İxtisası biz seçirik, yoxsa valideynlərimiz? Featured

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” (Naxçıvan)

 

Bu gün ictimai həyatda qarşılaşdığımız ən aktual və ürəkdağlayan situasiyalardan biri də universitetlərə ixtisas seçimidir. Hər kəsin arzusu universitet oxumaq, tələbə adını qazanmaqdır. Çox rast gəldiyimiz məqamlardan biri də “Əşi nə olur olsun, övladım Universitetə qəbul olsun” faktorudur. Lakin bəzi valideynlər düşünmürlər ki, ixtisas seçimi çox vacibdir. Hara gəldi qəbul olmaqla nailiyyət əldə olunmaz. 

 

Yaponiyada uşaq bağçanı bitirərkən bağçadan uşaq haqqında arayış verilir ki, sizin uşağınızda bu qabiliyyətlər aşkarlandı. Bəs biz öz uşaqlarımızdakı qabiliyyətləri aşkarlaya bilirikmi? İxtisas seçimi abituriyentin karyerasının formalaşmasında ən zəruri məqamdır. Çox vaxt müşahidə edirik ki, abituriyentin topladığı bal hansı ixtisasa düşürsə uyğunluq dərəcəsini yoxlamadan seçim edir. Təki ali təhsil alım. Bəzən isə bunun tam əksi baş verir.   Abituriyent yüksək bal toplamasına baxmayaaq, özü yox, valideynləri seçim edir. Uşaq xaricdə və yaxud paytaxt universitetlərinin birin də oxumaq istəsə də, təəssüflər olsun ki, bu arzusu gerçəkləşmir. Onun əvəzinə valideynləri canfəşanlıq edərək universitet seçir, ixtisas seçir, bununla da övladlarının gələcək müqəddəratını özləri həll edir. Özləri xəyal etdiyi, lakin yiyələnə bilmədiyi və yaxud uğur qazandığı peşəni övladı üçün seçir. Əvvəl ailədə qızın fikri alınmadan adaxlı düşən adama verildiyi kimi, indi də uşağın fikri alınmadan ona ixtisas və universitet seçilir. Əminəm ki çoxumuzun ən yaralı yeridir bu mövzu. Elə düşünürük ki, bu addımı atdıqda övladımız böyük nailiyyətlər əldə edəcək. Lakin çox zaman bu nailiyyətin kökündə böyük bir uğursuzluq durur. 

 

Övladlarınızla dostluq edin

 

Xatırlayırsınızsa “Dədə Qorqud” filmində Qazan xan oğlu Turalı danlayır, onu ov ovlamamaqda, quş quşlamamaqda, baş kəsib, qan töküb, ad çıxarmamaqda igidlərdən geri qaldığını deyir. Atasının qınaqlarından şikayətlənən Tural da ona belə bir şəraitin yaradılmamasını dilə gətirir. Oğlunun sözlərindən təsirlənən Qazan xan ətrafdakılardan soruşur: “İgidlər, Tural düzmü söylədi?” Ətrafdakılar da bir ağızdan Turalın həqiqəti dediyini təsdiqləyirlər. Bundan nəticə çıxaran Qazan xan oğluna münasibəti dəyişir və ondakı müsbət xüsusiyyətləri görməyə başlayır. İndi biz də gərək Qazan xan, ya da Tural olaq? El qınağı eşitdikdən sonramı qərarlarımızı bir daha götür-qoy edək?

İnsanın öz övladı ilə dostluq etməsi ən böyük imtiyazdır. Bu münasibətlər o qədər doğma və səmimi olmalıdır ki, onlar dost kimi danışmalı, dost kimi bölüşməlidirlər. Bir çox sahələr kimi, ixtisasseçimində də valideyn-övlad münasibətlərində qarşılıqlı anlaşma çox mühümdür. Ailənizdə böyüyən uşaqların hansı peşəyə və sahəyə marağı varsa, fəaliyyət istiqaməti nəyə yönəlibsə onu dəstəkləyin ki, getdiyi sahədə uğur qazansın. Onlara “qonşunun uşağı”nı misal çəkməyin, özləri ilə müqayisə edin. Sağlam rəqabətə yönəldin. Bu günün mənzərəsinə dünəndən baxmayın. Çalışın onların gözü ilə baxın həyata. Texnologiya, süni intellekt o qədər sürətlə inkişaf edir ki, bir nəsil digərinə bənzəmir, anlamır və anlamaq da  istəmir. Hər birimiz istəyirik ki, övladımız həkim, iqtisadçı, politoloq olsun. Gəlin səmimi etiraf edək ki, artıq yeni çağ bu ixtisaslarla ayaqlaşmır. İxtisas seçimi edərkən mütləq mütəxəssisdən kömək alın. Əziz valideyinlər! İxtisası siz yox, imkan verin övladınız seçsin!!!

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.