Londonda "Immortal Champions" döyüş turniri keçirilib

Londonda oktyabrın 27-də kikboksinq üzrə ənənəvi "Immortal Champions" (Ölməz çempionlar) döyüş turniri keçirilib. Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Britaniya Azərbaycanlıları Assosiasiyasının və "Immortal Champions" idman təşkilatının rəhbəri Hafiz Baxşəliyevin təşkilatçılığı ilə baş tutan turnir 8 Noyabr – Zəfər Gününə həsr edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, idman yarışında Konqodan olan Tresor Pupanqa polşalı rəqibi Patrik Czarta qalib gələrək “Immortal Champions”un Britaniya çempionu titulunu qazanıb.

Turnirin əsas diqqət mərkəzində olan döyüşlərdən biri azərbaycanlı idmançı Hüseyn Mustafazadə ilə niderlandlı Coi Klijenburq arasında baş tutub. Hüseyn Mustafazadə yüksək əzmkarlıq göstərərək rəqibinə qalib gəlib və "Immortal Champions"un Avropa çempionu titulunu qazanıb. İdmançımız bu qələbəsini Vətən müharibəsində əldə olunan tarixi zəfərə həsr etdiyini bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.