Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
“Susmuş vicdanların ayaq səsi”
Yazıb-yazıb sildiyim sözlər var bayaqdan. Uzun-uzadı düşünürəm. Axı nə idi onların günahı?
İki qız boğazları kəsilərək, bağırsaqları çıxarılaraq öldürüldü. Tələbə gəlinlə körpəsi qətlə yetirildi. Cavan və hicablı gəlin əri tərəfindən yarıçılpaq vəziyyətdə 8-ci mərtəbədən atıldı. Gənc qız platonik sevdalısı tərəfindən güllələndi. İki yaş yarımlıq körpənin bədənində təcavüz izləri aşkarlandı. Məktəb yaşı çatan qız uşağı anası və əmisinin gizli münasibətinə şahid olduğu üçün yandırıldı.
Saydıqlarım son üç ayda sadəcə Azərbaycan və Türkiyə daxilində baş verən və sosial mediada görünən qadın-uşaq cinayətləridir. İndi o öldürülən qadınlara, gənc qızlara necə əxlaqsızca fahişə damğası vurulduğundan xəbəriniz varmı? Neçə qadının öz həmcinsinin ölümünü kişiliyin zəfəri kimi, göz dağı verərcəsinə öz qızına, gəlininə danışdığını bilirikmi? Hələ də çıxmadığımız o mental qəliblərdən xəbərdarsınızmı? Bəs o körpələrin günahı nə idi? Niyə o körpənin məzarına gəlinlik qoyuldu ki? Axı o da yaşıdları kimi məktəbə getməli idi. Necə oldu axı iki yaşında olan körpəyə cinsəl istismar ediləcək qədər tamah salındı? Deyək ki, gəlinlər pozğunluq edib xəyanət etmişdi deyə öldürüldü, deyək ki, gənc qızlar tərbiyəsiz idi (ki, bu belə deyil və hər kəs həqiqətin fərqindədir), o körpələrin günahı nə idi?
Mən bunları 21 yaşında həm oxuyub, həm işləyən, evdən səhər 7-də çıxıb gecə 11-də qayıdan bir gənc qız kimi yazıram. Məndəmi qorxmalıyam? Bir gün mənə də nəsə edərlər, sevgilim olsa, mənim bədənimi necə doğrayacaq deyə fantaziya qurar? Ərim "oxumaq istəyirəm, işləmək istəyirəm" deyə boğazımı kəsər, yoxsa balkondan aşağı atar? Küçədə möhkəm gülsəm, özümü utanmalıyam? Rəfiqələrimlə birlikdə əylənsəm, nə bilim, bir az dar və ya açıq geyinsəm, təcavüzkarlar haqlı olarmı? Yəni, həqiqətənmi bu sadaladıqlarım insan canına qıymağa səbəb və hətta haqqdır?
Hər il minlərlə gənc "qardaş dövlət" deyib Türkiyəyə təhsil almağa gedir, öz rayonlarımızda neçə gənc ata-anasının isti yuvasından çıxıb Bakıya təhsil almağa gəlir ki, cəmiyyətdə müstəqil fərd olaraq özlərini formalaşdırmağı, həyatı təkbaşına yaşamağı, gələcəyin savadlı və bacarıqlı kolleqası olmağı öyrənsin. Və bir gün onlardan birinin, ikisinin, üçünün, beşinin, mininin evinə ölüm xəbərləri, soyuq cəsədləri gəlir. Anaları "kaş güllələnərdi, bu qədər canı yanmazdı gül qoxulumun" deyib fəryad edərkən, atalarının qəlbinə övlad dağı çəkilir. Budurmu ədalət? Budurmu haqq və vicdan? Deyin mənə, haradadır insanlıq və kişilik?
Mənim içimdəki bu nifrət, bu qəzəb əsla sönməyəcək. Hər qoparılan cana öz başıma gəlmiş kimi can yandıracağam və hər dəfə o pedofillərə, qatil, sosyopat manyaklara haqq qazandırmaq üçün qadının, qızın o vaxt küçədə nə işinin olduğunu, oxumağı, ər sözündən çıxmağı günah bəlli edən, həmcinsini aşağılayaraq kişilərin gözünə mələk görünməyə çalışan, öz oğlunu kişi edə bilməyən qadınlara kin qusmağa davam edəcəyəm.
Çox istərdim ki, bu dəfə solan güllərdən yazmayım. Bu dəfə də başlığım şiddət və cinayət olmasın. Qadınlar öldürülməsin, gənc qızlar axşam dərsdən, işdən evə qayıdanda qorxu və təlaş içində olmasın, təcavüzə uğrayanlara məhkəmə zallarında "əynində nə var idi?" sualı verilməsin.
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)