Efiopiya prezidenti “ASAN xidmət”də

 

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Selassie "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə,qonaq Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdədir. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış  “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Efiopiya prezidenti “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını və ölkəsinin dövlət qurumları ilə Dövlət Agentliyi arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu bildirib. 

Qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olub.

Xatırladaq ki, cari ilin 14 may tarixində Dövlət Agentliyi ilə Efiopiyanın Dövlət Xidmətləri Komissiyası arasında “ASAN xidmət” konsepsiyasının Efiopiyada tətbiqi istiqamətində əməkdaşlığın həyata keçirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Hazırda memorandumun implementasiyası çərçivəsində işlər aparılır.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.