İki polkovnik şəhidin doğum gününə - TƏQVİM Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün - yanvarın 7-i həm də iki şəhidimizin doğum gününə təsadüf edir. Bu gün onları anmağımız həddiz dərəcədə vacibdir. 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin! 

 

BABƏK SƏMİDLİ

7 yanvar 1974-cü ildə dünyaya göz açan Babək Səmidli 1980-ci ildə Göyçay şəhəri 6 nömrəli orta məktəbə daxil olmuş və 1991-ci ildə həmin orta məktəbi bitirmişdir. 1993-cü ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olaraq 1997-ci il, 30 avqust tarixində oradan motoatıcı ixtisası üzrə məzun olmuşdur.

Babək  Səmidli Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini, İkinci Qarabağ müharibəsinin şəhididir.

2020-ci il noyabrın 23-də Babək Səmidli Suqovuşan ərazisində minaya düşərək şəhid olub. O, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya tərəfinin sülhməramlıları, Azərbaycan və Ermənistan tərəfinin rəsmilərindən ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalan meyidlərin çıxarılması idi. Təəssüf ki, sülhməramlı missiya faciə ilə sonuclandı. 

Mina partlaması nəticəsində həmçinin 4 erməni rəsmisi və 1 rus sülhməramlısı da yaralandı. 

Babək Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olundu.

Ölümündən sonra o, “Zəfər" ordeni, "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. . 

 

“Şərəfli yolu seçin, doğru yolu seçin. Bu üçündən biri gəlsin başımıza: ya qalib olaq, ya qazi olaq, ya şəhid olaq. Başqa bir seçim heç bir Azərbaycan əsgərində ola bilməz” - bu kəlmələr Suqovuşan Fatehi Babək Səmidliyə məxsusdur. 

Ruhun şad olsun!

Amin! 

 

RƏŞAD ATAKİŞİYEV

Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub. 

O, oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini “Uçuş Mühəndisi" ixtisasına yiyələnərək yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb.

O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Aprel döyüşlərinin qəhrəman iştirakçılarından biridir. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında Real TV-də yayımlanan “Şahinlər" filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib. 

Həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. Ayrıca Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı" devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyev 24 iyul 2019-cu ildə döyüş hazırlıqlı təyyarə qəzasında dünyasını dəyişib. 

Ruhu şad olsun, Amin!

 

Hər iki şəhidin və cəmi şəhidlərin xatirəsini hörmət və ehtiramla anırıq. 

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.