“Həyat ağlamaq qədər çətindir..." Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

"Həyat ağlamaq qədər çətindir..."  Bəli, bəzən bəzi insanlar üçün ağlamaq eyni ilə yaşadıqları həyat qədər çətin olur. Şairin də dediyi kimi: "Təkcə gücsüzlüyündən yıxılmır atam balası, arada gücündən yıxılır adam."  

 

Bu gün sizlərə məktublarında "Kimsəyə salam söyləməyin", "Hamı yalançıdır"-, yazan, həyatdan nakam və küskün köçən 

Ərtoğrul Cavid haqqında danışmaq istəyirəm.

Şair-dramaturq, filoloq-alim, ədəbiyyatşunas, folklorşunas, musiqişunas, bəstəkar, tərcüməçi, rəssam - ilk dəfə onun haqqında, onun çoxcəhətli fəaliyyəti haqqında oxuyanda çox heyrətlənmişdim. Yuxarıda sadaladığım bu fəaliyyətlər sanki 24 deyil də, 60-70 yaşlı bir insana aiddir elə deyilmi?

Lakin bir çox insanın 60-70 illik ömürdə belə edə bilmədiklərini o, sadəcə 24 illik qısacıq ömrünə sığdıra bilmişdi.

Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olmuşdur.

Tələbə ikən təhsil və mütaliə ilə yanaşı o, çoxlu araşdırmalar aparmış, tərcümələr etmiş, bədii əsərlər yazmış və rəsmlər çəkmişdi.

Xalq artisti Bülbülün rəhbərlik etdiyi xalq musiqisinin tədqiqatı ilə məşğul olan Musiqi Elmi Tədqiqat Kabinetində çalışmış, 50-dən artıq folklor nümunəsinə elmi rəy yazmış, bəzi el sənətkarlarının dilindən çoxlu şeir nümunəsini, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya almış, çoxlu xalq musiqi örnəklərini -  "Dağlarda çiçək”, “Uca dağlar”, “Sona bülbüllər”, “Ceyran bala” kimi məşhur xalq mahnılarını isə nota almışdır. Dünya və rus klassik bəstəkarlarının mətnlərinin tərcüməsini etmişdir. 

Ərtoğrul Cavid həmçinin 200-dən artıq el havasını və xalq mahnısını da toplayıb çapa hazırlayıbmış. Lakin onlar işıq üzü görməyib. Məlum məsələdir ki, xalq düşmənin oğlu olduğu üçün Ərtoğrulun adı çap materiallarından bilərək çıxarılmış, unudulmuşdur. 

O, M.Dilbazinin “Layla”, N.Rəfibəylinin “Eşq olsun” şeirlərinə musiqi bəstələmişdir. 

Ərtoğrulun ilk böyük əsəri fortepiano üçün yazılmış “Doqquz variasiya” olmuşdur ki, bunu da o, müəllimi Üzeyir Hacıbəyova ithaf etmişdi. 

Onun əsərləri içərisində Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Türkmən xalq şairi Kəminənin “Leylanın vəsfi”, Tahir Rasizadənin "Səninlə olaydım" şeirinə yazdığı romanslar da mövcuddur.

Hətta Ərtoğrulun günümüzə qədər gəlib çıxmış 4-5 dəqiqədən ibarət bir səs yazısı da var ki, o bu yazıda "Leylanın vəsfi, sözləri Türkmən xalq şairi Kəminənindir. Musiqisi Ərtoğrul, çalır Ərtoğrul"-, söyləyərək çalmağa başlayır və bu ifasını səs yazma cihazı vasitəsi ilə vala yazır.

 

https://youtu.be/C8o76KMbxFs?si=AjUhvHXtyj3uxIOC

 

Qeyd etdiyim linkə keçid edərək siz həmin səs yazısını dinləyə bilərsiz.

Ərtoğrul məharətini sadəcə musiqidə deyil, rəssamlıq və ədəbiiyyatda da danışdırmış, "Ağlayan uşaq", "Spripkaçı", "Qızılgül", "Mələklər", "Atlı", "Antik heykəl", "Bethoven" adlı rəsm əsərləri çəkmiş, "Eqoistin taleyi" adlı pyes və “Bahar”, “Borjom”, “Gövərçinin naləsi”, “Sönük həyat”, “Dalğa”, “Ay”, “Qalibiyyət nəğməsi”, “İspan qadının dilindən layla”, “Sənsən” kim  bir çox şeir qələmə almışdır.

"Hüseyn Cavid" mükafatı laureatı, tənqidçi, publisist Azər Turanın sözlərinə görə Ərtoğrul Cavid sərbəst şeirin ilk örnəklərini yaratmış, kinossenari və balet librettosu da yazmışdır. 

O, eyni zamanda çox gözəl şahmat da oynayırmış və şahmat oynayarkən partiyalarının belə hamısını qeydə alırmış. 

Ərtoğrul Cavid 1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağırılmış, "Xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən  cərimə (fəhlə) batalyonuna işləməyə göndərilmişdi. Orada ağır işlərdə çalışdırıldığına görə ağciyər xəstəliyinə - vərəmə yoluxan Ərtoğrul Cavid bir müddət xəstəxanada müalicə almışdır.

Hospitalda müalicə aldığı günlərdə sadəcə anası bir dəfə çətinliklə də olsa onun yanına gedə bilir. 

Ərtoğrul bu dövrdə ailəsinə və sevimli müəllimləri Bülbül və Üzeyir bəyə yazdığı məktublarda küskünlük dolu sətirlər qələmə almışdır.

Bu məktublarda o, gəlib onu aparmadıqları üçün qohumlarından şikayətlənir, Üzeyir bəyə yazdığı məktubda anası Mişkinaz xanım və bacısı Turan Caviddən nigaran olduğunu söyləyir. Üzeyir bəydən onları işə düzəltməsini istəyir. 

Bülbülə ünvanladığı məktublardan birinin mətni belədir:

"Hörmətli Bülbül dayı, salamlar. Bir ədib söyləmiş: "Həyat insanlardan da insafsızdır"-, doğrudan da belə imiş. Tale məni elə bir dərdə saldı ki, bütün planlarım, arzularım alt- üst oldu. Qarşıdakı əsas məsələ möhkəm yemək, təmiz hava udmaq  və dincəlməkdir. Bəlkə kiçicik ömrümə bir neçə gün əlavə edə bildim. Vəziyyətim çox da yüngül deyil. Aprel ayının 7-dən başlıyaraq ta 18-nə qədər sinəmdən qan gəldi. Qızdırmam səhərlər 38-dən aşağı enmir. Gecə isə 40-a qədər qalxır. Lazımi davacat və yeməyin olmaması işləri daha da ağırlaşdırır. Son dərəcə zəifəm, yerimdə otura bilmirəm. Doktur yazmağa yol vermir, məktubu gizli uzandığım halda yazıram. Vəziyyətin bu qədər ağırlığına baxmayaraq gizli bir mənbə daima mənə qüvvət verir. Məni yaşadan bu qüvvə sarsılmaz iradə və möhkəm inamdır. Mən öz məqsədimə, idealıma çatacam, bu musiqidir. Anam salamat gəlib çatdı, Üzeyir bəyin sizin və konservatoriyanın mənə yardım elədiklərini söyləyincə gözlərim yaşardı. Demək, mən xatirələrdə yaşayıram. Yardımınıza görə çoxlu-çoxlu təşəkkürlər edirəm. Sağlıq olsun, heç bir yaxşılıq əvəzsiz qalmır. Mənim indiki planım Naxçıvana getməkdir. Orda hər şey var, nənəmlə qonşu kəndlərə gedəcəyəm. Əgər səhhətim imkan versə kabineti maraqlandıran materiallar toplayacam. Yanımda xeyli not və yazı kağızı var. Artıq yazacaq bir şey yoxdur. Eliyə bilsəz cavab yazın. Yardımınıza görə yenə dönə-dönə təşəkkür edirəm. Məndən hamıya kabinetin əməkdaşlarına müəllimlərinə, xatırlayanların hamısına salamlar, əllərinizi sıxıram. Sizin Ərtoğrul Cavid." 26 aprel 1943-cü il.  

 

Bacısı Turan Cavidə göndərdiyi məktublarda isə o, belə yazırdı:

"Əziz bacım Turan... Məni ən çox düşündürən səni əhatə edən mühitdir - yoldaşların, sənin xarakter inkişafındır. Hər addımda çox ehtiyatlı ol, hamı yalançıdır. Qardaşın Ərtoğrull"  

 

"Turan!.. Çalış familəmizin saflığını, ucalığını qoru. Möhkəm ol - qırıl, lakin əyilmə: yaxşı olar ki, çalış kimsə yaxın durmasın. Mümkün qədər kənar, ciddi, soyuqqanlı. Ərtoğrul"  

 

"Qohumlarımdan məktub almadığım üçün məni heç yerə buraxmırlar, deyirlər yalan söyləyirsən, qohumun olsa, yanına gələr, heç olmasa məktub yazar. Doğru da deyirlər... Nə olacağını özüm də bilmirəm. Bir adam dalımca gəlsəydi, dərhal buraxardılar, təəssüf ki, heç cavab da yazmırlar".  

 

"Əgər Naxçıvandakılar vaxtında yemək yardımı göstərsəydi, çoxdan ayağa qalxmışdım".  

 

"Əgər bir qohum mənim buraxılmağımı, daha doğrusu, komissiyadan keçməmi tələb etsəydi, günlərlə burada qalsaydı, əlləşsəydi, düzələrdi. Eyb etməz, özüm düzəldərəm".  

 

"Kimsəyə salam söyləməyin..." 

 

Tərxis olunmağı bir müddət ləngidilən Ərtoğrul Cavid 1943-cü ilin sentyabrında, nəhayət  ordudan tərxis edilib Əziz Şərifin vasitəçiliyi ilə Naxçıvana gətirilir.

Gənc dahi 14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat etmişdir və  Hüseyn Cavidin Naxçıvandakı  məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirləri ilə yan-yana  dəfn olunmuşdur.

Məktublarında "Kimsəyə salam söyləməyin", "Hamı yalançıdır"-, yazan həyatdan nakam və küskün köçən  Ərtoğrulun gördüyü bir çox işlər, yazdığı əlyazmalar təəssüfki yarım qalmışdır. 

Lakin o sadəcə tələbəlik dövründə belə musiqi, ədəbiyyat və rəssamlıq sahəsində yaratdığı bir çox gözəl əsərlər və qısa olsa da şərəfli və nümunəvi həyat yolu ilə daim bu xalqın gənclərinə örnək olacaqdır. 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2010-cu il tarixli  112s saylı sərəncamı ilə Ərtoğrul Cavidin Hüseyn Cavidin Bakı şəhərindəki Ev Muzeyində saxlanan elmi tədqiqatlarından və fundamental araşdırmalarından ibarət olan materialları toplanaraq qeyd edək ki, Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid adı altında 13 cilldə nəşr olunmuşdur.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.