Nyuton qanunu bilən təcavüzçül, kimyəvi elementləri bilən istismarçı yetişdirmişik - ESSE Featured

Amil Əhmədov, İqtisad Universtitetinin 3-cü kurs tələbəsi, həvəskar yazıçı - “Ədəbiyyat və incəsənət” üçün

 

Emine Bulut (TÜRKİYE), Yelena Zakotnova (RUSİYA), Con Lensi (AMERİKA) 

Adı çəkilənlər xüsusi amansızlıqla qətlə yetirilən minlərlə qadından yalnızca 3-dü.

 

Fərqli ölkələrdə, fərqli adət ənənələrlə, fərqli coğrafiyalarda, fərqli mentalitetlərdə yaşamalarına baxmayaraq bu qadınlar amansızlıqla əkscinsləri tərəfindən qətlə yetiriliblər. 

Bu da qadınlara zorakılığının və təcavüz hadisələrinin lokal, regional və ya tək bir ölkənin xalqına məxsus birşey olmadığını, global problem olduğunu göstərir. Müasirliyin, modernliyin beşiyi sayılan, iqtisadi-sosial baxımdan inkişaf etmiş cəmiyyətlərdə belə qadın istismarı, qadınlara zorakılıq hallarına rast gəlinir, bu da " Azərbaycan müasir deyil, ona görə qadınları öldürüllər, qağaş" deyən neandertalların ağzına uçan tekme vurur.

İndi burda başqa mövzu da nədi, bəzi qadınlar varki sərt kişilərə meyil eliyir. Buna türklər "maço" deyir. Yəni yumruğu stoldan əskik olmayan hər hadisədə “qoruma" refleksi ilə hərəkət edən, qısqanclıqla qarışıq şüuraltındakı narsizmi ilə qızın həyatının hər nöqtəsinə müdaxilə etmək istəyir. Qız da "Erkəyim necə də məni qoruyur və sevirrr ahğğğ" deyir. Evlənir, 2 il keçir, qucağında bir uşaq münasibətin başlarındakı kiçik ayı olan Erkəyi artıq böyüyüb dağ ayısına çevrilib qapıdan çölə qoymur. Gördüyü psixoloji şiddətin üzərinə bir də fiziki şiddətlər başlıyır, ağıllıdısa boşanır, ağıllı deyilsə" Uşağımın xətrinə" deyə absürd bir səbəb göstərərək özünü, ömrünü, gəncliyini, Ona 1 dəfə yaşamaq üçün verilən həyatı bir dağ ayısı ilə keçirir, bəlkə də keçirə bilmir. 

Fiziki şiddətlər bəzən bıçaqlanmalar, qətillərlə bitir. 

Yaxşı, indi bu qız ağılsızdı, amma bu şiddətə şərait yaratmayıb yenə də təcavüzə, istismara məruz qalan qadınlar var. Bunun qarşısın necə alaq, nə edək ki bu olmasın. Hamı qınayır, amma bir çözüm yolu təklif edən yoxdu. İllərdi bu kimi hadisələr olur, hamı qınayır, amma azalmaq əvəzinə arta-arta davam edir. 

Azaltmaq üçün 2 şeyi düzəldməliyik :

1. Cəza sistemini

2. Cəmiyyəti. 

 

1.İndi cəza sistemi deyəndə nəyi nəzərdə tuturam. Bir insan etdiyi bir hərəkətin nəticəsində onu pis vəziyyətə salacaq  birşey olduğunu bilsə, o hərəkəti etməkdən imtina edir. Məsələn, maşınla gedirsiz, ailəniz də maşındadı, qarşıdan Tır gəlir, onun qarşısına çıxsanız bütün ailəniz və Siz öləcəksiniz, bunu bilə-bilə tırın qabağına çıxmarsınız, çünki bunun nəticəsində çəkəcəyiniz vicdani, psixoloji, mənəvi əzab Sizi bu işdən çəkindirər. Yəni qadına zorakılıq və qadına təcavüzün elə bir cəzası olmalıdırki, insanlar bunu etməkdən çəkinsin. Elə bir cəza olmalıdırki, həm insanları bundan çəkindirsin, həm də təcavüzə məruz qalan qadının ürəyi soyusun ki "Aha bu şərəfsiz mənə bunu etdi, amma bunun qarşılığında da bu cəzanı aldı, əccəb oldu" 

Yəni qadının ahı yerdə qalmasın. Mövcud məcəllədə adam qadına şiddət göstərir, məhkəməyə çıxır, vəkili buna gəşəng kostyum geyindirir, qalstuk taxdırır, saxta dəli kağızı aldırır, rüşvətin olduğu ölkələrdə belə olur, yəni Siz görməmisiz, Azərbaycanda yoxdu çünki belə şeylər çox şükür ki. 

 

Nəticə olaraq adam kiçik bir cəza ilə məhkəmədən çıxır gəlir 2 ci, 3cü qurbanını axtarmağa, bu qədər sadə. 

İndi deyəcəksiz, Amil, yaxşı, buna nə cəza versinlərki, ağlı başına gəlsin?

O Cəzalarla bağlı başqa geniş bir yazı yazacam, hələki burda nə etməliyik, onu deyirəm. Yəni Cəza sistemimiz yetərsizdi, nə qatili qətldən çəkindirir, nədə ki, qətlə məruz qalanın ahını yerdən götürür. Buna görə də insanlar rahat şəkildə "1-2 il yatb çıxaram" düşüncəsi ilə qadınları istismar edə bilir. 

 

2. Cəmiyyəti düzəltmək. İndilərdə demək olarki, hər qadının dilindədi “köhnə vaxtın kişiləri qalmıyıb, azalıb, indi kişilər elə olub, belə olub”. Bəli Sizə qatılıram, əvvəlki dövrlərdə yaxşı kişilərin sayı indikinə nisbətən daha çox idi. AXC-ni quran kişilər bu cəmiyyətdən çıxmışdı, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə, Əhməd Cavad, Üzeyir Hacıbəyov kimi dahiləri bu cəmiyyət, bu millət yetişdirmişdi. Böyük insanlar ideologiyası böyük, təxəyyülü böyük, dərk etməsi geniş olan cəmiyyətlərdən çıxır. Əgər biz 100 il geriyə getsək, mədəniyyət, əxlaq, təxəyyül, dərketmə baxımından 1000 il irəliyə gedərik. İnsanlarımızı o günə salıblarki, adamlar oxuduğunu anlaya və nəticə çıxara bilmirlər.

Adam təcavüzçü olub, tamam, bu adam şərəfsizdi, okay bu adam təcavüzçü olana qədər illərlə yaşayır və bunun təcavüzçü kimi formalaşmasında ailənin, təhsilin, ətraf mühitin axrı nəyinsə bir təsiri olub ki, bu adam təcavüzçü olub. Biz bu faktorları, yəni adamın təcavüzçü olmasına səbəbiyyət verə biləcək faktorları minimuma endirməliyik. 

Tanınmış alimlər olduqda qürurla deyirik ki, bu alimi biz yetişdirmişik, biz böyütmüşük, bizim vətəndən çıxıb, əksini fikirləşsək təcavüzçünü, qatili də deməli biz yetişdirə bilməmişik, deməli, biz yaxşı təhsil verə bilməmişik ona, qadına, uşağa, qocaya münasibəti öyrədə bilməmişik. Ona inteqral öyrətmişik, qramatik qaydalar öyrətmişik, amma ən təməl insani keyfiyyətləri öyrətməmişik. Beləliklə cəmiyyətimizə inteqral bilən rüşvətxorlar, nyuton qanunu bilən təcavüzçülər, kimyəvi elementləri bilən istismarçılar yetişdirmişik.

 

1.Deməli, məktəblərdə ilk sinifdən başlayaraq uşaqlara qarşı cinsə necə davranmalı olduqları aşılanmalı və öyrədilməlidi. 

2.Qadınlara şiddətin və istismarın olduğu ailələr müəyyənləşdirməli, şiddətə son qoyulmalıdı. 

3.Həmin ailələrdə böyüyən və şiddəti gözləri ilı görən uşaqlar xüsusi qeydiyyata alınmalı və onlara qayğı göstərilməlidi.

4. Qadınların boşandıqdan sonra işlə təmin edəcək qurumlar yaradılmalıdı həmçinin.

5. Onların psixologiyasının düzəldilməsi ilə bağlı psixoloq heyəti yaradılmaldır ki, həmin psixoloqlar könüllü şəkildə fəaliyyətə cəlb edilsinlər.

6. Problemli şəkildə boşananlar ayrıca xüsusi qeydiyyata alınmalıdı, çünki çox vaxt "kişi" ayrılmaq istəmir, məcbur ayrılanda da qadının həyatına sonrakı dövrdə problem çıxarır

7. Bəlkə də ən önəmlisi qadınların təhsilinə, oxuduqları kitablara, örnək aldıqları insanlara xüsusi diqqət yetirilməlidi. Təhsilsiz tək bir qadın belə olmamalıdı.

8. Televiziya kanallarda yayımlanan seriallarda, filmlərdə, verlişlərdə qadına şiddətin legallaşdırılmasının qarşısı alınmalıdı. 

Daha çox əlavə etmək olar  lakin hələlik bu qədər kifayətdir.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.