“Atam haqqında xatırələr” – BƏXTİYAR NƏCƏFOV Featured

“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün  Fizika elmləri doktoru, professor  Bəxtiyar NƏCƏFOVun “Atam haqqında xatirələr” yazısı təqdim ediləcək.

 

 

Bu yazı məşəqqətli, mürəkkəb, ağır, faciəli, fədakar bir  ömür, həyat yolu keçərək, Qərbi Azərbaycanın (indiki Ermənistanın) Sisyan rayonu Ağudi kəndində doğulmuş, böyümüş, yaşamış, fizika-riyaziyyat, həndəsə, astronomiya fənləri üzrə Əməkdar müəllim olmuş Ağaqulu Bəxtiyar oğlu Nəcəfova həsr edilmişdir.

Ağaqulu Nəcəfovun kimliyini tam dəqiq, dürüst, aşkar və   hamıya aydın olunmuş şəkildə yazmaq, sadalamaq, qələmə almaq üçün bu şəxsiyyətlə yoldaşlıq etmək lazım idi. Çünki əsl həqiqət o zaman daha aydın və aşkar müəyyənləşə bilərdi. Təbii ki, həyatda, dünyada, kainatın kiçik bir hissəsi olan Yer kürəsində müxtəlif –yüksək amallara, məqsədlərə qulluq edən siyasi, ictimai, dövlət xadimləri, alimlər, müəllimlər, mütəfəkkirlər və digər peşə sahibləri olmuşdur. Bunların hər biri öz xarakterik xüsusiyyətlərinə görə fərqlənmiş, qiymətləndirilmiş, tarixdə müəyyən bir iz qoyaraq bu dünyadan köçüb getmişlər. Məhz insanların yaranmasında əhəmiyyətli xarakterik xüsusiyyətlərdən biri də onun özündən sonra, yəni həyatdan köçəndən sonra qoymuş olduğu bir izdir və ya gördüyü işlərin bəhrəsidir.

Həyatda insanların qoymuş olduğu bu iz, miras, dəyərlər məzmunca eyni olsa da, onların forması fərqlidir. Yəni müəllimin, siyasətçinin, hər hansı bir mütəxəssisin, hətta alimin gördüyü iş bu və ya digər şəkildə fərqlənir. Lakin bütün bunların dəyərini gələcək nəsillər verir, qiymətləndirir və qiymətləndirəcəkdir də...

İnsan həyatının mənası, əhəmiyyəti, qiyməti, onun yaşadığı dövrdə yaratdığı, qoyduğu hər hansı bir işin son nəticəsindən ibarətdir. Hətta kimsə həyatda bir hekayə, nağıl, şeir, elmi kəşf, tikinti obyektləri, istehsal üçün avadanlıq, kənd təsərrüfatının təkmilləşməsində texnika yaradıbsa və yaxud da müəllimdirsə, özündən sonra gözəl mütəxəssislər yetişdirib gedirsə, bunu onun, yəni həmin şəxsin əməyinin məhsulu hesab etmək olar və bu belədir. Daha doğrusu, özündən sonra, yəni dünyadan köçdükdən sonra qoyduğu bir izi insanın yaşadığı dövdə onun kimliyini xarakterizə edən amillərdən, göstəricilərdən biri hesab etmək olar. Xoşbəxt insan o insana demək olar ki, ölümündən sonra cəmiyyətə hər hansı bir miras qoyub gedə bilir. Elə bu baxımdan da söhbətimiz  tarixi şəxsiyyətlərdən biri, başı bəlalı Zəngəzur mahalının Sisyan rayonu Ağudi kəndində yaşamış, həyatını müqəddəs müəllim peşəsinə bağlamış, eyni zamanda bütün sənətlərə yiyələnmiş, hərtərəfli biliyə malik olmuş Ağaqulu Nəcəfov haqqındadır. Məhz əvvəldə qeyd etdiyimiz kimi, tarixi şəxsiyyət ona görə yazdıq ki, həqiqətdə bu insan hərtərəfli, geniş biliyə malik olan, olduqca vətəninə, torpağına bağlı bir insan olub.

Onu da qeyd etmək vacibdir ki, bu yazı Ağaqulu Nəcəfovun tarixdə bir etalon olmasından xəbər verir. O etalon ki, acınacaqlı həyat yaşamış bu insan, bu dünyaya qaçqın kimi gəlib, qaçqın adı ilə haqq dünyasına qovuşmuşdur.

Yaşadığı həyat tərzi, trayektoriyası acınacaqlı olan və sonda vətən həsrəti ürəyində gedən bu kimi insanları sayla tanımaq olar...

77 illik ömrünün 45 ilini Zəngəzur mahalının Ağudi və Vağudi kəndləri arasında 5 km-lik məsafəni hər gün piyada gedib-gələrək əmək fəaliyyətini başa vurmuşdu.

Bir anlıq bu fikrə diqqət yetirmək lazımdır "hər gün piyada gedib-gəlmək"... Hansı şəraitdə? Qarlı, yağışlı, çovğunlu, şaxtalı, günəşli, qızmar yaz və yay aylarında... Bu şəraitdə işləmək qeyri-adi  insanlara şamil edilə bilər və bu şəraitdə işləməyə qeyri-adi  insanlar dözüm göstərə bilərlər.

Ailədə atam mənimlə həmişə fikrlərini bölüşərdi. Həm də daha dəqiq desək, xaraktercə ailədə ona ən çox oxşayan mən olduğum üçün onun yoldaşlığı mənimlə daha çox olmuşdur. Digər tərəfdən onun haqqında kifayət qədər məlumatım olsa da, bu, heç də onun haqqında olan məlumatların hamısı deyildir. Çünki yaşadıqca, kənar şəxslərin onun haqqında dediklərini eşitdikcə, elə hesab edirdim ki, onun haqqında, deyəsən,elə də çox məlumatım yoxdur. Mən bu yazını yazan zaman onun həmkarlarının əksəriyyəti bu həyatdan köçmüşdülər. Ona görə də istənilən məlumatları burada ixtisarla yazmağa məcbur oldum. Ən əsası odur ki, onun yetişdirdiyi məlum regiondan olan elm adamları da artıq həyatda yox idilər. Ona görə də mən bu yazını yazanda çox vaxt keçdi. Çünki material əldə etmək çətinliklər yaratdı. Hətta onu da qeyd edim ki, onun yetişdirdiyi şagirdlərdən, hansı ki, artıq elmin müxtəlif mərhələlərinə çatmışdılar – onlardan bir çoxu artıq yataq xəstələri olduğu üçün materialları toplaya bilmədim. Sonradan anladım ki, bir gün yetişəcəkdir ki, mən də həyatda olmayacağam. Bəs onda bu yazını kim yazacaq?Elə buna görə də bu yazının yazılmasına məhz tarixi faktlar və zərurət səbəb oldu... Məhz həmin zərurət olduqca bir təbii zərurət idi. Təəssürat elə yazılmalı idi ki, məhz uca Zəngəzurun və onun yetişdirmiş olduğu şəxsiyyətlərin adlarına layiq olsun...

Bir anlıq təsəvvür edin: doğulandan ölənədək qaçqınlıq həyatı yaşamaq... Bəli, ermənilər məhz 150 ildir ki, bizi və xalqımızı vətənindən qovub və əvəzində özlərinə "tarixi saxta" vətən yaradırlar...

Məsələ burasındadır ki, Ağaqulu müəllim mənə ermənilərin Zəngəzurda etdikləri vəhşiliklər haqqında danışardı. Hətta onun I sinifdə müəllimi olmuş erməni Dro (Türkiyədən Ermənistana köçüb gəlmiş) atamı mütəmadi olaraq əsassız yerə döyərmiş, çünki onun yaxşı oxuyan uşaq olması, həm də digər uşaqlardan fərqlənməsi məhz onu narahat edirmiş. Ona görə də atam kəndi tərk edərək I-IV sinifləri Dağlıq Qarabağın Şuşa şəhərində oxumaq məcburiyyətində qalmışdı. Təsəvvür edin, Zəngəzurdan (Sisyandan) Şuşaya heç bir minik olmadığı halda gəlib orada oxumaq nə deməkdir? Özü də hər gün təkbaşına dağlar, təpələr, təhlükələr keçərək...

Onu da qeyd etməyi özümə borc bilirəm ki, mənim fizika ixtisasını seçməyimin əsas səbəbi atam olmuşdur. Belə ki, onun elm sahəsində yeniliklər, ixtiralar etmək həvəsi olduğu halda, ona bu qismət olmamışdır. Səbəbini gələcəkdə qeyd edəcəyəm. Lakin mənə vəsiyyət edərək demişdir ki, əgər mənə hörmət edirsənsə, mənə qulaq asarsansa, sənə ürəyimdə bir deyiləsi arzum var. Həmin arzu mənim sənət yolumu davam etdirərək yüksək elmi rütbə almağa nail olmağındır. Hazırda mən müasir fizika sahəsində ən aktual sahələrdən olan kiçik ölçülü obyektlər (nano ölçülü obyektlər) üzrə elmlər doktoruyam. Eyni zamanda atamın vəsiyyətini yerinə yetirərək fizikanın digər sahələrində də dünya mətbuatında elmi məqalələr, tezislərlə çıxış etməkdə davam edirəm. Məhz gördüyüm və etdiyim yenilikləri dünya elmi mərkəzləri qiymətləndirərək məni Rusiyanın və Beynəlxalq elmi mərkəzlərin akademiki seçmişlər. Rusiyanın Təbiətşünaslıq Akademiyası tərəfindən rus və dünya elmində etdiyim yenilikləri nəzərə alaraq "Rusiyanın əməkdar elm və təhsil xadimi" diplomu ilə təltif olunmuşam. Burada zəhmət və əziyyəti özüm çəkmiş olsam da, bütün nailiyyətlərim  atam Ağaqulu müəllimlə bağlıdır və ona borcluyam.

Atamın şəxsiyyət olmasını sübut edən bir çox amillər vardır. Onlardan biri də vətənini heç bir halda tərk etməmək idi. Ölüm, amma vətənimdə ölüm. Vətəndən qaçmaq olmaz. Onun vətəni tərk etməsinə səbəb mən olmuşam. Hələ də bu məsələ məni düşündürür. Bəlkə, səhv etdim? Mənə deyirdi ki, səbəbkar sən oldun. Mən isə onun arzusunu yerinə yetirmək məqsədilə Ermənistanın ovaxtki rəhbərliyinə, BMT-yə, İsveçdə yerləşən Haaqa konqresinə müraciətlər etdim ki, vətənimizə qayıtmaqda yardımçı olsunlar. Ermənistan höküməti gəlib yenidən orada yaşamağa müsbət cavab verdi. Ancaq bunun üçün mexanizm olmadığından məsələ həll olunmamış qaldı. Ağaqulu müəllim beynəlxalq təşkilatların bu səviyyədə ədalətsiz olacağına inanmırdı. Çünki onun yaşadığı dövrdə Yer kürəsində özbaşınalıq, ədalətsizlik olacağına inanmırdı. Həmişə hansısa bir siyasi qurum baş verən hadisələrə öz müsbət mövqeyini qətiyyətlə birdirirdi. Lakin hazırki dünya siyasətində riyakarlıq, özbaşınalıq, yalançı "siyasətçilərin" peyda olması beynəlxalq hüququn mövcud olmadığını bir daha təsdiqlədi.

Atam deyərdi ki, biz "Qızılbaşlar tayfası" Zəngəzura məkunlaşmağa İranın Ərdəbil şəhərindən gəlmişik. Orada da İran-fars rejimi bizim tayfanı narahat etmiş və onlar Zəngəzurun yaşamaq üçün sakit bir ərazi olduğunu nəzərə alıb hissə-hissə köçərək Qarakilsə (indiki Sisyan) ərazisində məskunlaşmışlar. Həmin vaxtlar Qarakilsədə heç bir erməni ailəsinin yaşamasından belə söhbət gedə bilməzdi. Təsəvvür edin, XV əsrdə farslar, XX əsrin axırlarında ermənilər bizim tayfanı elindən, obasından, yurdundan didərgin salıblar.

Bu faktları yazmaqda əsas məqsəd odur ki, bizim tayfamız, el-oba, xalqımız bilməlidir ki, tarixən bizim başımıza hansı faciələr gətirilmişdir. Bütün bunlar yaddan çıxarılmamalıdır. Əsasən ona görə ki, əgər tarix yaddaşlardan silinirsə, o zaman növbəti fəlakətlər baş verməsi ehtimal olunur. Ona görə də bu faktlar gələcək nəsillərə olduğu kimi ötürülməlidir...

Bu yazı təkcə atam Ağaqulu Nəcəfova həsr edilməyib. Burada əsas məqsəd həm də Ağudi kəndi haqqında və onun timsalında Qərbi Azərbaycanda (Zəngəzurda) baş verən faciələr, yer adları, tarixi hadisələr və s.  Kimi faktları fərqli formada tarixin yaddaşına yazmaqdır. Çünki bu gün yazılan hər bir fakt, hadisə tarixin yaddaşında qala bilər. Əks təqdirdə ən təhlükəli hadisə, yəni faktların itirilməsi, yuxarıda qeyd edildiyi kimi, növbəti faciələrə yol açır. Bütün bunlar ona görə lazımdır ki, əgər biz bu faktları qeyd edərək oxucuları tanış etsək, gələcəkdə itkilərimizin, faciələrimizin qismən də olsa, qarşısını ala bilərik. Qohumları, el-obanı, tayfanı, xalqı, milləti dəqiq, düzgün araşdırmaq  Allah-taala qarşısında, tarix qarşısında bir vətəndaşlıq borcudur.

Ağudidə  olan yurd yerləri, nəsil, tayfa, bitki, hər nə varsa,  çalışmışam onlar haqqında məlumat verim. Çünki vaxt ötür, zaman keçir, insanlar, onların xarakterləri dəyişir – bir sözlə, həyata yeni nəsil gəlir. Elə ona görə də insanların təzələnməsi yaddaşların tədricən silinməsinə gətirib çıxarır. Buna görə də qədim yurdumuz olan Zəngəzur və oradaki Ağudi kəndi haqqında məlumatları, faktları yazmaq mənim, eləcə də bu kənddə yaşamış və ya bu kənddə ulu babaları yaşamış vətəndaşların, bu yerləri tərk etmək məcburiyyətində qalmış insanların müqəddəs borcu hesab edilməlidir. Çünki bu yerlərdə bir neçə nəsil Ağudinin əzizləri, qohumları, yaxınları bu torpaqlarda uyuyur və onların ruhları burada onları gözləyir. Məgər bunu unutmaq olar?..

Digər tərəfdən o yerlərə qayıtmaq, düşməndən qisasımızı almaq üçün bu yerlərin hər bir qarışını, daşını, dərəsini, təpəsini, iqlimini, relyefini, nəsil-şəcərəsini kifayət qədər bilmək və gələcək nəsillərə ötürməklə biz düşmənə qələbə çala bilərik. Hamı anlamalıdır ki, bizim düşmənimiz olan farslar, ermənilər, hətta ruslara cavabımızı verməliyik. Çünki onlar tarixən bizim hər birimizə, həm də bütövlükdə Azərbaycan xalqına misli görünməmiş faciələr yaşatmış, zülmlər etmiş.Hətta işgəncələrdən belə çəkinməmişlər... Bütün bunları unutmaq olarmı?...

Atam dünyasını məhz "vətən" deyə-deyə dəyişdi. Əgər o, vətəndə qalmış olsa idi, mən bu yazını yazanda sağ olmalı idi, nəinki dünyasını dəyişmiş...

Onun təxminən 50-60 il ömrünün qısalmasına qaçqınlıq həyatı səbəb olmuşdur. Kiçik xatirələrdən biridə  budur ki,  1987-ci ildə oktyabr ayının  dördündə aspiranturanı  yenicə  başa  vurub  Ağdüyə   valideynlərimlə  görüşməyə, meyvə yığmağa    dincəlməyə  getmişdim... Oktyabr ayının  dördündə səhərə  yaxın  faciəli təbiət hadisəsi  baş  verdi...

Güclü  şimşək  çaxdı,  tufan  başladı,  dolu  yağdı... Ardınca  hava  sakitləşdi,  qar  yağmağa  başladı... Yağan qar  meyvələri   ağaclarla  birlikdə  sındıraraq  yerə tökdü... Təbii ki,  valideynlərim  özünü  itirmişdi... Çünki  fəslin bu  vaxtında  belə  qar  yağmamışdı... Ağaclar həmin  ili  çox  məhsuldar olmuşdu... Sanki  bu  hadisə  yaxın  dövr  ərzində  bu  yerlərə  faciə  gələcəyini  xəbər  verirdi... Vahiməli  bir  gecə  idi... Meyvələrin  bir  hissəsini  qarın altından  donmamış  çıxardıq... Amma  çox  hissəsin  şaxta   aparmışdı... Beləliklə də,  həmin  il  axırıncı  meyvə  yığımı  oldu... Kənddə  qaçqınlıq  günləri  başladı... Əhali  mənfur  düşmənlər  tərəfindən  didərgin salındı... Kənd  əhalisi  mövcud  vəziyyətin  sonda   pis  nəticəsini  hiss  edərək  bu  kənddən  Azərbaycanın indiki ərazisinə  köç etmək məcburiyyətində  qaldı... Belə ki,  1988-ci ildə kənd  əhalisi   öz  məhsulunu  yığmamış  kəndi tərk etdi... Zəngəzurda, Ağudi  kəndində  bər-bəzəkli bir  bağ  var  idi. Bu bağı  atam  Ağaqulu  Nəcəfov  salmışdı... Rəhmətlik atam  bu  dərdə  heç vaxt  dözə  bilməzdi... Çünki o elə  bir  bağ  salmışdı ki,  onu  erməniyə  qoymaq  mümkün olan iş  deyildi... Elə  ona  görə də  atam  tikdiyi  evin, əkdiyi  meyvə  bağlarının, doğulduğu  kəndin  bulaqlarının,  kövşənin,  dağların,  çayların   erməniyə  qalmasına  dözə  bilmədi. 1991-ci ildə  İnfarktdan  dünyasını  dəyişdi...

1987-ci  ildə  mən  kəndə  gedəndə  atamın ilk  sualı  mənə  bu oldu ki, Bakıda  vəziyyət necədir?.. Ondan soruşdum ki,  nəyi  bilmək istəyirsiniz?... O,  siyasi vəziyyəti  nəzərdə tutduğunu dedi... Ağaqulu müəllim  ağıllı adam idi... Onun  dünyada  baş  verənlərin  öncədən bilməsi  mənə  daha  sonralar  müəyyən oldu... Atam məndən 1987-ci ildə  Amerika    SSRİ  dövlət  başçılarının  görüşünün  nəticələrini  soruşdu... O  dövr  mən  o  qədər də  siyasi  proseslərlə  maraqlanmırdım... Həqiqətdə  Bakıda  heç kim  bu  görüş  haqqında  məlumatlı  deyildi... İlk dəfə  atam bu görüşün bizim üçün faciə ilə  nəticələnəciyini  dedi.... Adi  kənd  müəlliminin  siyasi  düşüncəsi    əvvəlcədən  hadisənin   mahiyyətini  anlaması  məni  daha  sonralar  heyran etdi  və bu məsələ ilə  maraqlanmağa bir təkan verdi... Daha  sonralar    qaçqınlıq  dövrü  mənim  yanımda  yaşayan zaman məndən  dünyanın  bütün  beynəlxalq  təşkilatlarına  müraciət etməyimi  xahiş etdi... Onun  nisbətən  rahat olması  məqsədilə   bütün  arzu və istəklərini yerinə yetirdim... Beynəlxalq  təşkilatlar  hamısı  erməniləri müdafiə etdilər... Atam  bu  yaramaz    alçaq  dövlətlərin  etdiyinə  heç  dözə  bilmirdi... O  deyirdi ki,  gec- tez  ədalət  bərpa  olunacaqdır... Təbii ki,  gücü  olmayan  dövlətə heç kim  kömək etmirmiş  kimi  faktın  şahidi olduq.... Amma  yenə də   qələbə  ədalətli olanın  tərəfindəydi... Bunu  atam  mənə demişdi...                                                                                                               

 

***

 

Atamın şagirdlərindən olan Xanvəli Abdullayev həmişə  özünün xatirələrini  danışır... Xanvəli  müəllimin fizik olmasına  atam istiqamət  vermişdi... O isə  öz  növbəsində  atamın  əməyini  heç vaxt  itirməyib... Xanvəli müəllim deyir ki, regional yığıncaq  olur, orda Sisyan rayon  maarif  müdiri  Ağayan  deyir ki,  bu  gün  naharı Ağaqulu müəllimin evində  edəcəyik... Atam da  çox  sərt və  qətiyyətli insan olub... Ağayana  deyir ki, siz  mənə  həyatım uzunu  əzab  verərək  iki  kəndin arasında   40  il  zülm veribsiniz... Məgər  görmürdüz ki,  mən  qonşu kənddə işləyirəm?.. Bir dəfə olsun deməmisiz ki,  ay  Ağaqulu  müəllim, sən neçə illərdir  əziyyətlə  iki  kəndin arasında  qalıbsan... Bəlkə,  sənin    yerini  öz  doğma  kəndinə  keçirək... İndi  mən  sizin  hansı  yaxşı  işinizə, keyfiyyətinizə  görə  aparıb evimdə  qonaqlıq  verməliyəm?.. Ağudi, Vağudü arasında  mənə  əziyyət  verənin  bunu  deməyə  haqqı  çatmır... Həmin Ağayan  sonralar  deyirmiş ki, "Ərə,  elə  bu   mənə   söyüş  söysəydi, bundan  yaxşı olardı..." Xanvəli müəllim  başqa  bir  xatirəsində  isə  deyir ki, buraxılış  imtahanları  zamanı  İrəvandan  göndərilən məsələ    misallar  çox  çətin  olardı... Onu  buraxılış  zamanı  nəinki  şagirdlər,  heç  müəllimlər  həll  edə  bilmirdilər... Yeganə  müəllim idi ki,  Azərbaycan  və erməni  bölməsində  məsələni-misalı  Nəcəfov həll  edərdi. Həmin gün  Vağudü kəndində  bayram  olardı. Ona  görə ki ,  biz  məsələnin  həllində   ermənilərə  qalib olmuşuq!.. Bax  belə  bir  dövrdə  yaşamışıq. Ermənilərlə  rəqabət  dövründə. Deməli, biz  riyaziyyat  fənni  üzrə  yarışda  ermənilərə  qalib gəlirdik.... Uzun illər  Bakı  Dövlət  Universitetində  idman  ustası olmuş  Mənsur  Əhmədov  danışır ki,   kəndimizin  digər  qocaman  müəllimlərindən olan  Məmmədqulu  müəllim  Ağaqulu  müəllimə   iki  yeşik  arı   ailəsi   satır.  Satdığı  arının pulunu isə  həmin  vaxt  tələb edir... Ağaqulu  müəllim  Məmmədqulu  müəllimə  deyir ki,  ay  Məmmədqulu,  biz  nədən bilək  bu  satdığın  arı  sağdır,  yoxsa  xəstə?...  Bəlkə,  pulunu  yazda  verim? Həqiqətən də,  arılar  yaza  salamat  çıxmırlar... Amma  onu  bilmirəm ki,  Məmmədqulu müəllim  pulu  qaytarır,  ya  yox?.. Digər  tərəfdən  Sofulu  kəndindən   tarix  müəllimi  İdrak  Əhmədov deyir ki,  atam  Rəhim  Əhmədov  deyirdi ki,  50  km   məsafəni  qət  etməyə nəqliyyat olmadığı üçün Vağdüdə  qalırdıq... Çox  çətin  zamanlar idi... Vağdü  kəndində müəllimlər  bizə  çox  yüksək qayğı  göstərərdilər. Bizi  ərzaqla,  yataqla,  dərs  ləvazimatı ilə  təmin edirdilər. Xüsusən də həmin müəllimlər içərisində Ağaqulu Nəcəfov fərqlənirdi. Bir  kimsəni  nəzarətdən buraxmazdı. Qaldığımız  mənzili  yanacaqla,  yataqla, yeməklə təmin  etdirirdi. Hətta  xəstələnən  uşaqları  aparıb  öz  evində  müalicə  edərdi. Çox  diqqətcil və qayğıkeş  müəllim idi... Öz  uşaqları  kimi  diqqətlə yanaşırdı  şagirdlərə... Ağaqulu müəllim əlindən gələni  əsirgəməzdi. Ona  görə də o,  Ağaqulu müəllimin adını ehtiramla  çəkərdi. Ona  hörmətlə  yanaşardı. Heç  vaxt  Ağaqulu  müəllim  deməzdi, Nəcəfov  deyərdi... Bütün  zonada  hamı  ona  adını  yox,soyadını  deyərdi. Bu  isə  öz  növbəsində  xüsusi  hörmət  idi. Belə  müəllimlər, kişilər  tarixdə çox olub... Atam haqqında  xatirələr... İsmayılov Firudin   Seyfəli  oğlu (Hərbçi)... Kəndimiz  səfalı, ürək açan mənzərəli yerdə "İşıqlı  dağının"  ətəklərində,"Tənəzzül  dağının"  qarşısında   yerləşirdi... Amma  qış fəsli çox sərt  keçərdi... Kəndimizin suyu  "Qaragöllər"dən  təmin  olunurdu...Kəndin ətrafında  xeyli  bulaq  var idi. Onlardan  "Yeddi  nov",  "Qoşa  bulaq", "Əlmərdan bulağı". Onlardan  ən gözəl mənzərəsi olan "Qoşa  Kaha"nın  içərisindən  axan,  qayadan  süzülərək  gələn bulaq  idi ki,  onu  yaddan  çıxarmaq  mümkün  deyil...  Həmin bulaqlarda   bir  dəqiqə  belə suda barmaqları  saxlamaq  mümkün  deyildi... Kəndin  aşağısından "Bazarçayı"  axırdı... Bir az  aralıda  Vağudi  kəndinini  yaxınlığında   "Qaragöllər"dən  axıb  gələn  "Zor-Zor"  su  arxı  var idi. Biz  yay aylarında   o bulaqların  ətrafında  yığışardıq.  Sentyabr ayı  kəndimizə  qar  yağardı. Belə bir kənddə  yaşayan Ağaqulu  müəllim   qonşu  Vağudi kəndində müəllim işləyirdi. Mən   həmişə  bu qarda-boranda   hər  gün  7-km-lik yolu  qət edən Ağaqulu müəllimə   təəccüb   edirdim. Çox vaxt minik maşınları işləmirdi. Amma  o heç vaxt  dərsdən qalmazdı. Bizim  kənd  məktəbi  8 illik  idi. Bəxtimizdən biz 9-cu  sinfə  gedərkən  məktəbimiz  10 illik   təhsil   məktəbi kimi fəaliyyətə başladı. Halbuki bu hadisə çoxdan baş verməli  idi... Uzun  illər  bizim kəndin  şagirdləri qonşu Urud  kəndinin  şagirdləri  ilə  birlikdə Vağudi  kənd  orta  məktəbində  təhsil  alırdılar. Məhz  Ağaqulu  müəllimdə Vağudi  kəndində 1940-cı ildən başlayaraq fizika-riyaziyyat müəllimi işləmişdir. Kəndimizdə  orta  məktəbin  9-  cu  sinfi  açıldığı    üçün  Ağaqulu  müəllim  öz  doğma kəndində fəaliyyət göstərərək bizə fizika-riyaziyyat-həndəsə fənlərindən  dərs  deməyə  başladı. O, hündür  boylu,  qamətli,  yaraşıqlı   bir  adam  idi. Sinfə  girəndə  hamı  özünü  yığışdırırdı. Heç  vaxt  şagirdlərə  əl  qaldırmazdı. Onun  bu  ciddiliyi  haqqında  bizdən  yuxarı  sinfin  şagirdləridə  öz  aralarında danışardılar. Kənd  sakinləridə bu qeyd etdiklərimi  təsdiqləyirdilər. Ondan  əla  qiymət almaq  çox çətin idi. Ona  görə də  onun  fənnindən əla  qiymət  almaq  üçün həddən artıq  çalışmalı olurduq. Bakıdan  kəndə  gələn  ziyalı  adamlar  onun  xidmətini  qiymətləndirirdilər. Onun  dərs  keçdiyi  şagirdlərdən  əksəriyyəti  yüksək elmi  dərəcələr almışdı. Onlardan:  Orucov Qardaşxan, Orucov  Rəhim,  Həsənov Qafar,  Ənnağıyev  Mürşüd, Məhərrəmov Akif,  Quliyev Kərim, Abdullayev  Xanvəli, Nəcəfov Maqsud, Nəcəfov Bəxtiyar, Həsənov Qulam, Tahirov Məmmədxan,  Tahirov Bəkir, Tahirov Vladimir, Tahirov  Sabir, Hacıyev Sabir, Tahirov Hilal,  Qəhrəmanov Nadir,  Əhmədov  Mənsur, Kətənov Akif kimi elmlər  doktorları  və elmlər  namizədləri  məhz Ağaqulu  müəllimin  yetirməsi olmuşdur... Ağaqulu müəllim şagirdlər, haqqında həmişə fəxrlə  danışardı. Ağaqulu müəllimin xidmətlərini  nəzərə  alan  ovaxtkı  Ermənistan  hökuməti  məcbur  qalaraq  ona  Ermənistan  SSRi-nin Əməkdar  müəllimi  adını  vermişdi. Həmin  sənədi  Ermənistan  Ali  Sovetinini  sədri  Papayan  imzalamış    təsdiqləmişdir. O,   dərs  deməklə  bərabər  həm    gözəl  təsərrüfat  adamı  idi. Həyətyanı  sahədə  çox  gözəl və zəngin  bağ  salmışdı. Onun  əkdiyi,  becərdiyi  meyvələrin  keyfiyyəti    zənginliyi  haqqında  ermənilərdə  danışardılar. O  nəinki  gözəl  bağbanlıq  edir,  həm də  gözəl  peyvənd  vurmaq  ustası idi.  Onun  peyvəndləri, etdiyi  calaqlar  bir  il  müddətində  məhsul  verərdi.  O  həm    heyvandarlıqla  məşğul  olurdu. Süd, qatıq    pendiri öz  təsərrüfatından  əldə  edirdi. Yeganə  şikayəti  qoyun-quzu  növbəsində  olan  ədalətsizlik  idi. Həmişə  deyərdi ki, çoxlu heyvanı olanlar  heyvanların sayına  uyğun  növbəyə  getsinlər. Lakin  bəzən kənd əhalisi bunu etmirdi. Ağaqulu  müəllim  növbəyə  gedəndə  ucadan  deyərdi ki,  ay  kəndin  qolçomaqları,  bəyləri,  xanları,  gətirin  sizin  heyvanları  aparım,  otarım. Məhz  belə  bir  maraqlı  epizodun  şahidi  olmuşdum. Onun faciəli  günləri  1988-ci  illərdə  başladı. Kəndi  son tərk edən  sakinlərdən oldu. O,  öz  doğma  kəndini tərk etmək niyyətində  deyildi. Bakıda  yaşadığı  vaxt  kəndi  xatırlayarkən  hönkür-hönkür  ağladığının  şahidi  oldum. Mən onun  şagirdi  olduğum üçün  fəxr etmişəm. Çünki  mənim  belə   dəyərli,  qiymətli,  savadlı,  zəhmətkeş,  qayğıkeş  müəllimim  olmuşdu. Allahdan ona  rəhmət  diləyirəm. Ruhunuz  əbədi  şad olsun. Xatirəni  yazdı:  İsmayılov  Firudin  Seyfəli oğlu...                                     

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.