YAZIÇI VƏ CƏMİYYƏT - Yunus Oğuz, “Lazımsızlıq sindromu” Featured

“Ədəbiyyat və incəsənət” portalı Yazıçı və cəmiyyət rubrikasında Yunus Oğuzun “Lazımsızlıq sindromu” məqaləsini təqdim edir. 

 

Cəmiyyət  fərdlərdən  ibarətdir. Fərdlər cəmiyyətdə lazımsızlığını anlayanda faciə başlanır. Əslində bu ən böyük faciədir! 

Ən böyük tənhalıqdır! 

Kimisi intihar edir, kimisi əl-qolunu sallayıb laqeydcəsinə yaşayır. 

Kimisi yenə də lazımlılığını göstərmək üçün cinayətlərə əl atır. 

Kimisi bütün bunları unutmaq üçün narkotik qəbul edir, içkiyə qurşanır. Kimlərsə də özünü dini təriqətlərdə axtarmağa başlayır və fərd kimi əriyir. Bu zaman o ancaq imamına, mollasına lazım olur. Fətva verildikdə onu düşünmədən həyata keçirməyə çalışır. Cahillik və xurafat da belə yaranır. Yenə də apatiya! Bununla da cəmiyyətin  deqradasiyası başlayır. 

Yaxşı ki, hələ də  mental hisslərimiz qalır, yəni övlad böyütmək, oxutmaq, toylarını etmək, nəvə-nəticə görmək tam silinib getməyib. Bu da lazımlılığın təsəllisidir. 

Ya da çoxları özlərini cəmiyyətə elə  göstərirlər ki, guya cəmiyyətə doğrudan da lazımdırlar. Başını qaldırıb gözlərinin içinə  baxanda anlayırsan ki, özü də bunu başa düşür, amma üzə vurmur. O ömrünü beləcə başa vurur. Təəccüblüdür ki, bunu bəziləri heç başa düşmürlər. Belə cəmiyyətlərdə yaltaqlıq, yalan danışmaq, mədhiyyə  demək, rüşvətxorluq, satqınlıq, xainlik, qohumbazlıq, maliyyə dostluğu lazımlılığın  ən yüksək pilləsi olur.  

Beləcə lazımsızlığın sindromu yaranır.

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.