DİL və DİN Featured

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Dil və din millətlərin (xalqların) tərəqqisində ən güçlü faktorlardan hesab olunur. Onlar həm də dəyərlər sisteminin əsasında duran başlıca amillərdəndir.

 

 Dil elm, mədəniyyət, əqidə və əxlaqın ən önəmli açarıdır, “Allah-təalanın gözəl nemətlərindən birisidir”. O, qəlbin aynasıdır. Ruh aynasında görünənlər dildə aşkar olur. İnsanın intellektual və kommunikativ bacarıqlarından biri olaraq dil mədəni həyat üçün təməl zərurət olan sosiallaşmanın əsas şərti və vasitəsidir.

Dil bir toplumun millətə çevrilməsinə şərait yaradır, onun düşüncə sistemini və düşünmə qabiliyyətini göstərir. Həm bütöv millətin, həm də onun ayrı-ayrı fərdlərinin  fəzilətlərini, dəyərlərini və mədəniyyətlərini əks etdirir. Antik dövrün filosofu Sokrat həmişə deyərmiş ki, “Ey insan, danış səni tanıyım”. Həzrət Əli isə buyururdu ki, hər kəs öz dilinin altında gizlənib, danışmayınca onun ağıllı və ya ağılsız olması məlum olmaz. 

         Dil bir milləti (xalqı) təmsil edir. Onun simasını səciyyələndirən amillərdən biridir.Millətin (xalqın) dili onun sözdə təcəssümünü tapan tarixi yaddaşı, milli varlığının qorunmasının təməl daşlarından biridir. F.Köçərli yazırdı: “Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir”. Başqa sözlə, dil hər bir xalqın milli kimliyidir.

 M.Ə.Rəsulzadə isə “Milli dirilik” məqaləsində qeyd edirdi ki, “Milliyyətin ümdə  rüxnünü (simasını) təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir … Çünki dil həmən millət deməkdir”. Böyük mütəfəkkir “Dil içtimai bir amil kimi” məqaləsində haqlı olaraq yazırdı: “Dil millətin canıdır...İştə bunun üçündür ki, bir dili öldürmək, bir milləti öldürmək deməkdir...Dil durduqca, millət də durar, öldümü, millət də canını bağışlar. Dillərini unutmağa başlayan millətlər axırı qəti bir ölüm olan fəlakətli bir yola girişmişlərdir”. 

Yuxarıda qeyd edildiyi kimi, milli dəyərlər sisteminin əsasında duran vacib amillərdən biri də dindir. Dinlərin çoxu dildən fərqli olaraq müxtəlif millətləri (xalqları) əhatə edir. Din Allah-Təalanın insanları yaxşılığa yönəltmək və pisliklərdən çəkindirmək üçün peyğəmbərləri vasitəsilə bildirdiyi əmr və hökmlərdir. Dinin məqsədi insanı əxlaqi cəhətdən yetkinləşdirərək dünyada dinclik və xoşbəxtliyə, axirətdə əbədi səadətə, ülviyyǝtǝ qovuşdurmaqdır.Başqa sözlə, din insanları öz iradə və ixtiyarları ilə xeyrə sövq edən ilahi qanunlar məcmuəsidir. Bu gün dünya əhalisinin çox hissəsi dini ənənələrlə yaşayır. (Cəmi 10-12 faizi özlərini dini olmayanlar kimi təqdim edirlər.)

“Ana dilimiz Azərbaycan xalqının ən böyük milli sərvətidir”, - söyləyən    Ümummilli liderimiz H.Əliyev dini  də xalqın mənəviyyat hadisəsi kimi əsaslandırır və deyirdi: “İslam dininin bəşər mədəniyyətinə, bəşər sivilizasiyasına verdiyi töhfələr və xüsusən mənəvi dəyərlər əvəzsizdir, misilsizdir. Biz müsəlmanlar fəxr edirik ki, mənsub olduğumuz islam dini dünyanın böyük bir hissəsini əhatə edir və bəşər tarixi boyu insanların mənəvi cəhətdən yüksəlməsinə və dünyada inkişafa, sülhün, əmin-amanlığın yaranmasına xidmət etmişdir”.

Dillər və dinlər arasında həmişə oxşarlıq və qarşılıqlı əlaqələr mövcud olub. Onların ikisi də insan mənliyinin ayrılmaz bir parçasıdır. Dil insan həyatına necə daxil olmuşsa, din də o cür daxil olmuşdur. Dilin inkişafı düşünməyi, dinin inkişafı həyatı rövqləndirir. Bu iki böyük amil insanların təfəkkür tərzinin formalaşmasına və dəyişməsinə eyni dərəcədə təsir edir.       

         Dillə dinin mədəniyyətə münasibətində də oxşar cəhətlər vardır. Dil mədəniyyətin əsasını təşkil edir. Mədəniyyətin ötürülməsi, qorunması və qavranılması məhz dilin sayəsində mümkün olur. Bunun kimi mədəniyyətin ötürülməsi və qorunması din vasitəsilə də həyata keçir. Ulu öndərimiz deyirdi ki, “...mədəniyyətimiz bir çox hallarda İslam dini vasitəsi ilə nəsildən-nəslə keçib, indi böyük milli sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır”.

Gündəlik həyatımızda dil və din arasında sıx əlaqə olduğunun şahidiyik. Məsələn, danışıq dilində içərisində Allah sözünün olduğu (Allah saxlasın, Allah xoşbəxt etsin, Allah səbr versin, Allah şəfa versin və s.) və digər (vallah, namaz, həcc, rəbbim, imam, surə, oruç, zəkat və s.) dini məzmunlu çoxsaylı söz və ifadələrin tez-tez işlədilməsini buna misal göstərmək olar. Həm də maraqlıdır ki, belə ifadələri dinə inamı olmayan kəslər də işlədir.     

Aparılmış araşdırmalardan məlum olur ki, dillər dinlərin meydana çıxmasında ən vacib vasitədir və hazırda mövcud olan səmavi dinlər dillərin fromalaşmasından sonra meydana gəlmişdir.  Çünki “dinin tərcivi (izahı) içün  dilə ehtiyac vardır”. Filologiya elmləri doktoru, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü  N.Cəfərov “Dinlərin dilləri” adlı məqaləsində yazır: “İlk dinlər, tamamilə təbiidir ki, ilk inkişaf etmiş  dillərin formalaşdığı məkan və  zamanlarda meydana gəlmişdir. Bu isə  o deməkdir ki, müqəddəs metafizik izhar üçün  eyni səviyyədə mükəmməl dil materialı  tələb olunur”. Ərəb dili də öz dövrünün mükəmməl dillərindən biri olduğuna görə “Quran” həmin dildə nazil olmuşdur. İmam Cəfər Sadiqdən “Quran”ın nə üçün ərəb dilində nazil olduğunu soruşanda o demişdi: ”Quran” başqa dilləri bəyan edə bilər, amma başqa dillər onu bəyan edə bilməz”.

  Dillər dinlərin yaranmasında ən önəmli vasitə olmaqla qalmır, həm də onların nəzəri, praktiki, sosioloji və psixoloji məzmununun açıqlanmasında və izharında çox önəmli rol  oynayır. Başqa sözlə, o, dinin anlaşılmasının da ən önəmli vasitəsidir. Müqəddəs “Quran” kəlmələrdən, ifadələrdən, cümlələrdən ibarət deyilmi !? Zikirlər, təkbirlər, təmidlər, tövbə, irşad, azan və s. hamısı dil vasitəsi ilə yerinə yetirilmirmi!? Toplu dini mərasimlərin təşkilində, gedişində və idarə olunmasında dilsiz keçinmək mümkündürmü?! Bu sualların hamısının bir tək cavabı var: xeyr! Deməli, belə demək mümkünsə, din dilə “möhtacdır”.

Dillər dinlərin yaranmasında müstəsna rol oynadığı kimi, dinlər də dillərin inkişafında əhəmiyyətli rola malik olmuşlar. M.Ə.Rəsulzadə yazırdı ki, “Dil bir millətin əsliyətini mühafizə edə bilər. Fəqət çox kərə də din bir millətin dilinin baqi qalmasına və bu münasibətilə milliyyət fikri və amalının inkişafına səbəb oluyor”.

O da bir gerçəkdir ki, dinlər yarandığı dilləri yüksək səviyyəyə ucaltmış, elm və poeziya dilinə çevirmişdir. Məsələn, İslam dininin əsas qaynağı olan “Quran”ın ərəb dilində nazil olması bu dilin Qureyş ləhcəsi əsasında ədəbi dil kimi formalaşmasına, lüğət tərkibinin zənginləşməsinə, elm və poeziya dilinə çevrilməsinə, dünyada sürətlə və geniş yayılmasına, müqəddəs dillər səviyyəsinə yüksəlməklə məhvolma təhlükəsindən birdəfəlik xilas olmasına səbəb olmuşdur.

   Akademik  N.Cəfərov yuxarıda adı çəkilən məqaləsində yazır: “…dini təfəkkürün  təcrübəsindən, yaxud ifadə sınağından bu və ya digər dərəcədə çıxmış dillər, heç şübhə yoxdur ki, dünyanın ən mükəmməl dilləri olmuşdur. Qədim Şumer, hind, yunan, roman (latın), İran, Çin, yəhudi, ərəb, türk, slavyan… dilləri  bəşər övladının Tanrı axtarışlarının doğurduğu təfəkkür  enerjisinin təzahürləri olan elə ilahi ünsiyyət  texnologiyaları (mətnlər) yaratmışdır ki,  intellektual inkişafın bugünkü səviyyəsində belə, böyük heyrət doğurur”. Təsadüfi deyildir ki, söz nəhəngləri (şairlər, yazıcılar və digər mütəfəkkirlər) də məhz belə dilləri öyrənməyə, bu dillərdə yazıb-yaratmağa üstünlük vermişlər.

Onu da qeyd edək ki,  dinimizdə dil ayrı-seçkiliyi yoxdur. Düzdür, metafizik izhar üçün çox sərfəli olan ərəb dili kosmik-ilahi informasiyanın ötürücüsü və ilkin daşıyıcısı kimi şərəfli bir tarixə düşüb.Amma bu ona fövqəladə üstünlük vermir. Ümumiyyətlə, “Quran” heç bir millətin və dilin üstünlüyündən bəhs etmir. “Ərəb dili”, “ərəb”, “ərəbcə” ifadə və sözlərinin olduğu ayələrin də heç birində bu xalqın və bu dilin əlahiddəliyindən söhbət getmir. Sadəcə olaraq, “Quran”ın eniş dilinin ərəbcə olması bildirilir. “ər-Rum” surəsinin 22-ci ayəsində deyilir: “Onun ayələrindəndir göylərlə yerin yaradılışı, dillərinizin, rənglərinizin müxtəlifliyi. Bunda, şəksiz, ayələr var bilənlərə”. Göründüyü kimi, ayə bütün dilləri eyni statusda təqdim edir. Elə təkcə bu ayə ərəb dilinin əlahiddəliyi fikrini təkzib etməyə bəs edir. N.Qasımoğlunun “İslam və millilik” məqaləsində yazdığı kimi, “…milli dil də ayədir, yəni Tanrı dərkinə yön verən işarələrdən, impulslardan sayılmalıdır, ilahi varlığın dəlillərindəndir. Başqa sözlə, bütün milli dillər Tanrı zəmanətində olduğundan müqəddəslik statusuna malikdir”.

  Onu da deyək ki, İslam dini yayıldığı ərazilərdə  heç bir yerli dilin işlənməsini qadağan etməmiş, əksinə bu dilləri öyrənməyə təşviq etmişdir. Dinimiz İslamın digər insanlara çatdırılması üçün xarici dilləri öyrənməyi “kifayi fərz” hesab etmişdir.Şərqşünas-alim, AMEA-nın həqiqi üzvü, Azərbaycanın   Əməkdar elm xadimi V.Məmmədəliyev  “Quran”ın I,II və III nəşrlərinə ön sözdə yazırdı: “Peyğəmbər əleyhissəlam öz sağlığında Allahın hökmlərini, buyruqlarını təbliğ etmək üçün yaxın əshabələrinə əcnəbi dilləri öyrənməyi tovsiyə edirdi. O, Zeyd ibn Sabitə Qurani-Kərimi qeyri-ərəb sami xalqlara anlatmaq, onların arasında yaymaq məqsədilə ibrani və siryani dillərini öyrənməyi buyurmuşdu”. Tarixi faktlar göstərir ki, Allahın elçisi özü siryani dilini bilirmiş və bu dili 17 günə öyrənibmiş. O həmçinin səhabələrinə müraciət edərkən bəzən xarici dillərdə olan (məsələn, o zaman xristian olan həbəşlərin dilində) sözlərdən istifadə edirmiş.

Qaldı ki, ilkin dövrlərdə İslam dininin yayıldığı qeyri-ərəb ölkələrində yerli dillərin işlənmə dairəsinin daralmasına, zənnimizcə, burda İslam dininin birbaşa heç bir günahı yoxdur. Bunun birinci səbəbi “lingua franca”, yəni müxtəlif dillərdə danışan müsəlman xalqlarının bir-biri ilə iqtisadi, siyasi və mədəni əlaqələr yaratmasında ümumi dilin zəruruliyi (hazırkı ingilis dili kimi),  ecazkar ərəb-fars dillərinin yüksək sürətlə öz dövrünün elm və poeziya dilinə çevrilməsi idi. İkincisi səbəbi isə ərəblə, ərəb dili ilə İslamı bərabərləşdirən, ərəb dilinin “Quran”la bağlı olduğunu iddia edib, “toxunulmaz” sayan, iştifadəsini “qanuniləşdirən”, ərəb və fars ədəbiyyatına, dillərinə əsir olub qalan, XIX əsrin ikinci yarısından başlanan və XX əsrin iyirminci illərinədək davam edən əlifba islahatı məsələlərində də eyni mövqeyi sərgiləyən riyakar ruhanilərin, “ərəbbaşların” və səbatsız dövlət başçılarınin movqeyi idi. Vaxtı ilə Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü, şərqşünas M.Kazımbəy özünün“İndiki Hindistanda maarifin yayılmağa başlaması” adlı məqaləsində ərəb əlifbasının (dilinin-İ.V) dini mahiyyət daşıdığını, guya “Quran”la bağlı olduğunu və onun “müqəddəsliyini” əldə bəhanə edənlərə inandırıcı və tutarlı cavablar vermişdi.

Dinlərin mədəni danışığın və ya nitq mədəniyyətinin, dil əxlaqının və ya dil ədəbinin formalaşmasına ciddi təsiri olmuşdur. Buna İslam dininin timsalında bir nümunə təqdim etməklə kifayətlənəcəyik. “Quran”ın “Rəhman” (4), “Zümər” (16-17), “Bəqərə” (83), “əl-İsra” (53,63), “Həcc” (30), “Ənam” (108) və dıgər surələrində danışıq meyarları tanıdılır, danışıq ədəbi öyrədilir. Məsələn, “Bəqərə” surəsində deyilir: “İnsanlarla xoş dillərlə danışın”. “əl-İsra” surəsində  oxuyuruq: “Bəndələrimə de ki, gözəl sözlər söyləsinlər! Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir”. Həcc surəsində isə buyrulur: “Əyri söz(lər)dən uzaq olun”. İmam Əli deyirdi ki, “Kişi öz dilini qorumalıdır. Dil sahibinə qarşı itaətsizdir. Allaha and olsun ki, dilini qorumayan pərhizkar bəndəyə pərhizkarlığının bir xeyir verməsini görmürəm”. Burda dindarlıq və möminliklə dilin əlaqəsindən söhbət gedir. Dindarlıqla dilin əlaqəsi o qədər sıxdır ki, dilini qorumadan mömin olmaq qeyri- mümkündür. Qeyd olunur ki, insan öz danışığında yalan, töhmət, təhqir, qeybət, iftira etməməlidir. Həmçinin dilini jarqon, arqo və vulqar sözlərdən qorumadan mömin dindar olmaq mümkün deyil. Sözün zahiri zərif, batini lətif olmalıdır. “Qabusnamədə” deyildiyi kimi, sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anladasan. Peyğəmbər insanın dilini doğru istifadə etdiyi təqdirdə cənnətə gedəcəyini, əks-təqdirdə isə cəhənnəmə girəcəyini bildirirdi.

İslam dini söz sənəti sayılan ədəbiyyatın inkişafına da güçlü təsir göstərmişdir. Onlar hər ikisi də eyni mənbələrdən qaynaqlanır və eyni motivlərlə formalaşırlar. Belə ki, din və ədəbiyyat birbaşa insanın ruh və mənəvi aləmi ilə əlaqəlidir. Dini hadisə, rəvayət və əfsanələr, “Quran”ın özü və oradaki hekayələr (qasaslar) ədəbiyyata zəngin və geniş material verir. Aparılmış araşdırmalar göstərir ki, XX əsrədək ədəbiyyatımızda “dinə istiqmətlənmiş” bədii əsərlər özünə məxsus yer tutmuşdur. Məsələn, “Quran”dakı Yusif və Züleyxa qissəsi mövzusunda ilk dəfə Əli adlı şairin 1212-ci ildə “Qisseyi-Yusif”, 1367-ci ildə M.Zəririn və XV əsrdə Ə.Təbrizinin “Yusif və Züleyxa” poemaları, 1913-cü ildə Ə.Müznibin “Yusif və Züleyxa” pomanı meydana çıxmışdır. XVI əsrdə böyük M.Füzuli Kərbala vaqiəsinə, İmam Hüseyn müsibətinə həsr olunmuş “Hədiqətüs-süəda”, XX əsrdə H.Cavid Məhəmməd peyğəmbərin həyatından bəhs edən “Peyğəmbər” əsərlərini yazmışlar. Başqa çoxlu nümunələr də söyləmək olar. Ümumiyyətlə, şair və yazıçılarımız  müntəzəm olaraq öz yaradıcılıqlarında İslam dininin izlərindən bəhs edib və fikirlərini “Quran”, dini hadisə, rəvayət və əfsanələr, Peyğəmbərin və İslamda müqəddəs olan digər şəxslərin həyat hekayələri və dini statlarla əsaslandırıblar.

O da məlumdur ki, VII-XII əsrlərdə əslən azərbaycanlı olan İsmayıl ibn Yasar, Musa Şəhəvat, Əbil-Abbas əl-Əma, X.Təbrizi, Eyn əl-Quzat və digər söz ustalarımız ərəb dilində gözəl sənət əsərləri yaratmışlar. Bu ənənə fars dilinin (ərəb dili dıgər dillərə nisbətən daha çox fars dilinə təsir etmişdir) mövqeyi güclənən dövrlərdə də davam etmişdir. Bunu Ə.Xəqani, N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli və digərlərinin yaradıcılığında da görə görürük. Onu da görürük ki, ərəbcə yazmalarına baxmayaraq, onların İslam mədəniyyətinə töhfələri öz milli adət-ənənələrini ərəb (sami) adət-ənənələri ilə deyil, İslam dinində irəli sürülən müddəalarla səsləşdirməsi çərçivəsində olmuşdur.

        Dinlər dillərin lüğət fondunun zənginləşməsinə də güçlü təsir göstərmişdir. Yenə İslamdan nümunə gətirək. İslam dininin yayılmasından və ərəb dilinin elm və poeziya dilinə çevrilməsindən sonra Şərq xalqlarının, o cümlədən türklərin, eləcə də azərbaycanlıların dilinə “Quran” dili olan ərəb dilindən külli miqdarda ərəb sözləri, dini, fəlsəfi, ədəbi və s. terminlər keçmiş, mükəmməl poeziya nümunələri və elmi əsərlər yaranmışdır. Onu da qeyd edək ki, İslama kimi türk tanrıçılığı türklər arasında məhz türkcə zühur etmişdi. Tanrıçılıq o dərəcədə mükəmməl  terminologiya ilə təmsil olunmuşdu ki, İslamı qəbul eləyən türklər İslam dini anlayışlarını ərəbcə deyil, tamamilə türkcə ifadə etmək üçün heç bir çətinliklə qarşılaşmırdılar. (N.Cəfərov) (Araşdırmalar göstərir ki, nə qədər zəngin dil olsa da, ərəb dilində də çoxlu alınmalar mövcuddur. Bu proses hələ cahiliyyə dövründən başlayaraq davam etmişdir. Sonralar bu sözlərin çoxu ərəbləşdirilmişdir. Təsadüfi deyildir ki, ərəb qrammatika elminin banisi,  796-cı ildə vəfat etmiş Sibəveyhi ilk dəfə özünün “əl-Kitab” əsərində ərəb ədəbi dilinə keçən sözlərə aid bölmə həsr etmişdir.)

İslam dini qeyri-ərəb xalqlarında tərcüməçilik sənətinin və tərcümə mədəniyyətinin formalaşmasına da təsirsiz ötüşməmişdir. Bildiyiniz kimi tərcümə təkcə dillərarası ünsiyyət yox, həm də mədəniyyətlərarası ünsiyyətdir. Bu mənada İslam dininə aid ədəbiyyatın dilimizə  çevrilməsi xüsusi önəm daşıyırdı. Bu işlərə çox əvvəldən başlansa da, XI əsrə kimi olan tərcümələr dövrümüzə gəlib çatmamışdır. Tarixdən məlumdur ki, XIV əsrdə Azərbaycan şairi M.Zərir İbn İsaqın Məhəmməd peyğəmbərin həyatından bəhs edən “Surətün-Nəbi” və ərəb tarixçisi Vəqidinin müsəlmanların Suriyanı işğal etməsindən bəhs edən “Fütuhüş-Şam” əsərlərini ərəb dilindən, Məqsudi islamda müqəddəs olan şəxslərin həyatında baş vermiş hadisələrdən bəhs edən “Möcüznamə” əsərini fars dilindən tərcümə etmişdir.

Akademik V.Məmmədəliyev qeyd edir ki, “Quran”nın başqa dillərə tərcüməsi işinə lslamın lap ilk dövrlərində təşəbbüs göstərilmişdi. Onun türk dilinə tərcüməsinin tarixi də çox əvvəllərdən başlanmışdır. Cığatay ləhcəsində olduğu ehtimal edilən ilk belə tərcümə XI əsrə aiddir. “Quran”ın Azərbaycan dilinə tərcüməsinə orta əsrlərdən başlansa da, bunların heç biri əldə deyil. Əldə olan ilk tərcümə və ilk təfsir Bakı qazisi Mir Məhəmməd Kərim ağaya məxsus olan və 1904 və 1906-cı illərdə “Kaspi” qəzetinin Buxariyyə mətbəəsində çap olunmuş “Kəşf əl-həqaiqən nükət əl-ayati və-dəqaiq” əsəridir. Zaqafqaziya şeyxülislamı Mühəmməd Həsən Mövlazadənin 1908-ci ildə Tiflisin “Qeyrət” mətbbəsində çap olunmuş “Kitab əl-bəyan fi təfsir əl-Quran”, 1962-ci ildə M.Həşimzadənin yazdığı dörd cildlik “Təfsiri-Quranil-əzim” və digər tərcümə təfsirləri də diqqəti cəlb edir. “Quran”ın və İslam dininin kamil bilicisi Ə.Fəhminin də bu sahədə az əməyi olmamışdır. Hazırda Azərbaycanda “Quran”ın ən mükəmməl tərcüməsi hələlik akademiklər Z.Bünyadov və V.Məmmədəliyevə aiddir.

        Şübhəsiz ki, heç bir əsərin tərcüməsi orjinalın yerini tuta bilməz, o ki qala müqəddəs “Quran”ın tərcüməsi. Amma müqəddəs “Quran”da deyilənlərin “mənalarını anlamaqla xalqda islamın ruhunu, fikrini anlamaq daha da irəlilər…Bu gün islam aləmində olan zahiri birlik o zaman ruhi və mənəvi birliyə mübəddəl (çevrilmiş) olar”. (M.Ə.Rəsulzadə) Bir də yazar P.Cəbrayılın dediyi kimi, insan Tanrıyla, əlbəttə, ruhunun diliylə danışır…Tanrı diliyox, mənanı, niyyəti qəbul edir.

        Milli dəyərlər sistemində dillərin və dinlərin  rolunu yüksək qiymətləndirən böyük Azərbaycan maarifçisi Həsən bəy Zərdabi yazırdı ki, “Elm təhsil etmək ilə tərəqqi edib irəli gedən vaxtda hər tayfa gərək iki şeyi bərk saxlasın ki, bu şeylərdən birisi dil və birisi də din və məzhəbdir. Elə ki, bunlardan birisi əldən getdi, tayfanın beli sınan kimidir. İkisi də gedəndə qeyri-tayfalara qarışar, mirar ilə yox olar”. Çünki “ümumi bir dil nə qədər dil əhlində ümumi bəzi xislətlər və ideallar tovlid edirsə, ümumi bir dinə malik olmaq dəxi o dərəcədə böyük bir təsir icra edə bilər”.

Dilimizi və dinimizi qorumaq ölkəmizin hər bir vətəndaşının borcudur.  İnsanın öz ana dilinə, öz dininə  bağlılığı və bu ülvi hisslər, müqəddəs  duyğular elmi baxımdan vətəndaşlıq-mənəviyyat məsələsidir.

Ümummilli liderimiz H.Əliyev deyirdi: “Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır”.

Dilimizi, dinimizi və milli ənənələrimizi  yaşatmaq isə mənsub olduğumuz millətin əbədi var olması deməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.