Düşmənin qarşısında QAYA kimi dayananlar Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

İstirahət günləri iki iki müharibə iştirakçısı qəhrəmanımızın doğum gününə təsadüf etdi. Onlardan biri öz mövludunu oş başında qarşıladı, digərinin isə mövludunu məzarını ziyarət etməklə yaxınları qeyd etdilər. 

 

EMİL ƏSƏDOV

 

Vətən mənim bu günüm,

Sabahkı toy, düyünüm,

Haqqım var ki öyünüm,

Azərbaycan deyəndə. 

 

Quru Qoşunlarının mənsubu Emil Əsədov 1998-ci il yanvar 11-də Salyan rayonunun Çuxanlı kəndində anadan olub. 2012–2015-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 

Ali hərbi təhsilini isə 2015–2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı" ixtisası üzrə alıb. O, hərbi xidmətinə 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi ilə başlayıb. Taqım Komandiri olaraq Hadrutun, Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı Ermənistan Ordusunun 90-dan çox canlı qüvvəsini və 14 texnikasını məhv edib, bir neçə dəfə silah yoldaşlarını mühasirədən çıxarıb, buna görə də "Qaya 11" ləqəbini qazanıb.

Döyüşlər zamanı yaralanıb, hospitala təxliyə olunsa da, bir müddət sonra yenidən döyüş meydanına qayıdıb. Azərbaycan igidi noyabrın 8-də Hadrutun azad edilməsi zamanı şəhid olub, Salyan rayonunda dəfn edilib. 

Təltifləri:

"Qarabağ" ordeni 

"Vətən uğrunda" medalı 

"Xocavəndin azad olunmasına" görə medalı

Qəhramanımızla fəxr edir və qürur duyuruq. Allah rəhmət eləsin!

Amin!

 

MİRZƏ QULİYEV

 

1-ci Qarabağ müharibəsi polis polkovnik-leytenantı Mirzə Quliyev 11 yanvar 1974-cü il Bərdə rayonunun Saatlı kəndində anadan olub. Polis Akademiyasını bitirdikdən sonra DİN-də işə qəbul edilib. Qəhrəmanımız hazırda polis polkovnik leytenantı kimi Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 

Sədərək cəbhəsində döyüşlərə atılmış və böyük şücaətlər göstərmişdi. PDM-də tuşlayıcı–atıcı kimi döyüşlərə girən cəsur döyüşçü onlarla erməni yaraqlısını məhv etmişdi. 

1993-cü il 28 iyul tarixdə Ağdam cəbhəsinə göndərilmiş, burada qaynar döyüşlərə girmiş və qəhrəmanlıqlarla dolu səhifələr yazmışdır. Daha sonra Füzuli, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərə atılmış və PDM-si ilə xeyli erməni tankını alova bürümüşdür.

Allah xeyirli ömür nəsib etsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.