Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Ulduzlar da bu axşam səndən danışdı,
Ay da pəncərəmizdə yandı, alışdı…
Məşhur bir mahnıdan
Səma hər gecə yeni bir sirr danışır. Gecələrin şahzadəsi Ay bəzən ulduzların arasında gizlənir, bəzən də öz əzəməti ilə onların işığını kölgədə qoyur. Ayın hər forması fərqli bir duyğunu, düşüncəni və mərhələni əks etdirir. Bu hekayələr səssiz, amma güclüdür. Ayın sükut dolu dilini anlamaq üçün gəlin onun səkkiz fazasını birlikdə oxuyaq.
1. Yeni Ay:
Başlanğıcın qaranlıq nidası.
Hər şey qaranlıqdır, sanki səma öz nəfəsini tutmuş, bir möcüzənin doğulmasını gözləyir. Yeni Ay, səmanın gizli bir andırcasıdır. Onun görünməzliyi boşluq deyil, bir başlanğıcın təməlidir. Bu mərhələ həyatımıza yeni niyyətlər, təmiz səhifələr gətirir.
2. Hilal:
Ümidin nazik xətti
Bir gün qaranlığı yaran incə bir işıq xətti peyda olur. Hilal ümidin simvoludur. Səmanın bu nazik gülü həyatın öz mahiyyətini xatırladır: həmişə bir çıxış yolu var. Hər yenilik balaca bir addımla başlayır.
3. Birinci Dördlük:
Döyüşə hazırlıq
Ayın yarısı işıqlıdır, digər yarısı qaranlıq. Bu faza mübarizənin başlanğıcını göstərir. Həyatda irəliləmək üçün qarşımıza çıxan maneələri aşmalıyıq. Ayın bu forması bizə cəsarətli olmağı, iradəmizi sınamağı öyrədir.
4. Dolun Ayın Artması:
Zirvəyə doğru
Ay demək olar ki, bütövdür, lakin hələ bir qədər işıq çatışmır. Bu faza zirvəyə yaxınlaşan yolu təmsil edir. Səy göstərənlər üçün bu, mükafatın qapısını aralayan bir çağırışdır. Yolun sonuna az qalıb, dayanmaq olmaz.
5. Tam Ay:
Səmanın qəlbi
Tam Ay doğulanda gecə işığa bürünür. Onun dairəvi əzəməti bütövlük və tamamlanmanı simvolizə edir. Bu mərhələ arzuladığımız hədəflərə çatmaq, sevincimizi doyunca yaşamaq üçün bir fürsətdir. Bu, Ayın ən saf hekayəsidir – aydınlıq və harmoniya.
6. Dolun Ayın Azalması:
Təcrübə kölgələri
Tamlıqdan sonra işıq tədricən solmağa başlayır. Dolun Ayın Azalması bizə hər qalibiyyətin arxasında öyrənilməsi lazım olan dərslərin olduğunu xatırladır. Bu mərhələ düşünmək, təcrübələrimizi dəyərləndirmək üçün bir yoldur.
7. Sonuncu Dördlük:
Vidalaşma melodiyası
Ayın sol yarısı işıqlıdır, sağ yarısı qaranlıq. Sanki səma köhnə xatirələrlə vidalaşır. Bu mərhələ həyatdan lazım olmayanları təmizləmək üçün bir çağırışdır. Keçmişin yükünü buraxıb irəliləmək üçün qapını bağlamağın vaxtıdır.
8. Hilalın Azalması:
Sükutun son nəğməsi
Nazik bir qövs yenidən görünür, amma bu dəfə sol tərəfdə. Bu mərhələ səmanın yorğun sükutudur. Yeni bir dövrün astanasında, istirahət və daxili sakitlik çağırışıdır.
Ayın Bitməyən Söhbəti!
Ayın hər bir forması sükutunda bir çox söz gizləyir. O, bəzən başlanğıcı, bəzən sonu, bəzən isə yolun özünü təmsil edir. Həyatımız da eynən Ay kimi – bəzən tam, bəzən natamamdır. Amma hər zaman irəliləyir, dəyişir və yeni dövrlər başlayır.
Ayın bu sükut dolu dili bizi dinləməyə, düşünməyə və dəyişməyə dəvət edir.
Sən də bax, bəlkə Ayın bu gecə sənə özəl bir hekayəsi var?
“Ədəbiyyat və incəsənət”
(06.01.2025)