Neçə şəhid övladı dünən ilk dəfə məktəbə getdi… Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

16 sentyabr - Bu gün neçə körpə birinci sinifə başladı, ilk dərs zəngi çalındı,  uşaqların səs-küyü zəng səsi qarışıq məktəblərə doldu. Neçə tələbə universtitetə ilk qədəmlərini qoydu. Min bir əzablarla övlad böyüdən analar sevincdən dolan gözlərlə fəxrlə övladlarını təhsil ocaqlarına ötürdülər. 

Mən də dünən qardaşımı gətirdim məktəbə..

İçimdə həyəcan qarışıq duyğular qaynayırdı.

Milli qəhrəmanımız Polad Həşimovun adını daşıyan Sumqayıt şəhər 28 saylı tam orta məktəb öz birincilərini də, on birincilərini də donuq təbəssümlə qəbul edirdi.

Bu gün bu məktəbdə neçə şəhid övladı var saya bilmədim.

Neçə məzun şəhid var, bilmədim.

Hələ neçə son sinif şagirdi dərsdən qaçıb səngərə atılacaq, bilmirəm, bilmirik.

Məktəblə təzə salamlaşan birincilərə onu öyrətdi müəllimləri - onu - Polad Həşimovu! 

O qəhrəman idi dedilər.

O general olmuşdu.

Orduya yön verir, əsgərlərlə çiyin-çiyinə vuruşub elə səngərdəcə çörək kəsirdi.

Elə orda da şəhadətə ucaldı.

O, qızının univetstitetə daxil olmağını görə bilmədi.

Neçə-neçə ata qızlarının əlindən tutub məktəbə apara bilmədi. 

Bəlkə bu il ali məktəbə daxil olan neçə gənc qaçıb atasının məzarına sarıldı, hönkürüb "ata sənin arzunu reallaşdırdım, amma o universtitet qapısından sənsiz girdim" deyə için-için ağlayıb. 

Sözlər hissləri ifadə etməyə aciz.

Ürəklər yaralı, gözlər yaşlı.

Başın sağ olsun Vətən.

Bizlər bir ölüb min dirilərik, amma gedənlər geri gəlməz.

Əlimizdən gələn dualara sığınmaq, dayanmadan maariflənmək, tariximizi, soy-kökükmüzü unutmamaq və unutdurmamaqdır..

Ümid edirəm, bu ilin birincilərinə “Tutu topu tut" yerinə yaşadığımız torpaqlarda kimlərin Vətən yolunda candan keçdiklərini, təhsilin milləti bu bataqlıqdan çıxaran yeganə çıxış yolu olduğunu başa salıb, məktəbi zindan kimi yox, onların bizə əmanəti kimi tanıdarlar.

Ümid edirəm ki…

Çingiz, Polad, Albert, Mehdi, Xudayar, Mübariz gənclərin necə milli ruhda böyüdüyünü, Vətənə sahib çıxıb onların yollarıyla getdiklərini görüb cənnətdə qürurlanacaqlar! 

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.