Fazil Mustafa Cahit Bağçı ilə vida görüşü keçirib

 

 

Yanvarın 23-də Milli Məclisdə Türkiyənin Azərbaycandakı fəaliyyəti başa çatan səfiri Cahit Bağçı ilə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa arasında vida görüşü olub.

“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, görüşdə Fazil Mustafa Bolu vilayətinin Qartalqaya bölgəsində baş vermiş yanğınla bağlı başsağlığı verib və qardaş ölkənin dərdinə şərik olduğunu bildirib.

Komitə sədri qeyd edib ki, səfir Cahit Bağçı öz fəaliyyəti ilə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına töhfələr verib. O, səfirin gələcək fəaliyyətində də bu qardaşlıq və strateji əməkdaşlıq bağlarını möhkəmləndirəcəyinə inamını ifadə edib.

Öz növbəsində, Fövqəladə və səlahiyyətli səfir Cahit Bağçı Azərbaycandakı fəaliyyəti müddətində qazandığı xatirələrin onun yaddaşında silinməz izlər buraxdığını vurğulayıb, Azərbaycan xalqına sevgi və bağlılığını ifadə edərək, “harada xatirələrin varsa, oranın bir hissəsi olaraq qalacaqsan” fikrini xatırladıb. - “Qardaş Azərbaycanın tarixi Zəfərinin qazanıldığı, ərazi bütövlüyü və suverenliyin tam bərpa olunduğu illərdə səfir olmanın qüruru bir başqadır və mən bununla fəxr edirəm”.

Görüş zamanı iki ölkə arasındakı qardaşlıq bağlarının getdikcə daha da möhkəmlənməsindən məmnunluq ifadə olunub və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.