Fazil Mustafa Elçin İsgəndərzadəni təbrik edib

 

Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Əməkdar müəllimi, Fəxri mədəniyyət işçisi, tanınmış şair-publisist, tərcüməçi Prof.Dr. Elçin İsgəndərzadəni 60 illik yubileyi ilə bağlı təbrik edib. 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, təbrik məktubunda yubilyarın çoxşaxəli ədəbi, elmi, ictimai fəaliyyətinin ən ümdə məqamları vurğulanıb:

“Hörmətli Elçin müəllim,

Sizi 60 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, ədəbi, elmi və ictimai fəaliyyətinizdə yeni uğurlar diləyirəm!

Çox şadam ki, bu ilki yubileyinizi əziz Şuşanın, işğala uğramış digər şəhər və kəndlərimizin düşmən tapdağından qurtuluşunun, oralara insanlığın, mədəniyyətin qayıdışının sevinci, qüruru içində keçirirsiniz! - Bir şuşalı, bir azərbaycanlı və bir yaradıcı insan olaraq, bunun sizinçün necə böyük anlam daşıdığını yaxşı bilirik. “Ölsəm, Şuşa torpağını tökün gözümə, gözümə” poetik tapşırmanız, Şuşa, Qarabağ ünvanlı şeirləriniz, poemalarınız Azərbaycanla yanaşı, qardaş Türkiyədə, KKTC-də, digər qardaş ellərdə ədəbi ictimaiyyətə yaxşı məlumdur. Siz poeziya, ədəbiyyat festivallarında, yaxın-uzaq ölkələrə çoxsaylı səfərlərinizdə, görüşlərinizdə həmişə Azərbaycan həqiqətlərindən söz açmış, torapaqlarımızın qurtuluşuna inamınızı itirməmisiniz. Budur, Siz artıq Zəfərdən yazır, Zəfəri danışır, Şuşayla zəfərsonrası  görüşünüzün təəssüratlarını bölüşürsünüz - bu, öz xalqına, dövlətinə, haqqın incəlsə də, üzülməməsinə dərin inamın təntənəsidir.

Siz onlarla gənc istedadın xeyirxahı olmuş, onlara kömək göstərmiş, kitablarını nəşr etmisiniz.

Sizin qurduğunuz “Vektor”un, sayəsində çoxsaylı ədəbi-mədəni bağlar yaranıb, kitablar gün üzü görüb, eləcə də, müsabiqələr keçirilib, ödüllər verilib. Özünüz də çoxsaylı yerli və xarici ödüllər qazanmısınız.

Şeirləriniz bir çox xarici dilə çevrilib, kitablarınız neçə-neçə ölkədə yayınlanıb. Həmçinin, Sizin sayənizdə neçə şairin şeirləri doğma dilimizə çevrilib.

Siz ictimai, yaradıcı fəaliyyətinizi davam və inkişaf etdirməklə yanaşı, hal-hazırda Azərbaycan Milli Aerokosmik Agentliyi, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru kimi önəmli vəzifə daşıyırsınız. 

Sizi 60 illik yubileyinizlə bağlı bir daha təbrik edir, yeni uğurlar diləyirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.