmişdir. Burada işlədiyi dövrdə Hümmət həkim yenə atasının tikdirdiyi məscidi təmir etdiyi üçün həbs olunaraq 2 il Bayıl həbsxanasında cəza çəkmişdir, məscid isə yandırılmışdır. Sonralar Hümmət həkim Göyçay və Qəbələdə həkim kimi fəaliyyətini davam etdirmiş, 1946-cı ildə müalicə üçün getdiyi Moskva şəhərində vəfat etmişdir.
Qərib yüzbaşının unudulmaz xatirəsi indi də qədirbilən həmkəndlilərinin və bütün Oğuz sakinlərinin yaddaşında yaşamaqdadır.
Qeyd: Yazının hazırlanmasında filologiya üzrə fəlsəfə doktoru, professor Ə.Tahirzadə, AYB-nin üzvü və şair-tədqiqatçı Y.Rzayevin, psixoterapevt, elmi-lədun bilicisi P.Yaqubun əsərlərindən də istifadə olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(21.04.2025)