Kanada mətbuatı ABŞ-ni müttəfiqlərinə qarşı nankorluqda ittiham etdi

Kanada mətbuatı ABŞ-ni müttəfiqlərinə qarşı nankorluqda ittiham etdi – bu barədə “Ədəbiyyat və incəsənət” portalı Diasporla iş üzrə Dövlət Komitəsinə istinadla məlumat verir.

 

Bu, Amerikanın öz müttəfiqinə xəyanət etdiyi ilk hal deyil. Belə ki ABŞ Konqresinin Nümayəndələr palatasından Adam Şiff bu yaxınlarda həmin ölkədəki Azərbaycana məxsus aktivləri hədəfə alan və onları İkinci Qarabağ müharibəsində, eləcə də sonrakı hərbi əməliyyatlarda köçən ermənilərə vermək məqsədi güdən qanun layihəsini Konqresə təqdim edib.

Tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi  və baş direktoru Reyçel Avraham Kanadanın populyar “THEJ.CA” nəşrində işıq üzü görmüş “Amerikanın qərəzli baxışları” sərlövhəli məqalədə Birləşmiş Ştatların İsrailə münasibətdə hazırkı siyasətini qeyri-səmimi, qarşılıqlı etimaddan məhrum kimi dəyərləndirir. Müəllif Azərbaycanın da bu baxımdan layiq olmadığı analoji ədalətsiz münasibətlə üzləşdiyinə diqqət çəkir.          

Onun fikrincə vaxtilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymamış Ermənistanın Qarabağı və Azərbaycanın 7 rayonunu otuz illik işğalı nəticəsində qaçqın vəziyyətinə düşmüş bir milyona yaxın azərbaycanlı üçün analoji kompensasiya paketi təklif etməməsi amerikalı konqresmenin təşəbbüsünün qüsurlarındandır.

Həmçinin qeyd olunub ki, Azərbaycanın Yaxın və Orta Şərqdə dini radikalizm və terrorizmlə mübarizədə Qərbin sadiq müttəfiqi olmasının, Amerika qoşunlarının Əfqanıstandan təhlükəsiz şəkildə çıxmasına kömək etməsinin müqabilində bu qanunvericilik təşəbbüsünün irəli sürülməsi təəccüb və heyrət doğurur.

Müəllifin qənaətinə görə, ABŞ-nin bu cür davranışı əxlaqi baxımdan qınanılmalı hərəkətdir.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.thej.ca/2024/10/17/americas-biased-perceptions/

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.