“Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyi yaradılıb

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində həmin ölkədə yaşayan Qərbi azərbaycanlıların təşkilatçılığı və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev açılış nitqi ilə çıxış edərək tarixi faktlarla ermənilərin Qərbi Azərbaycanda əsrlər boyu azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və deportasiya haqqında, eləcə də XIX-XX əsrdə azərbaycanlıların Qafqazın və Qərbi Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni mühitində oynadıqları rol barədə məlumat verib.

İclasın sədri Vidadi Qurbanov yaradılacaq ictimai birliyin rəhbəri və onun müavini vəzifəsinə namizədlərin irəli sürülməsi üçün müraciət edib.

İclas iştirakçıları İsmayıl Məmmədovun təklifi əsasında “Özbəkistanda Yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyininrəhbəri vəzifəsinə əslən Qərbi Azərbaycanın Basarkeçər rayonundan olan İlham Abdullayevin, müavin vəzifəsinə isə Ədalət Qocamanovun namizədliyini dəstəkləyib.

Konfrans iştirakçıları “Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyinin təsis iclasının yekunu olaraq müvafiq təşkilatlara ünvanlanmaq üçün sənədlərin hazırlanmasına dair razılığa gəlib.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.