TRAVMA – bu sözə, bu prosesə, bu hala fərdi yanaşma Featured

Xədicə Əliyeva, "Ədəbiyyat və İncəsənət" 

 

Travma nədir?

Elm bu barədə nə deyir? 

Travma-insan beyninin psixoloji, həmçinin cisminin fiziki sağlamlığına hadisə sonrası təsir göstərən uzunmüddətli, yaxud ani yaranan zədələnmədir. 

Mənə görə, travma hadisələri unutduqdan sonra, növbə həmin hadisələrin sənə hiss etdirdiklərini unutmağa gələndə susduğun andır. 

 

-O həmənki palatadadır? 

-Kimdən danışırsan? Dünən səni şil-küt edən xəstədən?

-Həmənki palatadadır?

-Bəli.

Palataya doğru addımladım və içəri girəcəyim an arxadan kimsə çiynimdən məni dartıb, içəri atacağım addımlarımı arxaya çəkməyimə səbəb oldu. 

-Sən nə edirsən?! Dünənki hadisədən sonra biraz olsun ağıllanmadınmı sən?

-Mən, mən sadəcə…

-Sən nə? Sənə hücum etmiş xəstənin otağına yenə girməyinə əsəbiləşim, yoxsa ən azından kimləsə girməyə cəhd etməyinə? Sən bilirsən ki, bu etdiyinlə həm özünə, həm də xəstəyə zərər verirsən? Nə istəyirsən ondan sən? Yaxşı düşdü yadıma. Sən onun sənədlərini istəmişdin. Buna görə özünü təhlükəyə atırsan sən? Sən nə tapdın? Nə? 

-Həqiqəti.

-Hə, indi də onu bura gətirən həqiqətin davamını deməyə gəlmisən? O bura həqiqətlərin ağırlığının altında qala bilmədiyi üçün özünə başqa çıxış yolu axtararkən gəlib çıxıb. Sən yarım qalan işi tamamlamağa gəlmisən? O batır, sən onu daha da batırmaq istəyirsən? Sən ki bilirsən, xəstələrə travmalarını xatırlatmaq olmaz.

-Mən bunu bilirəm. Amma xəstəni o bataqlıqdan çıxarmaq üçün travmaları ilə də üzləşdirməli olduğumuzu da bilirəm. Bəzən insanlar həqiqət axtarışında ikən, əslində öz həqiqətlərindən qaçdıqlarına görə, heç vaxt o həqiqətə çata, onu tapa bilmirlər. Çünki həqiqət bir nöqtədə insanın daxildəki özü ilə üzləşməsidir. Mən onu yaşadıqları və sonda üzləşməyə qorxduğu özü ilə üzləşdirəcəyəm, icazə versəniz. 

-Bu yaxşı nəticələnməyə bilər. 

-Sizcə, bunu etməsək, dahamı yaxşı olacaq? Mən sizə deyimmi nə olacaq? O yaşadıqlarını unudacaq həddə gəlib çıxacaq və siz buna sevinəcəksiniz. Amma, o yaşadıqlarını unudacaq, yaşadıqlarının onda hansı hissləri buraxdığını heç vaxt ruhundan ata bilməyəcək. Heç vaxt. Gərək, bir insan yaşadıqlarını tamamilə beynində bitirmədən öncə o yolda gedib ona çatasınız. Əks halda, o insan üçün hadisənin önəmi qalmayacaq. O, sadəcə həmin hadisənin onda buraxdığı hisslərini də alıb oyundan çəkiləcək. Və, inanın mənə, hadisə sonrası insanlar üçün həmin hadisənin deyil də, onun sonunda baş-başa qaldığı hisslər tərəfi maraqlandırır, əslində. Bəzən, travmalarımızın hansı hadisədən qaynaqlandığını belə bilmərik. Çünki, insan beyni unutqan olur. Lakin ortada bir travma varsa, demək ruhu ona bəxş edilən hisslərə hər zaman sahib çıxır. Fərq etmir, bu hissləri istəyirik, ya yox. Bilirsiniz nəyə bənzəyir? Bəzən yediyimiz, yaxud geyindiyimizi haradan əldə etdiyimizi soruşarlar. Biz isə, xatırlamarıq. Ruh da bəzən ona verilən hissləri bir parçası edər, bu hissləri hansı hadisədən əldə etdiyini unutsa da, sonda ona qalan hisslərə sahib çıxır, sahib.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.