Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Dünən – martın 16-da - “Dünyada Etdiyin Doğru Şeylərin Günü” kimi təqvimdə yer alan bir gündə dünyaya bir sıra tanınmış şəxlər gəlib. Ümumiyyətlə, bu tarixdə dünyaya gələn insanların arasında oxşar xüsusiyyətlər çoxdur. Bu gün sizə həmin tarixdə anadan olan iki insan haqqında söhbət açmaq istəyirəm:
Ceyms Medison- 1751-ci il martın 16-da ABŞ-ın Virciniya ştatının Port-Konuey yaşayış məntəqəsində varlı plantator ailəsində anadan olmuşdu. Boyu 1 m. 62 sm olan Ceyms Medison parlaq düşüncəli, dəmir iradəli, kübar bir şəxsiyyət idi. 1809-cu ildən 1817-ci ilədək Amerika Birləşmiş Ştatlarının 4-cü prezidenti olub...
Ağalar İdrisoğlu isə 1950-ci il mart ayının 16-da Masallı rayonunun Digah kəndində dünyaya gəlib. Boyu da ki, Ceymsin boyundan elə də fərqlənmir. Prezident olmasa da Azərbaycan yazıçısı, dramaturqu və rejissorudur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Əməkdar incəsənət xadimidir...
Yazıçı-publisist, jurnalist Rəna Təbəssüm onun haqqında deyir:- “Ömrünun altmış ilini bədii yaradıcılığa, jurnalistikaya, əlli ilini peşəkar teatr sənətinə həsr edən Ağalar İdrisoğlu səhnədə yaratdığı 40-dan artıq rolu və quruluş verdiyi 140 tamaşası, dünya xalqlarının on pyesinin dilimizə tərcüməsi və sairə ilə ədəbiyyat, jurnalistika, incəsənət və mədəniyyət xəzinəsinin sərvətini artırır. Ötən ilin sonlarında Qazax Dövlət Dram Teatrında uğurla səhnəyə qoyulan “İnan mənə” pyesi hələ 1985-ci ildə Ümumittifaq Gənc Dramaturqlar Müsabiqəsinin qalibi olub. Onun 10-dan artıq topluda hekayələri, pyesləri, tərcümə etdiyi əsərləri yer alıb. Quruluş verdiyi Akif Həsənoğlunun “Yanmış evin nağılı” tamaşası Osman Mirzəyev adına mükafata və özünün yazdığı “Şah İsmayıl” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb.”
İti zəka, duyğusallıq, dərin təfəkkür, əzmkarlıq martın 16-da doğulan insanlara məxsus olan xüsusiyyətlərin sırasında olsa da, ən böyük keyfiyyətləri isə daim hərəkətdə olmaq, cəmiyyətə fayda verməkdən ibarətdir...
Nə isə, Ceyms Medison uzaq keçmişdə qalıb. Bu gün bizimlə eyni dünyada qərar tutan, yazıb yaradan Ağalar İdrisoğlunun müsbət cəhətlərini isə sadalamaqla bitməz. Heç sadalamaq istəmirəm də. Çünki dostları bu cəhətləri onda çoxdan kəşf ediblər. Onu məndən də yaxşı tanıyırlar...
Zarafat etmirəm, martın 16-sı gözəl günlərdən biridir. Elə ona görə də, bu tarixdə dünyaya gələnlər gözəl, necə deyərlər, kara gələn, gərəkli insanlar olurlar. İnanmırsınız? Onda buyurub araşdıra bilərsiniz...
Bəli, Ağalar İdrisoğlu bu gün qocalığın ahıllıq dövrünü yaşayır, dünən 75 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, təqaüdünə bərəkət, ağrı-acısız günlər, dava-dərmansız həyat, əsasız hərəkət arzulayırıq…
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)