"Pula ehtiyacım var" deyə iş görmək Featured

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Bir şeyi yaxşı başa düşün. "Pula ehtiyacım var” deyə aktyor olum, futbolçu olum, yazıçı olum və ya liderlik tələb edən başqa bir sahəyə yönəlim - bu düzgün deyil. Bu sahələr ehtiyac üçün deyil, potensial üçün seçilir. Əgər yalnız ehtiyac səni hərəkətə gətirirsə, bu riskli sahələrdə uğur qazanmaq şansın çox azdır. Çünki bu peşələrdə heç kim səni gözləmir, heç kim sənə yol açmır – burada yalnız ən dözümlülər, ən inadkarlar qalır.

 

Əgər bu yolu seçmisənsə, bilməlisən: sabitlik axtararaq bu sahələrdə irəliləmək mümkün deyil. "Bir az stabil olum, sonra başlayaram" deyə düşünmə. Bu yolun ilk mərhələsi ac qalmaqdır – həm məcazi, həm də real mənada. Yəni istirahətsiz işləməyə, boyunduruq altına girməməyə, rahatlıqdan imtina etməyə hazır olmalısan. Liderlik və azadlıq asan qazanılmır. Onu seçən adam birinci növbədə itirməyi, çətinliyi, qeyri-müəyyənliyi qəbul etməlidir.

Əgər məqsədin sabit maaş, rahatlıq və təminatdırsa, gedib kimsə üçün işləməlisən. Kiminsə boyunduruğu altında olmalı, qayda-qanunlarına tabe olmalı, verdiyi ilə kifayətlənməlisən. Bu da seçimdir, amma o başqa yoldur.

Amma əgər həqiqətən böyük olmaq, fərqli olmaq, irəlidə durmaq istəyirsənsə – o zaman ehtiyac səni qorxutmamalıdır. Ac qalmağa, qəbul olunmamağa, yıxılıb yenidən qalxmağa hazır olmalısan. Yalnız bu halda riskli sahələr sənin üçün uğura çevrilə bilər.

Məsələn, aktyor olmaq istəyirsənsə, bilməlisən ki, ilk illərdə heç kim səni tanımayacaq. Bəlkə onlarla seçməyə gedəcəksən, heç biri alınmayacaq. Çörək pulunu çıxarmaq üçün bəzən ofisiantlıq edəcəksən, bəzən küçədə broşür paylayacaqsan. Amma bu sənin yolundursa, dözəcəksən. Əvəzində sən heç kimə boyun əyməyəcəksən. Çünki sən öz yolunun arxasınca gedirsən.

Yaxud yazıçı olmaq istəyirsənsə, ilk illərdə yazdıqlarını heç kim oxumaya bilər. Redaksiyalar rədd edə bilər, dostların başa düşməyə bilər. Amma sən yenə yazmalısan. Çünki sən ehtiyacdan yox, içindən gələn bir gücdən hərəkət edirsən. Ac qalmaq bahasına yazırsansa, deməli, o sənindir.

İdmançı olmaq istəyirsənsə, gündə saatlarla məşq etməli, sosial həyatdan keçməli, bəzən zədələrə, bəzən imkansızlığa dözməli olacaqsan. Sponsoru, dəstəyi olmayan biri üçün bu yol cəhənnəm kimidir. Amma sən, "başqa yol yoxdur" deyib o cəhənnəmdən keçməyi seçmisənsə – bu artıq ehtiyac yox, iradədir.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.