Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Beynəlxalq şou proqramları ilə məşhur olan “Fantaziya” sirki 8 oktyabradək Şəkidə uşaqları sevindirəcək. Oktyabrın 4-də açılış edən sirkdə janqlyorlar, akrobatlar, illüzionistlərlə yanaşı, kiçik heyvanlarla hazırlanmış nömrələr də uşaqların marağına səbəb olmaqdadır.
Sirkin təşkilatçısı Ruslan Abbasov “Ədəbiyyat və İncəsənət” portalına müsahibəsində “Fantaziya”nın tarixindən də danışıb:
-1985-ci ildən fəaliyyət göstəririk. Müxtəlif ölkələrdə fəaliyyətimiz olub: İsraildə, Amerikada, Rusiyada, Ukraynada, Belorusiyada, Macarıstanda, Hindistanda... 2007-ci ildən bu yana isə Azərbaycanda fəaliyyət göstəririk. Konkret proqramımız yoxdur. Çünki hər dəfə sirk ustaları dəyişilir. Məsələn, indi Şəkiyə gələn sirk ustaları Ukraynadan, Rusiyadan, Tacikistandan və Tatarıstandandırlar. Əsasən, Bakıda fəaliyyət göstəririk. Amma bilirik ki, bölgələrdəki uşaqların Bakıya gəlmək, sirkə baxmaq imkanı çox azdır. Ona görə də, biz bölgələrə səfər edir, uşaqların görüşünə gəlirik. Uzun illər ərzində proqramımızda dəyişməyən yeganə nömrə “Azərbaycan odları” olub. Xarici ölkələrin əksəriyyətində həmin nömrəni nümayiş etdirmişik. Olduqca da rəğbətlə qarşılanıb. Hətta 1985-ci ildə Türkiyədə biz “Azərbaycan odları” ilə çıxış etmişik.
Çoxuşaqlı ailələr üçün biletin qiymətində endirim edildiyini, 1 biletlə uşağa da, valideynə də sirkə baxmaq şansın tanındığını deyən Ruslan Abbasov onu da əlavə etdi ki, uşaq evlərində, “SOS” uşaq kəndlərində böyüyən, reabilitasiya mərkəzlərində müalicə alan uşaqlar üçün də sirk pulsuz nümayiş olunur.
Qeyd edək ki, “Fantaziya” sirki Şəkidən sonra Zaqatala, Balakən, Qax, Qəbələ və Oğuza da gedəcək.
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)