“İSTİSU”NUN HƏDSİZ FAYDALARI - işğaldan əvvəl “İstisu” sanatoriyasında işləmiş Şahin Cəfərov danışır Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”

 

Son günlər mətbuatda və ictimaiyyətdə hər kəsin 30 ildir ki, həsrətlə gözlədiyi bir məlumat sürətlə yayılır və müzakirə olunur. 

 

Belə ki artıq Kəlbəcərin "İstisu"su qablaşdırılaraq bölgələrimizdə satışa çıxarılıb, hər kəs çox həvəslə alıb içir, bir-birinə hədiyyə edir. Hətta insanlar arasında  xoş zarafat da yaranıb. 

Müştəri marketdə daxil olub deyir ki, sizdə "İstisu" var? 

Satıcı: Xeyr, bizdəki sular hamısı soyuducudadır. 

Bu suyun tərkibi minerallarla o qədər zəngindir ki, müvafiq olaraq onun faydaları da çoxdur. Gəlin bunlara diqqət eləyək və mütəxəssislərin fikirləri ilə tanış olaq. 

 

Faydaları və istifadə qaydaları:

İstisu mineral suyu onun unikal tərkibi və faydalı xüsusiyyətləri ilə tanınan bir təbii mineral sudur. Bu suyun istifadə sahələri genişdir və sağlamlıq üçün müxtəlif üstünlükləri mövcuddur.

İstisu dəridəki qabıqlanmalar, qızartılar və allergik reaksiyalar zamanı faydalıdır. Eyni zamanda, səpkilərin quruyub daha tez sağalmasına kömək edir. Bu suyun tərkibindəki minerallar, qan dövranını yaxşılaşdırır və yaşlılıqdan qaynaqlanan əzələ və oynaq ağrılarının azaldılmasına kömək edir.

İstisu mineral suyu tərkibindəki mineralların miqdarına görə gündəlik istifadədə istifadə qaydalarına əməl edilməklə qəbul edilməlidir. 

 

Mütəxəssis Məhsəti Hüseynova qeyd edir ki, gün ərzində çox miqdarda, yəni bir və ya iki fincandan artıq İstisu içmək tövsiyə edilmir. Çünki, bu suyun həddindən artıq istifadəsi böyrək problemlərinə, mədə turşuluğunun artmasına və mədə yanmasına səbəb ola bilər. Xüsusilə xroniki xəstəlikləri, öd və böyrək daşları olan şəxslərin daha ehtiyatlı olması vacibdir.

 

İşğaldan öncə Kəlbəcərdə “İstisu” sanatoriyasında həkim işləmiş Şahin Cəfərov deyir ki, bu müalicəvi suyu əsasən mədə, öd, qaraciyər, mədəaltı vəz, bağırsaq, böyrək problemlərində içirlər. Xəstəlikdən asılı olaraq su 15,21, bəzən isə 30 günədək içilə bilər. Onu daimi hər gün uzun müddət içmək məsləhət deyil.

Mədə turşuluğu yüksəkdirsə, yeməkdən 30 dəqiqə əvvəl 200-250 qr. içmək məsləhətdir. Əgər insanda mədə turşuluğu aşağıdırsa, bu zaman yeməkdən 10 dəqiqə əvvəl içilməsi kifayətdir. Mədədə qıcqırma, yanma halları olarsa yeməkdən 40-45 dəqiqə sonra da yarım stəkan içmək olar. Əgər insandakı problem qaraciyər, öd, mədəaltı vəz, bağırsaqlarla bağlıdırsa, yeməkdən yarım saat öncə içmək məsləhətdir. Böyrək problemlərində də həmçinin 30-40 dəq. yeməkdən öncə içilsə yaxşı olar.

Şahin doktor deyir ki, “İstisu” içilən kimi fayda verməyə bilər. Onun orqanizmə təsiri 20 gün, bəzən bir ay sonra müşahidə edilir. Yəni, içərkən dərhal dəyişiklik görməsəniz, narahat olmayın, müalicəvi sxemlə içməyə davam edin, faydasını sonra mütləq görəcəksiniz. 

Doktor izah edir ki, qaydaya görə “İstisu”nun qazı emal zamanı xüsusi qaydada çıxarılır və qablaşdırılarkən onun içinə vurulur. Biz mağazadan onu alıb içəndə öncə qazının çıxmasını gözləsək yaxşı olar. Və xüsusi bir məqam da budur ki, “İstisu” ilıq halda içilməlidir.

Şüşənin üstünə yazılıb ki, ağzı açıldıqdan sonra 0+6 dərəcədə saxlanmalıdır. Deməli soyuducuya qoysaq, öncədən çıxarıb ilıqlanmasını gözləməliyik, sonra içməliyik. 

Şahin doktor məsləhət görür ki, müalicəvi sxemlə (15,21,30 gün) “İstisu”yu içdikdən sonra bir qədər ara verin. Uzun müddət davamlı içməyin. Amma arada bir qonaqlıqda, məclislərdə süfrədə qoyulubsa içə bilərsiniz. Hər gün 3 dəfə rejimini uzun müddət etmək olmaz.

 

Təbii istisu və  qazlı suların müqayisəsi:

İstisu təbii qaz tərkibinə görə orqanizm tərəfindən yaxşı qəbul olunur. Bununla yanaşı, o, sənaye üsulu ilə hazırlanan qazlı sularla qarışdırılmamalıdır. Sənaye üsulu ilə hazırlanan qazlı suların qazı daha sərt və ağızda xoşagəlməz dad yarada bilər. İstisu isə yumşaq bir dad və rahatlıq təmin edir.

 

Son olaraq, "İstisu" mineral suyu təbii və müalicəvi xüsusiyyətləri ilə sağlamlığınızı dəstəkləyir, lakin istifadə qaydalarına riayət edərək, müsbət təsirlərindən maksimum yararlanmaq, həkim tövsiyələrinə qulaq asmaq lazımdır.

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.