Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Tanrının kitablarında sənə əmanət etdiyi, sənin küçə ortasında öldürdüyün…
Gəlin yenə "FEMİNİST" olaraq öz pafoslu çıxışımı edim.
Qınamaq, tənqid etmək, qarşı gəlmək, hətta, nifrət etmək də sizin seçminizdir, oxuduqlarınızı düzgün qəbul edib düşüncələrinizdə, ifadə və davranışlarınızda lazımi dəyişiklik etmək də həmçinin.
Mən yoruldum artıq eyni sözləri dəfələrlə fərqli formalarda yazmaqdan, düşüncələrimi ifadə etməkdən, cəmiyyətdə düzəlməyəcək olan bu problemlərdən.
Bir qadın, övladının gözü önündə həyat yoldaşı tərəfindən öldürülür.
Hə, həyat yoldaşı tərəfindən~pis və ya yaxşı hər gün bir-birlərinin yanında olacağına söz verdiyi, yeməyini, çayını, təmiz geyimini belə özü təmin edə biıməyən, qarşısına 15 dəqiqə çay gec gələndə deyinən, onun spermasına həyat verib üstəlik doqquz ay qarnında daşıyıb, nə zülümlə dünyaya gətirib sonra yenə min bir əziyyətlə yetişdirdiyi övladının gözü qarşısında öldürüldü.
Bir vərəqdə bir ömür yola çıxacağına imza atarkən hardan bilə-bilərdi ki, imzaladığı ölüm fərmanıdır?
Yox, əslində mən səhv düşünürəm. Mən hələ uşağam, mənim belə şeylərdən danışacaq yaşım deyil axı.
Yəqin kişi haqlıdır.
Yəqin qadın fahişə idi.
Yəqin o içki içəndə ərini döyürdü.
Yəqin o siqaretdən bezib nəşə çəkirdi.
Yəqin o evdə ərini bəyənməyib başqası ilə gəzirdi.
Yəqin o, uşaqlar xəstələnəndə,dərsləri zəif olanda ərini günahlandırırdı.
Həə, elə məhz bunlara görə haqlı idi əri.
Yaşamaq yaraşmaz ona.
Ölüm hökmü verilməli, edam fərmanı imzalanmalıdır..
Bizə isə söz demək düşməz, axı bizlər mental kodları beynimizə çip olaraq taxmış, millətin ailə işinə qarışmayan, öz halında, əsli müsəlman dini İslam olan, eyni zamanda məhəllədə semiçka çırtlayıb Firəngiz xalanın qızını oğlanla görəndə, Adil kişinin nəvəsini gödək deyinmiş görəndə indiki cavanların pozulduğunu şiddətlə qınayıb, şiddəti qınaya bilməyən aciz bəndələr idik.
Nə deyim, vallah.
"Öldürülməyə layiq idiee, qaqa"
"Məsləhətdi qız deyil demişdim dəə, sizə"
"Allah bilir nə yuvanın quşu olub"
Özünüz bilirsiz də, yaxşı at özünə qamçı vurdurmaz"…
“Ədəbiyyat və incəsənət”
(16.09.2024)