Sadıq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün
Hamıya məlumdur ki, Azərbaycan elmi keçid dövründədir. Elmdə islahatlar aparılır və ictimaiyyət buna dəstək verməli, elmin, alimlərin yanında olmalıdır.
İslahatların ilk mərhələsi kimi təbiət və dəqiq elm sahələri ilə məşğul olan institutları AMEA -dan ayrıb Elm və Təhsil nazirliyinin tabeliyinə verdilər, bunun nə qədər düzgün addım olduğunu zaman göstərəcək.
Burada çox diqqətli olmaq lazımdır, əgər bu gediş effekt verməsə təcili başqa tədbirlər görülməlidir. Çox gözləmək, vaxt itirmək olmaz.
Dünya elmi sürətlə inişaf edir. Biz təcürəbələr keçə- keçə Biləcərini keçmək əvəzinə, Qobustana gedib çıxa bilərik.
Bu saat real vəziyyət budur ki, ümumən elmdə xaotiklik var.
Yaşlı, görkəmli alimlərin yerini doldurmaq olmur, elmi məktəblər məhv olur.
Professor dünyasını dəyişir, yerinə adam tapıb şöbə müdiri qoymaq olmur.
Maaşların azlığı istedadlı alimləri elmdən itələyir, harada maaş çoxdursa vaakum kimi alimləri elm sahəsindən sorub aparır.
Elmi tədqiqat institularında gender problemi ciddidir, verilən maaş ailənin əsas qazanc gətirəni kimi kişilərin bu sahəyə gəlməsinin qarşısını alır.
Bir az kəskin deyim, məktəblərimiz kimi elmi tədqiqat institutlarının da əksəriyyəti " Qızlar pansionatına" çevrilir.
Düzdür müxtəlif elm sahələrində çox iatedadlı, zəhmətkeş xanım alimlərimiz də vardır. Ancaq elmi institutlar başdan- başa xanım əməkdaşlardan ibarət olmamalıdır. İndiki hal maaş azlığının yaratdığı anormallığın bir spektiridir .
Problemlər çoxdur, İNŞALLAH zaman- zaman həll olunar. Ancaq sürətli olmaq lazımdır, biz müharibəni sürətlə udduq. İstənilən problemin həllində sürət başlıca rol oynayır. Yatıb- yatıb iki ildən bir dərman atmaqla xəstə sağalmadığı kimi, hərdən bir qərarla da elmdəki problemləri həll etmək olmayacaq.
On ildir namizədliyə görə 60 m verilir. Bu yaxınlarda ezamiyyət pulunu artırdılar, ekspedisiya pulu isə hələ də günə 30 manatdır. 30 manata heç yerdə otel yoxdur, yol pulu, ərazini gəzmək üçün maşın pulu, yeməkpulu, bunlar hələ ki, havadandır.
Bu cür problemlər, çətinliklər və xaos şəraitində rahat yerdə oturub, alimləri, elmi tədqiqat institutlarını, onların rəhbərliyini qınamaq, alimlər nə edir, AMEA nə işlə məşğuldur demək ən azı cahillikdir, ədalətsizlikdir.
Belə insanları elmi institutların illik hesabatlarına dəvət etmək lazımdır, görsünlər ki, bu şəraitdə nələr edirlər. Necə öz maaşlarından kəsib məqalələr çıxardırlar.
Konkret bizim Botanika İnstitutu əməkdaşları "Qırmızı kitabın" yeni variantını yazıbdırlar, "Qarabağın florası və bitkiliyi" kitabının üzərində işləyirlər. Bunlar bilirsiz nə qədər çətin işdir? Yüzlərlə bitki növünün yerini müəyyən etmək, bioloji xüsusiyyətlərini işləmək böyük zəhmət tələb edir. COP29 la, digər məsələlərlə bağlı neçə konfrans keçirilib, İşğaldan azad edilmiş ərazilərə və digər rayonlarımıza elmi ekspedisiyalara gediblər. Xarici elmi bazalrda onlarla məqalə yerləşdiriblər.
Digər institutlar da yəqin ki, öz sahələrində bu kimi fədakarlıqla işləyiblər.
AMEA- da qalan institutlar da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
Qıraqdan durub mənasız fikirlər söyləmək, elmlə heç bir əlaqəsi olmadan ittihamlar etmək heç kəsə başıucalığı gətirməz.
Alimlərimiz müasir dövrümüzdən gələcək Azərbaycanımıza işıq salan nur mənbələridir.
Həm də öz- özündən yanan nur mənbələri.
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)