Təqdim edir: İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Harun - Ölüm, bəlkə də, insanın heç vaxt anlaya bilməyəcəyi ən dərin fəlsəfi sirlərdən biridir. Bu ya müsibətdir, ya da səadət.. O, insanın həyatının sonu olaraq qəbul edilir, lakin bu sonun nə olduğunu və nə olacağını heç bir insan dəqiq şəkildə izah edə bilmir. İnsan ölümdən qorxur, amma ən çox qorxduğu şey, həyatını necə yaşadığını anlamamaqdır. Həyat, əslində, ölümdən qaçış deyil, onun qarşısında olan bir qarşıdurmadır. Ölümə yaxınlaşdıqca, biz həyatın daha çox qiymətini dərk edirik və bu, heç də ölümün bir təhdidindən çox, onun həyatı dərk etməyə verdiyi bir fürsətə çevrilir.
Nigar - Mən sadəcə insanın ölümlə üzbəüz olması anındakı qorxunun nə olduğunu yaşamış biri kimi kədərlənirəm. Qalan mövzuları isə müzakirə etmək, səhv və ya doğru axtarmaqdan özümü kənar tuturam. Çünki insanlığa olunanı Haqq sahibi Yaradan görür.
Harun - Ölüm necə də qorxulu səslənir. Məncə, insan ölümdən qorxmur. Bilməməkdən qorxur. Necə ki, ölümdan sonrasını heç bir halda dəqiq bilmir..
İnci - İnsan bilirsiz, ən çox nə vaxt qorxur ölümdən? Kiminsə öldüyünü eşidəndə, çünki yaşamağa bəzən o qədər başımız qarışır ki, kiminsə ölümünü eşitdikdə, elə bil yuxudan ayılırıq. Yaşamaq insana həqiqətən şirindir. Peyğəmbərimiz buyurur (Allah'a həmd olsun, Məhəmməd Mustafa'ya (s.a.v) Salam olsun): ağızların dadını qaçıran ölümü çoxca xatırlayın ( tirmizi, zühd, 4)
Amil - Ölüm qorxusu dəyişkəndir. Son dərəcə dindar və son dərəcə dinsiz olanlar ölümdən ən az qorxanlardı. Ölümdən ən çox qorxanlar isə bir dinə inanıb o dinin qoyduğu qanunlar əsasında həyatlarını yaşamayanlardı. Çünki bunun nəticəsində ölümdən sonra onları sonsuz bir cəhənnəmin gözlədiyini düşünürlər.
Harun - Bu da təzad doğurur, fikrimcə. Axı hər dindar və hər dinsiz həyatlarında ən azı bir dəfə fikir ayrılığına gəliblər..
İnci - "Ölümdən ən çox qorxanlar bir dinə inanıb o dinin qoyduğu qanunlar əsasında həyatlarını yaşamayanlardi" - sən qanunu bilirsən, amma əməl etmirsən. İnsanı ən çox incidən budur.
Amil - Dindar səmimi şəkildə Allaha inanır, bütün qanunlarına əməl etdiyini düşünür və ölümdən sonra Allahın ona vəd etdiyi cənnəti verəcəyini ümid edir. Buna görə ölümü səbirsizliklə gözləyir, çünki dindar üçün ölüm bu dünyadan daha gözəl bir aləmə keçmək üçün bir qapıdır. Dinsiz isə Cənnət Cəhənnəm kimi şeylərə inanmır. Onu cəzalandıracaq bir Tanrıya da inanmır. Epikürün dediyi kimi "Biz varıqsa ölüm yoxdur, ölüm varsa biz deyə bir şey yoxdu", buna görə ölümü həyatın bir qanunu olaraq görüb ondan qorxmadan üstünə gedirlər.
Harun - Məncə, dindar verilmiş vədlər naminə səmimidir. İnancsız biri isə sadəcə qumar oynayır.
Epikürə baxdıqda isə tamamilə komfortizm görürük. Yəni ki, "sənə hara rahatdırsa, ora sənin cənnətindir."
Amil - Verilmiş vədlərə görə dindardısa səmimiyətdən söhbət gedə bilməz. Dinlərə görə səmimiyyətin göstəricisi həmin hərəkətin Allahın rızası üçün edilmiş olmasındadı. Yəni bir insan sırf cəhənnəmə getməmək üçün namaz qılırsa qıldığı namaz boşa gedir. Şüuraltı olaraq, amma hamı mənfəətin düşünür. Özünə dindaram deyənlərin neçə faizi insanlar gözündə yaxşı görünməyi, cənnətdəki köşkləri qazanmağı düşünmədən sırf Allah rızası üçün birşeylər edir, maraqlıdı. İxlassız edilən və içində Allah rızası olmayan hər əməl boşunadı. İbadət Allah istədiyi üçün və onun istədiyi şəkildə olduğu zaman qəbul olunur. Riya isə İslamiyyətdə gizli şirk olaraq keçir.
İnci - Kimlərin ibadəti qəbuldur və ya deyil sorgulamaq, bunun qərarını vermək bizim səlahiyyətimiz deyil. Cənnət üçün ibadət etmək, yəni cənnətin varlığını qəbul edir deməkdi. Necə ki deist insanlar var. Yalnız Allah'ın varlığını qəbul edirlər, peyğəmbərlərin göndərilməsi, digər qayda və əməlləri isə qəbul etmirlər.
Amil - Cüneyid Bağdadi var İslamiyyətdə, böyük alimlərdəndi, bir adamdan soruşur ki, namazı niyə qılırsan, adam deyir, ləzzət alıram. Deyir, Sən abdulləzzətsən. Başqasından soruşur, deyir ki, rahat oluram namaz qılanda. Deyir, Sən də abdulrahatsan. Başqasından soruşur, deyir cənnət üçün qılıram. Deyir, sən də abdulcənnətsən və artıq dözə bilmir və qışqırır ki bəs bu dünyada abdullah hardadı? Yəni kim nəyi arzulayırsa onun quluna çevrilir. Allahın qulu olmaqçun onun razılığına görə etməlisən hər şeyi, yəni müsəlman alimlərə görə belədi.
İnci - Bir türk hocası danışırdı. Kimsə dua edirmiş ki, “Cənnəti istəmirəm. Cənnət də yaradılandı. Mən Səni istəyirəm Allah'ım.”
Lakin, Amil bəy, bir şey var ki, biz Cənnətə girmək üçün qılsaq da yenə Allah rızası üçün qılırıq. Çünki ibadətimizin qəbulu qarşılığında biz Cənnətə daxil oluruq.
Harun - Ölüm hər biri insanın həyatının, ölümünün və sonrasının mənasını axtarır. Epikür, ateizm və İslam ölümü və həyatı fərqli izah edirlər, amma hamısında bir ortaq həqiqət var: Həyat, yalnız bu anın, bu dünyadakı təcrübənin qiymətini anlaya bilməkdədir. Cənnət və cəhənnəm anlayışları, insanların bu dünyadakı mövcudluqlarını necə dəyərləndirdiyinə bağlıdır. Ölüm, həyatın içindəki bu anlayışları sınayır və hər birimiz onun qarşısında öz fəlsəfəmizi formalaşdırırıq.
“Ədəbiyyat və incəsənət”
(07.01.2025)