Uşaqlara qarşı şiddət və zorakılıq - AKTUAL Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Şiddət—bir insanın digərinə qarşı fiziki və ya psixoloji zərərverici davranışlarının cəmidir. Bu iki forma bir-birindən ayrılmazdır və çox vaxt uşaqlıqdan başlayan travmaların nəticəsi kimi ortaya çıxır. Hər şey uşaqlıqdan başlayır—ailədən, məktəbdən, dost mühitindən, hətta küçədən. Ona görə də, gəlin əvvəlcə uşaqlıq travmalarına və uşaqlara qarşı şiddət mövzusuna toxunaq.

 

Hər birimiz qəbul etməliyik ki, cəmiyyətin təməli uşaqlardır. Təəssüflər olsun ki, hər uşaq xoşbəxt uşaqlıq yaşamır. Keçmişində buraxdığı travmalar isə gələcəyinə kölgə salır. Bəzən ən pisi odur ki, bu travmaların təməli məhz valideynlər tərəfindən qoyulur. Üstəlik, valideynlər bunun fərqində belə olmur. Övladlarını incitdiklərini anlamadan böyüdürlər.

Məsələn, bir çoxumuzun rastlaşdığı bir hadisəni götürək: sən hələ uşaqsan, düşüncələrin tam formalaşmayıb və səhvlər etməyin normaldır. Lakin ətrafında həmişə səndən üstün göstərilən bir "xalxın uşağı" olur. O, daha çox çalışır, əla qiymətlər alır, valideynlərini incitmir və böyüklərə hər zaman hörmətlə yanaşır. Sən isə hansısa fəndən zəif oxuyur, bəzən etiraz edirsən və nəticədə günah keçisinə çevrilirsən.

Çoxumuz bu vəziyyəti yaşamışıq, elə deyilmi? Sadə görünə bilər, amma belə müqayisələr uşağın psixologiyasında ciddi izlər buraxır. Daim başqaları ilə müqayisə edilən, dəyəri az göstərilən uşaq istər-istəməz özünə qarşı kinli olur, içində yetərsizlik hissi formalaşır. Belə bir uşağın aqressiv, qapalı və özgüvənsiz böyüməsi təəccüblü deyil.

 

Təhsil sistemində şiddət

 

Təəssüf ki, psixoloji şiddət təkcə ailədə deyil, təhsil sistemində də geniş yayılıb. Yəqin bir neçə ay əvvəl bağçada uşağı döyən tərbiyəçinin videosunu xatırlayırsınız. Amma bu, sadəcə mediada yayımlanan hadisələrdən biridir. Pərdə arxasında nələrin baş verdiyini bilmirik.

Bu hadisədə günahkar təkcə həmin "tərbiyəçi" deyil, həm də valideynlərdir. Ümid edirəm ki, valideyn olan oxucularım məni qınamaz, amma bir çox valideynlər övladlarını, necə deyərlər, "başımdan edim" yanaşması ilə böyüdürlər. Hətta elə valideynlər var ki, uşaqlarını ardıcıl olaraq müxtəlif dərslərə, idman məşqlərinə, yarışlara yönləndirir, onların maraqlarını nəzərə almırlar. Halbuki bu da psixoloji təzyiqin və dolayısıyla şiddətin bir növüdür.

 

Məktəblərdə də bu cür hallar geniş yayılıb. Şəxsən özüm belə bir hadisə ilə qarşılaşmışam. Guya mən şəhərin ən seçilən liseylərindən birində, ən nüfuzlu müəllimlərdən dərs alırdım. Xüsusən də fizikadan dərs deyən başı daz müəllimi xatırlayıram. O, əsla əsəbiləşməzdi, şagirdlərə əl qaldırmazdı. Əksinə, sual verəndə sənə "debil", "kasoy", "qoyun", "gələcəyin mal yığını" kimi sevgi dolu ifadələrlə (!) cavab verərdi. Sualı başa düşməyəndə "başına sığal çəkərək" elə bir izah edərdi ki, özünü daha da alçalmış hiss edərdin.

(Yəqin ki, bunların müqabilində məni etikanı pozub ona başı daz dediyimə görə qınamazsınız)

Bu iki nümunə müasir, kurikulum sisteminə uyğun, ən yeni avadanlıqlarla təmin olunan məktəblərimizdə tətbiq edilən "tədris metodologiyasının" nə qədər "mükəmməl" olduğunun açıq sübutudur.

 

Təhsil sistemindən kənardakı zorakılıq

 

Yəqin ki, hər gün metroda və küçələrdə salfetka, corab, gül satan uşaqlara rast gəlirsiniz. Bəs bu uşaqlar niyə işləyir? Əmək Məcəlləsinə əsasən, valideyn icazəsi ilə uşaq əməyi üçün yaş həddi 15-dir. O zaman küçələrdə diləndirilən və ya işləməyə məcbur edilən azyaşlılara kim icazə verir? Bəs bu uşaqların psixologiyası necə formalaşacaq?

Bəziləri deyir ki, "Qoy uşaq indidən əməyə alışsın". Amma o uşağın yerinə kim məktəbə gedəcək? Kim ona yazmağı, hesablamanı, həyatı öyrədəcək? O, sevgini, qayğını kimdən görəcək? Aradan 10-15 il keçəndə, bu uşaqlar hissiyyatsız, daşlaşmış insanlara çevriləndə günahkar kim olacaq?

 

Cəmiyyətdə şiddətin normal hala gəlməsi

 

Cəmiyyətdə şiddətin yayılmasının əsas səbəblərindən biri də bəzi qrupların bunu normallaşdırmasıdır. Məsələn, yeniyetmələr arasında "A.Y.E qaqaş" fenomeni. Onlar xüsusi geyim tərzi, saç stili və danışıq forması ilə yeniyetmələr üçün "qəhrəman" obrazı yaradırlar. 13-14 yaşlı uşaqlara "vasmi", "təsbehnən adam sındırmaq", "beşbarmaqla gəzmək", "siqaret, alkoqol və narkotik istifadəsi"ni öyrədərək, gələcəyə cinayətkar "canavarlar" yetişdirirlər.

Bu, yalnız psixoloji şiddətdir. Əməli şiddət isə daha geniş və dəhşətlidir—

Zorlanan qız uşaqları,

Erkən yaşda nikah qurbanları,

Alkoqolik ataların döydüyü uşaqlar,

Müharibələrin ortasında doğulan körpələr,

Terror qurbanı olan günahsızlar,

Xocalı, Gəncə, Bərdə faciələri,

İsrail-Fələstin, Suriya, Ukrayna müharibələrində ölən minlərlə uşaq.

 

 

Afrikada aclıq və susuzluqdan ölən uşaqları da unutmayaq. Onlar şiddətli aclıq, şiddətli susuzluq və şiddətli xəstəliklər içində yaşayır. Bukovskinin bir sözünü oxuyanda günlərlə özümə gələ bilməmişdim:

"Bir gün afrikalı xəstə uşaqlara dərman yardımı göndərdik, lakin heç birini verə bilmədik, çünki dərmanların üstündə “tox qarında istifadə olunmalıdır'” yazılmışdı."

Bu, bizi bir daha düşünməyə məcbur edir. Dünyanın hər yerində israfçılıq var, amma şokolad plantasiyalarında çalışan uşaqların şokoladın dadını belə bilmədiyini bilirsinizmi?

 

Şiddət nə yazmaqla, nə düşünməklə, nə də saymaqla bitmir. Dünya dəyişməsə, bu dəhşətlər davam edəcək. Lakin biz, heç olmasa, öz ətrafımızdan başlayaraq, uşaqlara və cəmiyyətə daha insani münasibət göstərərək bir dəyişiklik edə bilərik.

Unutmayaq ki, gələcək indiki uşaqlardan başlayır. Necə ki, hər birimiz bir fidan əkib təbiətə töhfə verə bilərik, eləcə də, uşaqlara qarşı doğru münasibət göstərərək daha ümidli bir gələcək qura bilərik.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.