“Həyat əslində riyaziyyat deyil, ədəbiyyatdır. Əgər riyaziyyat olsaydı, hamı eyni düsturla xoşbəxt olardı”, deyir Gülnarə Nasir.
“Ədəbiyyat və incəsənət” Habil Yaşarın həm yazar, həm pedaqoq Gülnarə Nasirlə müsahibəsini təqdim edir.
-Gülnarə xanım, siz riyaziyyat müəllimi olmaqla yanaşı, həmçinin, ədəbiyyatla yaşayan birisiniz. Gözəl şeirlərinizlə oxucuların könlünü oxşayır, onları düşündürürsünüz. Bu iki sahə həyatınızda hansı önəmi daşımaqdadır?
-Öncəliklə verdiyiniz dəyər üçün minnətdaram, Habil bəy. Düşünürəm ki, bu iki sahə arasında fərq bir o qədər də çox deyil, biri digərində özünü ehtiva edir. Ədəbiyyatı mənə ən çox yaxınlaşdıran insanın hiss və duyğularına daha yaxın olmasıdır. Özümüzə hansı peşəni seçməyimizdən asılı olmayaraq ədəbiyyat insana özünü dərk etməyə kömək edir və həyatda yaxşı yaşaması üçün ona bələdçi olur, insanlara özünü başqasının yerinə qoymağı öyrədir, daha sağlam düşüncəli insanların cəmiyyətini formalaşdırır. Yüksək mənəvi keyfiyyətlərə malik olmaq üçün insan daima özünü təkmilləşdirməli, mənfi və müsbət cəhətlərini müəyyənləşdirməli, mənfiləri isə tərk etməlidir. Həyatda mənfi və müsbəti, xeyir və şəri bir-birindən ayırmaq üçün ən mükəmməl köməkçi vasitə ədəbiyyatdır. Riyaziyyat isə həyatda mənə daha çox intizamlı, məsuliyyətli, təmkinli, məntiqli olmağı, hər şeyə ağlın gözü ilə baxmağı, hər şeydə var olan dəqiqliyi və incəliyi görməyi, mənə çətin görünən, ağır gələn bəzi problemlərin əslində bir o qədər də çətin olmadığını və daha sadə və asan üsullarla öhdəsindən gəlməyi aşılayıb.
Həyat əslində riyaziyyat deyil, ədəbiyyatdır. Əgər riyaziyyat olsaydı, hamı eyni düsturla xoşbəxt olardı. Deyəsən həyat daha çox ədəbiyyatdır, ömür də öz hekayəni yazmaq üçün sənə verilən beş-on vərəqdir. Oxucularıma tövsiyyə edərdim ki, o vərəqləri özgələrin düsturları ilə korlamasınlar.
-Valideynlərinizin yazıçı kimi fəaliyyətinizə münasibəti necədir?
-Valideynlərimin yazıçılıq qabiliyyətimə olan münasibəti çox normaldır, hər zaman da layiqli bir şəkildə dəyərləndiriblər. Hətta üz tutduğum, yeridiyim bu yolları olduqca gözəl və təqdirəlayiq hal hesab etdikləri üçün hər zaman mənə arxa-dayaqdırlar.
-Yazarkən çətinlikləriniz olurmu? Əgər olursa nələrdən ibarətdir?
-Çox dərinə enmək, sanballı ədəbiyyat ortaya qoymaq istəyirəm. Bu istəklə əlaqəli bir şey deyil, hiss edirəm ki, bu mənim içimdədir, ortaya çıxmaq istəyir. Bu qızmar günəşin altında dondurma yeməyi arzulamaq kimi bir şeydir, heç kim səni məcbur etmir, sən öz arzunla onu dadmaq istəyirsən. Yazmaq da belədir, amma sıradan, bayağı bir şeylər yazmaq istəmirəm və məncə, insan yaratdığı şeyin möhtəşəm olduğuna hər zaman özü qərar verə bilməz, bir gün minlərlə insan ayaq üstə məni alqılşlayan zaman bəlkə də nə isə möhtəşəm bir şey yaratdığıma inana bilərəm. Bir neçə aydır ki, ədəbiyyatdan bir qədər uzaqlaşmışam. Səbəb, çünki əgər bir insan mükəmməl işləri həyata keçirmək istəyirsə ilk öncə maddi rifaha nail olmalıdır. İstədiyim qədər yaxşı yaza bilmirəm, çünki tarixə keçəcək sətirləri yazmaq üçün istedaddan əlavə minlərlə kitab oxunmalıdır. Bəlkə gələcəkdə heç kimə ədəbiyyat lazım olmadı, amma mən yenə də, nə zamansa dünyanın ən gözəl şah əsərlərindən birini yazacam. Necə deyərlər, general olmaq istəməyən əsgər ola bilməz. Düşünürəm ki, yaza bilmənin cəzası düşünə bilmənin verdiyi əzabdır.
-İnsanlara daha çox nələr nümunə göstərilməlidir?
-Kütlə üçün olan heç bir şey sənət əsəri deyil, sənət min illərdir saraylarda, məktəblərdə və məbədlərdə yaşadı, şahlar, sultanlar, krallar və varlı aristokratlar sənətə dəstək oldu. Sadə və cahil kütlə nadir hallarda əsl sənəti anlaya bilər, onlar çox zaman sənəti və sənətçini cəmiyyətdən sıxışdırıb çıxartmaqla və təhqir etməklə məşğuldur. Bunu kitabxanaların nə qədər az, restoranların isə nə qədər çox olduğu ilə anlaya bilərsiniz. Müasir dövrümüzdə çəkilən və milyonlarla dəyəri olan əksər filmlər sadəcə zibildir, heç bir mənəvi və sənətsal dəyəri yoxdur, yalnız pul qazanmaq məqsədilə çəkilir.
-Oxuduğunuz ilk kitab hansıdır?
-İlk oxuduğum kitablar nağıl kitabları olub. "Vətən qürbətdə qaldı", "Allah yıxan evi qızlar tikər". Şifahi xalq ədəbiyyatı nümunələrini çox sevirəm.
-Sizcə, müəllifin həyatında sosial medianın rolu nədir?
-Olduqca geniş və maraqlı mövzudur, Habil bəy. Ancaq münasibətimi qısa və lakonik cümlələrlə ifadə etməyə çalışacam. Məncə, məsələ sadəcə sosial media deyil, məsələ həm də yalnızlıqdır. Sosial media yalnız olan insanların başını çox qatır. Bu isə onları gerçək həyatdan qopardır. Bir yazıçını gerçək həyata bağlayan şeylər varsa sosial media onun üçün daha böyük üstünlükdür, çünki gerçək həyatını sosial mediaya daşıyıb daha böyük məşhurluq əldə edə bilər. Məsələn, əyləndiyi məkanları, gəzdiyi yerləri, sevdiyi insanlarla olan xatirələri paylaşa bilər və bununla daha böyük məşhurluq qazana bilər. Şəxsən söhbət məndən gedirsə mənə görə insanların fikrini bilmək daha da motivasiya olur, etiraf edim ki, hələ tərif yazılanda, bəyəniləndə daha yaxşı yazmaq, daha çox oxumaq və inkişaf etmək istəyirəm.
-Daha çox tarixi məkanları sevirsiniz, ya müasir?
-Tarixi çox sevdiyim üçün tarix qoxan yerləri, tarixi interyerləri ziyarət etməyi çox sevirəm.
-Gələcək planlarınız haqda məlumat verə bilərsinizmi?
-Planlaşdırmanı sevmirəm. Qələmi ədəbiyyatın fərqli janrlarında da sınamağı düşünürəm. İnşallah ilk kitabımı da nəşr etdirmək niyyətindəyəm.
“Ədəbiyyat və incəsənət”
(11.10.2024)