“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Famil Həsənzadə
Famil Həsənzadə 1994-cü il martın 22-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Famil Həsənzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Famil Həsənzadə noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Həsənzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Həsənzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruh içində ruh igid,
Can içində can oğul,
Səni salamlayıram,
İgid, qəhrəman oğul.
Şəhidlik zirvəlikdə,
Dağlara tən olurmuş.
Torpağa qan damanda,
Torpaq vətən olurmuş.
Şəhidlər də vətən tək,
Müqəddəsdir, əzizdir.
Şəhid qanı və ruhu,
Səma kimi təmizdir.
Təmizliyin, paklığın,
Sağın, solun mübarək.
Beyləqandan Şuşaya,
Zəfər yolun mübarək.
Bu vətən sən adlıdır,
Sən də vətən adlısan.
Füzuli, Zəngilansan,
Cəbrayıl, Qubadlısan.
Əbədisən bu xalqa,
Ocaq kimi, pir kimi.
42 gün döyüşdün,
Gizir komandir kimi.
Düşməndən təmizlədin,
Neçə rayon, dağ, kəndi.
Tanrıya çatdığın yer, -
Şuşanın Sığnaq kəndi.
Adına tarix üstə,
Fərmanlar yazılacaq.
Sənin tək oğullara,
Dastanlar yazılacaq.
Yazılacaq vətənin,
Ürəyinə hər şəhid,
Səni salamlayıram,
Qələbə, zəfər şəhid.
“Ədəbiyyat və incəsənət”
(02.10.2024)