Adı özündən çox yaşayacaq... Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Rəhmətlik atası- Nadir Zülfüqarov həkim olub. Əvvəllər terapevt, sonra pediatr işləsə də, daha sonra uroloq kimi fəaliyyətini davam etdirib. Sovetlər birliyində həkimlərin sayı az olduğundan, Nadir həkim bir müddət göndərişlə Rostovda işləməli olub. Rostovda yaşadığı dövrdə oğlu dünyaya gəlib və oğlunun iki yaşı olanda Bakıya köçüblər. Bəli, bu dəfə Tofiq Zülfüqarovdan söhbət etmək istəyirəm...

 

“Xarici işlər naziri təyin olunanadək 4 il nazir müavini, həmçinin prezidentin Qarabağ danışıqları üzrə xüsusi nümayəndəsi işləmişəm, ona görə də rəhmətlik Heydər Əliyev məni tanıyırdı. Buna baxmayaraq, sabiq dövlət müşaviri Vəfa Quluzadə mənim təyinatımla bağlı Heydər Əliyevlə söhbət aparanda deyib ki, yaxşı oğlandır, nazir kimi yaxşı işləyəcək, ancaq bir eybi var. Deyib, nə eybi var? Vəfa müəllim də deyib ki, o da naxçıvanlıdır. Heydər Əliyev gülüb, deyib ki, bunu heç yerdə deməyin, onsuz da bizi bu məsələdə əsassız yerə qınayırlar. O vaxtdan mən heç harda haralı olduğumu demirəm...”- söyləyir.

 

Tofiq Zülfüqarov 1959-cu ildə anadan olub. Orta təhsilə 93 saylı orta məktəbdə yiyələnib. Sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Zabit kimi hərbi xidmət keçib, bir müddət komsomol komitəsində çalışıb. Sonra Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəbşünaslıq şöbəsində işləməyə başlayıb. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Politologiya şöbəsində elmi işçi kimi fəaliyyətini davam etdirib. 

Azərbaycan diplomatı, Azərbaycanın keçmiş xarici işlər naziri, Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri olub...

 

Deyir ki:- “Mən məktəbə bir qədər tez – 6 yaşımda getmişdim. Heç 17 yaşım tamam olmamış da bitirdim. Şərqşünaslıq fakültəsinə daxil olmaq o vaxtlar çox çətin idi. Əmim Cümşüd Zülfüqarlı 20 ildən çox universitetin kimya fakültəsində qeyri-üzvi kimya kafedrasının müdiri, həmçinin Elmlər Akademiyasının müxbir üzvü idi. Təbii ki, mənim universitetə qəbulumla bağlı əmimlə rektor arasında müzakirə olunub razılıq alınmışdı. Ancaq əmim mənə şərt qoymuşdu ki, sən bilikli olmalısan və imtahanlardan öz biliyinlə keçməlisən. Onu deyim ki, mən həqiqətən də yaxşı oxuyurdum. Fərqlənmə diplomu almasam da, cəmi 2-3 dördüm var idi, qalanları hamısı beş idi. O vaxtlar şərqşünaslıq fakültəsi çox diqqət altında olan fakültə idi. Deyəsən, bizdə fərqlənmə diplomu alanlar çox idi. Ona görə mənə vermədilər. Ümumiyyətlə, hüquq və şərqşünaslıq fakültələri böyük diqqət altında idi. Hüququ bitirənlər hüquq-mühafizə orqanlarında çalışırdılar, şərqşünaslığı bitirənlər isə bir qayda olaraq, xaricdə işləyirdilər...”

 

Sadə və mehriban adamdır. Necə deyərlər, mətbuata həmişə açıqdır. Ölkənin xarici siyasəti ilə bağlı mücərrəd sualları cavablandırmağı bacarır. Kübarlığı, yüksək mədəniyyəti davranışından bəllidir. Uzun illər dövlət işində çalışsa da adı heç vaxt korrupsiya və qalmaqallarda hallanmayıb…

 

Xoşbəxt adamdır, adı özündən də çox yaşayacaq. Çünki ölkənin xarici işlər naziri işləmiş şəxslərdən biri kimi, onun da adı Azərbaycan Respublikasının siyasi tarixində gələcək nəsillərə təqdim olunacaq...

 

Noyabrın 1-də 65 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.