Ölüm qoxusu - ESSE Featured

Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”

 

Ölüm qoxusu!!! - Bir gün son dəfə gözlərimizi bağlayıb, sonsuzluğa qarışacağımızı bilmədən sonsuzca yaşayırıdıq..

 

Həyatımızın qum saatına bənzədilməsini, tez-tez dilə gətirilib, buna aid misallar çəkilməsini bilirik. Lakin ən faciəlisi, bu saatın hər birimizə fərqli zaman biçməsi, son qum dənəciyinin də aid olduğu qumlara qarışacağı və mənim heç vaxt özümü aid hiss etmədiyim yaşam müddətimin başa çatacağını bilməyim idi. Görəsən, insanlara unutqanlıq hissi verilməsə idi, onlar hələ də bədbəxt və ya xoşbəxt ola bilərdilər?! 

İçində olduğu xoşbəxtlik xülyasının, ömrünün sadəcə qum saatı dənəciklərinə bağlı olduğunu biləndə insan bədbəxt hiss edərdi özünü, yoxsa azmış ruhunun içindən çıxa bilmədiyi bədbəxtliyin də sadəcə axmaq zaman qavramı olduğunu bilib, xoşbəxt olardı? 

İnsanlar qəribədir, özü də çox. Xoşbəxtliyin müvəqqəti olduğunu biləndə bədbəxt, bədbəxtliyin müvəqqəti olduğunu biləndə isə, xoşbəxt olurlar..  Bax, mənim də ömrüm, bu mənasız suallarda məna axtarmaqla keçəcək, deyəsən... 

Məsələn, bir çox insan yaşamını sonlandırmış insan görməkdən qaçır, həmçinin qanamış yara görməkdən. Səbəbini düşünmüsünüzmü? Mən düşünmüşəm. İnsanlar unutduqları, ya da unutmağa çalışdıqları məsələləri xatırlamağa nifrət edirlər. Çünki bu xatırlatmalar, "ölüm qoxusunu" xatırladır.. İnsanlar hər keçən gün ölümə yaxınlaşır, amma bunu, "növbəti yeni yaş" olaraq qeyd edib sevinirlər. Maraqlıdır, ölümə addımladığını bildiyi halda, insan niyə bunu qeyd edib sevinsin ki? Yeni yaş ilə nəyə çatmış olur? Özünü aldadır ki, bu il ona uğurlu olacaq? Köhnə yaşının ona verə bilmədiklərini, yeni yaşı ona verəcək? 

 

Onlar doğum günlərini qeyd edərək, ölüm günlərinə doğru gedirdilər və lənət olsun ki,onlar ölümdən qaçarkən, ölümə qaçırdılar və bunun fərqində deyildilər...

 

Çoxumuz qatardakı səfər müddətində, oturacağımız yerin rahatlığına və pəncərə mənzərəsinə diqqət edirik. Çalışın, sonsuzluğa gedən həyat qatarında da müvəqqəti olmağına baxmayaraq yerinizi gözəl seçin və mənzərənin dadını çıxarmağa çalışın. 

Ölüm sondurmu,yoxsa sonun başlanğıcmı? Bax, onu da qatardakı səfərinizi başa vurduğunuz zaman biləcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.