İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
V sinfin Azərbaycan dili (I hissə, Bakı-2024) dərsliyindəki bəzi mətnlərdə yanlışlıqlara yol verilmişdir. Belə mətnlərdən biri də “Oxuyub-anlama” məzmun xətti üzrə IV bölmənin dördüncü fəslində ikinci dərsin mövzusu kimi təqdim olunan “İlanın yarpızdan zəhləsi gedir?” (səh:73) adlı mətndir.
Dərsin məqsədi şagirdlərin müəyyən fikirlərlə bağlı öz mövqelərini bildirmək və onu əsaslandırmaq, nitqin ekspressivliyində məcaz və leksik fiqurların rolunu izah etmək bacarıqlarının formalaşdırılmasıdır.
Şagirdlər mətni səssiz oxumalı, oradaki çətin sözlərin mənasını araşdırmalı, movzunu müxtəlif situasiyalarda danışmalı, iş dəftərlərindəki tapşırıqları icra etməlidirlər.
Fəqət təlim məqsədlərini reallaşdırmaq üçün təqdim olunan mətndə bir sıra yanlışlıqlar olduğunu zənn edirik. İcazənizlə, həmin yanlışlıqlara diqqəti cəlb etmək istərdik.
Məsələn, mətndə “…ilan quru, susuz (?) yerlərdə yaşayır” və yaxud “…qədimdə “yarbuz” sözü heyvan adı bildirirdi…” kimi əsli olmayan məlumatların verilməsi nə dərəcədə doğrudur?!
Birincisi, ilan heç də həmişə “quru, susuz yerlərdə” yaşamır. Zooloqlar qeyd edirlər ki, ilanlar hər yerdə - meşələrdə, çöllərdə, dənizlərdə və dağlarda, hətta Himalay dağlarının 4900 metr yüksəkliyində də yaşayırlar. Digər canlılar kimi onların da suya (o cümlədən yarpızın yetişdiyi məkanlardakı su mənbələrinə) həyati ehtiyacları var. Əlbəttə, biz başa düşürük ki, belə yazılmaqla “suyun az olduğu yerlər” nəzərdə tutulub. Bəs azyaşlı V sinif şagirdləri də burdakı mənanı başa düşmək bacarığına, düşüncə potensialına malikdirlərmi?! Müşahidə etdiyimiz dərsdə şagirdlərdən birinin müəllimə “Bəs ilanlar su içmirlər?” sualını verməsi də onların bir qrupunun “quru, susuz yerlərdə” ifadəsini düz anlamadıqlarını göstərir.
İkincisi, mətndə “Yarbuz” sözünün qədimdə heyvan adı bildirməsi barədə məlumat nəyə əsaslanır? Konkret tarixi mənbələrdə, demək olar ki, belə məlumatlar yoxdur. Bu barədə söylənilənlərin hamısı mülahizələrdir. O cümlədən dilci alim M.Adilovun söylədikləri də.
Heç XI əsrdə yaşamış M.Kaşğarinin məşhur “Divani-lüğat-it-türk” əsərinin özündə də belə söz yoxdur. Amma mətndə yazılıb ki, “M.Kaşğarinin “Divani-lüğat-it-türk” əsərində (XI əsr) belə ifadə işlənmişdir: “İlan yarbuzdan qaçar, hara getsə, yarbuz qarşısına çıxar”. Xeyr, elə yazılmayıb. İfadənin əsli belədir: “Yılan yarpuzdan kaçar, kança barsa, yarpuz utru kəlür”. (Bax: M.Kaşğari: “Divani-lüğat-it-türk”, III cild. Bakı-“Ozan”-2006, səh: 41) Gördüyünüz kimi, “Divani-lüğat-it-türk”də “yarbuz” sözü yoxdur, “yarpuz” sözü var. Bu baxımdan mətndəki “Kaşğari də öz lüğətində “yarbuz” sözünü məhz “manqust” kimi işlətmişdir” ifadəsi də səhvdir. Çünki M.Kaşğari “yarbuz” yox, “yarpuz” sözünü həmin mənada işlətmişdir.
Maraq üçün onu da qeyd edək ki, lüğətdə eyni nitq hissəsinə aid olan omonim “yarpuz” sözünün birinci mənası “gözəl rayihəli bir ot, qır nanəsi”; ikinci mənası isə “bir heyvan, fıron siçanı, manqust” kimi şərh olunur. (Onu da qeyd edək ki, bizim indi “yarpız” kimi istifadə etdiyimiz söz bu gün də bir çox türk xalqlarının dillərində, o cümlədən bizim bir sıra dialektlərdə elə lüğətdəki kimi “yarpuz” şəklində işlənməkdədir.)
Dərslikdəki mətndə belə bir cümlə də vardır: “Qədim “yarbuz” (heyvan adı) sözünün “yarpız” (bitki adı) sözü ilə oxşarlığı məsələnin təhrif olunmasına gətirib çıxarmışdır”. Biz isə əksini düşünürük. Deyirik ki, “yarbuz” sözü “yarpuz” (yarpız) sözünün təhrif olunmuş formasıdır. Bəzi türk xalqlarında hazırda “yarbuz” sözünün “yarpuz” mənasında soyad kimi işlədilməsi də fikrimizi təsdiq edir. Kim və hansı ağıllı manqust (quş, ilan və xırda gəmiricilərlə qidalanan yırtıcı) mənasını verən sözü soyad kimi götürər ki?!
“Yarbuz” sözünə tarixi mənbələrdə və başqa ifadələrin tərkibində təsadüf olunmaması, onun köhnəlmiş sözlər cərgəsində, dialektoloji lüğətlərdə də gözə dəyməməsi bu ehtimalı gücləndirir. Əsli-nəsli, kökü naməlum olan və faktiki dildə olmamış və olmayan bir söz barədə mətndə “Zaman keçdikcə bu söz köhnələrək leksikamızdan çıxmışdır” ifadəsinin işlədilməsi isə tamamilə yersizdir. Dildə olmayan söz necə dildən çıxa bilər?
“Yarpuz” (yarpız) sözünün tarixi isə çox qədimlərə gedib çıxır. Bu söz qədimdən bəri bitki və heyvan adı kimi (əsasən bitki adı kimi) müxtəlif çoxsaylı türk xalqlarının (uyğur, karluq, qıpçaq, oğuz, osmanlı, özbək, qazax, qırğız, türkmən, Azərbaycan türkcəsində və s.) dilində işlənmişdir. XVII əsrdə türkcə yazılmış “Lügat-i Müskilat-i Ecza” tibb terminləri kitabında da adı çəkilən şəfalı 417 bitkidən biri kimi onun adı “yarpuz” şəklindədir. İndi də dillərin çoxunun aktiv lüğət fonduna daxildir.
O, düzdür ki, “Divani-lüğat-it-türk”də nümunə göstərilən atalar sözündəki “yarpuz” manqust mənasında işlədilmişdir. Lüğətin 2006-cı il nəşrinin tərcüməçisi və nəşrə hazırlayanı R.Əskərin də yazdığı kimi, burada “yarpuz” “…əslində bitki deyil, firon siçanı imiş…İlanın zəhləsi yuvasının ağzında «bitən», yəni dikəlib duran və onu gözləyən firon siçanından, manqustdan (quş, ilan və xırda gəmiricilərlə qidalanan yırtıcıdan – İ.V.) gedirmiş...”(Bax: yuxarıda göstərilən mənbə). Bu fikir digər çoxsaylı mənbələrdə də təsdiq olunur.
Zənnimizcə, “İlanla yarpızın nə əlaqəsi var?” və ya ”İlan hara, yarpız hara?” sualları ilə müəlliflər ilan - yarpız əlaqəsinin olmadığına işarə ediblər. Ancaq unudurlar ki, belə bir əlaqə mövcuddur. Mütəxəssislər göstərirlər ki, mükəmməl iybilmə qabiliyyətinə malik olan ilan yarpızın qoxusuna da yaxşı bələddir. Onlar qeyd edirlər ki, ilanlar daha çox mexaniki titrəmə təsirlərinə və kəskin iyə qarşı həssasdır. Ona görə də ilan süründüyü marşrutda kəskin iyə rast gəldikdə kənara gedir. Türkəçarə kimi ilandan qorunmaq üçün onun ola biləcəyi yerlərə yarpız, nanə, sarımsaq və s., sonralar isə daha kəskin iyli digər maddələrin (kükürd, naftalin, kerosin, mazut, keçi tükü, kül və s.) qoyulması da bunu sübut edir. İlan onların spesifik iyindən çəkinir. Üstəlik yarpızdan ayrılan uçucu efir yağları da çox kəskin olduğundan ilana toksiki təsir göstərir. Deməli, insandan fərqli olaraq gözəl və ətirli, min bir dərdin dərmanı olan yarpızın iyi ilanlar üçün son dərəcə rahatsızedicidir. Təsadüfi deyildir ki, xalq arasında əsrlərin sınağından çıxmış belə inançlar da mövcuddur: “Yarpız olan həyətdə ilan olmaz”, “Yarpız bitən bostana ilan dolanmaz” və s. Hələ yumorla deyilmiş belə bir ifadə də var: “Dərisi avtomatik olur vız-vız, İlan hər dəfə görəndə yarpız”. “Keçəlin nağılı”nda isə keçəl şah qızının boynuna dolanmış ilanı yarpızın gücü ilə uzaqlaşdırır. (Bax:”Azərbaycan nağılları” I cild, Bakı-Turan-2002, səh:148) Qeyd etdiyimiz səbəblərə istinadən deyə bilərik ki, “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər” atalar sözü tam məntiqi əsasda formalaşıb. Heç bir atalar sözünün təhrif olunmuş forması deyil.
Özünüz düşünün, bu cür məlumatlardan xəbərsiz olan V sinif şagirdləri mətndəki “Sizcə, doğrudanmı ilanın yarpızdan xoşu gəlmir?” və başlıqdakı (“İlanın yarpızdan zəhləsi gedir?” suallarına (oradaki “nə üçün”lərə) cavab vermək iqtidarında ola bilərlərmi? Gördüyünüz kimi, hər iki cümlə sual cümləsidir. Sual cümlələri isə bir şeyi öyrənmək, dəqiqləşdirmək və ya yeni məlumat əldə etmək üçüm cavab almaq və tapmaq məqsədi ilə işlədilən cümlələrə deyilir. Suallara mətnə əsasən cavab tapmaq müşkül məsələdir. Digər tərəfdən cavab ciddi tədqiqat və araşdırma tələb edir ki, bu da V sinif şagirdinin işi, həm də 45 dəqiqəlik iş deyil.
Dərslik müəllifləri materialın dilci alim M.Adilovun “Niyə belə deyirik” kitabından götürüldüyünü söyləyərək yaxalarını kənara çəkməyə cəhd edə bilərlər. Amma istifadə ediləsi materialların doğruluğununun yeni tədqiqatlar işığında yoxlanması onların borcu deyildimi?!
O da faktdır ki, artıq “Divani-lüğat-it-türk”dəki atalar sözünün dairəsi çox daralmışdır, demək olar ki, istifadə edilmir. Onun əvəzinə yarpız (bitki) – ilan münasibətlərini əks etdirən variant - “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər” atalar sözü daha işlək hala gəlmişdir. Bizcə, dərslikdə sonrakı variantın nəzərə (müqiyisəli də etmək olar) alınması doğru və maraqlı olardı.
Təklif edərdik ki, gələcəkdə dərslikdə elmi mübahisə doğuran, qeyri-dəqiq və fikir dolaşıqlarına səbəb ola biləcək məsələlərə yer verilməsin, şagirdlərin tədqiqat imkanları və dərketmə səviyyələri, onların yaş xüsusiyyətləri, istifadə olunan mənbələrdəki materialların dəqiqliyi və doğruluğu ciddi şəkildə nəzərə alınsın, müasir dil materiallarına daha çox istinad olunsun. Bu yolda dərslik müəlliflərinə uğurlar arzulayırıq.
Qeydlərimizin dərsliyin təkrar nəşrində nəzərə alınması diləyi ilə.
“Ədəbiyyat və incəsənət”
(29.01.2025)