İğdırda Azərbaycan icması ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin İğdır şəhərindəki Azərbaycan icması ilə görüşüb. İğdır Azərbaycan Evində baş tutan görüşdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitə sədri ölkəmizin diaspor siyasəti barədə geniş məlumat verib, komitənin həyata keçirdiyi uzunmüddətli layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı və diaspor fəaliyyətinin digər vacib istiqamətləri barədə çıxış edib, icma üzvlərinə diaspor işinə verdikləri töhfələrə görə minnətdarlıq edib.

Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasətinin bu gün Prezident İlham Əliyev  tərəfindən daha da zənginləşdirilərək yeni mərhələyə yüksəldildiyi, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğu nəzərə çatdırılıb.

Azərbaycanın Qarsdakı Baş Konsulu Zamin Əliyev icma ilə təşkil olunan görüşü yüksək qiymətləndirib, soydaşlarımızla daha yaxından tanış olmaqdan məmnunluq ifadə edib. Konsulluğun qapılarının hər bir azərbaycanlı üçün açıq olduğunu diqqətə çatdırıb.

İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar evin fəaliyyəti barədə hesabatla çıxış edib, Azərbaycan Evinin həm soydaşlarımız, həm də yerli ictimaiyyət üçün doğma məkana çevrildiyini diqqətə çatdırıb, yaradılan imkana, göstərilən diqqətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

Görüş fikir mübadiləsinin aparılması, sualların cavablandırılması ilə davam edib. İğdırda yaşayan azərbaycanlılar qazandıqları uğurlardan, icmanın fəaliyyət imkanlarının genişlənməsindən danışıb, qayğı və çətinliklərini dilə gətirib, açıq və səmimi müzakirəyə görə minnətdarlıq ifadə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.