5 illik xoşbəxtlik və 30 illik zülmün qisası- Kəlbəcər rayonu Featured

Murad Vəlixanov,  “Ədəbiyyat və İncəsənət” 

 

Hər nə qədər o dövrdə anadan olmasam və o çətinlikləri yaşamasam belə, qazi soyundan gələn biri olaraq müharibənin, ata-baba yurdundan zorla qovulmağın yaşatdığı çətinliklərin şahidi olmuşam və bu gün ata-baba yurduna qayıdan insanların çöhrəsində yaranan sevinc və qürurun, bir-birinə qarışdığı göz yaşlarının nə demək olduğunu başa düşürəm.

 

Aprel ayının 3-də  Kəlbəcər rayonunun işğalının 33-cü ildönümü idi. 2020-ci ilin sentyabr ayında ermənilərin boynuna endirdiyimiz ədalət qılıncının sayəsində bu ləkəni alnımızdan təmizlədik. Artıq Kəlbəcərin işğalından 33 il keçməsini deyil, işğaldan azad olmasının 5 illiyini qeyd edirdik.

Qarabağı azad görmək üçün canını, qanını fəda edən şəhidlərimizin ruhu həmin gün şad idi.  Bu gün məhz Kəlbəcər haqqında danışmaq qərarına gəldim.

 

Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Və təsəvvür edin ki, ərazisinə görə, Azərbaycanın ən böyük inzibati rayonu hesab edilir.

1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanətə uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Rayonun 1 şəhəri - Kəlbəcər şəhəri, 1 qəsəbəsi -  İstisu qəsəbəsi və 127 kəndi Abdullauşağı, Ağbulaq, Ağcakənd, Ağdaban, Ağdaş, Ağqaya, Ağyataq, Alaqaya, Alçalı, Alıbəyli, Alırzalar, Allıkənd, Almalıq, Alolar, Armudlu, Aşağı Ayrım, Aşağı Qaraçanlı, Aşağı Şurtan, Babaşlar, Bağırlı, Bağırsaq, Bağlıpəyə, Barmaqbinə, Baş Qaraçanlı, Başkənd, Başlıbel, Bəzirxana, Birinci Milli, Boyaqlı, Bozlu, Böyükdüz, Böyürbinə, Cəmilli, Comərd, Çaykənd, Çayqovuşan, Çəpli, Çıraq, Çobangərəhməz, Çopurlu, Çorman, Çovdar, Dalqılınclı, Daşbulaq, Dəmirçidam, Dərəqışlaq, Əsrik, Fətallar, Göydərə, Güneypəyə, Günəşqaya, Günəşli, Hacıdünyamalılar, Hacıkənd, Həsənlər, Hopurlu, Xallanlı, Xoləzəy, İkinci Milli, İlyaslar, İmanbinəsi, İstibulaq, Kaha, Keçiliqaya, Keşdək, Kəndyeri, Kilsə, Kilsəli, Qalaboyun, Qamışlı, Qanlıkənd, Qaragüney, Qaraxançallı, Qasımbinəsi, Qasımlar, Qazıxanlı, Qılınclı, Quzeyçirkin, Laçın, Lev, Məmmədsəfi, Məmməduşağı, Mərcimək, Mişni, Mollabayramlı, Moz, Mozqaraçanlı, Nadirxanlı, Nəbilər, Nəcəfalı, Orta Qaraçanlı, Orta Şurtan, Oruclu, Otaqlı, Otqışlaq, Pirilər, Rəhimli, Sarıdaş, Seyidlər, Soyuqbulaq, Susuzluq, Şahkərəm, Şaplar, Şeyinli, Tağılar, Taxtabaşı, Tatlar, Təkdam, Təkəqaya, Təzəkənd, Tirkeşəvənd, Tövlədərə, Üçüncü Milli, Vəng, Yanşaq, Yanşaqbinə, Yellicə, Yenikənd, Yuxarı Ayrım, Yuxarı Şurtan, Zağalar, Zallar, Zar, Zərqulu, Zəylik, Zivel, Zülfüqarlı Azərbaycana qaytarılıb.

Azərbaycan Respublikasının Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv edilərkən həmin rayonun 24 kəndi Kəlbəcər rayonunun tərkibinə verilmişdir. Həmin kəndlərdən 2-si Kərəmli və Narınclar kəndləri 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yerdə qalan 22 kənd isə Bazarkənd, Çapar, Çərəktar, Çıldıran, Çormanlı, Damğalı, Dəvədaşı, Dovşanlı, Hayad, Heyvalı, Həsənriz, İmarət Qərvənd, Kolatağ, Qızılqaya, Qozlu, Qozlukörpü, Mehmana, Şahmansurlu, Vəngli, Yayıcı, Yuxarı Oratağ, Zardaxaç 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyinə keçmişdir.

Hər il noyabrın 25-i Kəlbəcər günü kimi qeyd olunur.

15 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır.

Nəhayət 25 noyabr 2020-ci ildə noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.

 

Tarixi

"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərdə "Türk qəbiristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir–birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

 

İlk insan məskəni

1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dağıdılmış mədəni abidələr — Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Həsən Cəlal kilsəsi, Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix–diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı.

Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib. Eramızdan əvvəl IV minilliyin sonu–III minillik Tunc dövrü və ya Kür–Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür–Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynayıb və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranıb. Yeni heyvan növlərinin əhliləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Kür–araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında (Xoşbulaq kurqanları və Xoləzək (Kəlbəcər), İstisu yaylaqlarında yaşayış məskənləri) məskunlaşma başa çatıb. Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsidir. Saxsı qablar üzərində çəkilmiş naxışlar bunu bir daha təsdiqləyir. Qobustan (Böyükdaş, Yazılıtəpə), Gəlinqaya və Kəlbəcərin digər ərazilərində (Qoçdaşda) qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və Magiya (şamanlıq) təsvir olunub. Kəlbəcər də qədim insan məskənlərindən biri olub. Burada ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi. Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun "Qaragöl" və "Zalxa gölləri" sahillərində, "Ayıçınqıllı" və "Pəriçınqıllı" dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub. Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin ki, yerindən tərpədə bilsin. Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və s. də tapılıb. Burada aşkar edilmiş qaya təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yaşayış yerli tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır.

 

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi

Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 

1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 gündan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki vermiş və mühasirədə olan 60 min Kəlbəcərlinin təxliyyəsinə nail olmuşdu. Döyüşdə həlak olmuş qəhrəmanlarımız Kəlbəcər torpağında yatır.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur, lakin həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilmədi.

Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi işğal dövründə talan olunub. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdı.

1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 50 dinc əhali öldürülmüş, 20 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.

 

Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi

Qeyd etdiyimiz kimi, 15 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir.

Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.

Nəhayət 25 noyabr 2020-ci ildə noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.

 

Relyefi

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy–Göl, Goranboy, şimali–şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ–çəmən və qonur dağ–meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.

 

Coğrafi mövqeyi

Murovdağ (Gamışdağ 3724 m, Böyük Hinaldağ d. 3367m), Şərqi Göyçə, Mıxtökən, Qarabağ silsilələrinin və Qarabağ Vulkanik yaylasının (Dəlidağ d. 3616m) bir hissəsi rayonun ərazisində qərarlaşıb. Qıpçaq aşırımı, Ağababa dağı, Ayıçınqılı, Buzluq dağı, Çilət, Çilgəz, Dikpilləkən, Egeryurd, Gömürdağ, Xocayurd, İlandağ, Keçəldağ, Ketidağ, Kilsəlidağ, Qırxqız dağı, Qoçdağ, Qonqurdağ, Laçın dağı, Məmmədvəli dağı, Oyuqludağ, Rumbahar, Sağsağan, Sarıbulaq, Sarımsaqlı, Siçanlıdağ, Suzluq, Timarri, Yüzbulaq zirvələri də yerləşir. Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkonogen çökmə və vulkan mənşəli süxurlarına Kəlbəcər ərazisində rast gəlinir.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.