“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün
Yeganə Kərimzadənin “Bir köç gedir” məqaləsi təqdim ediləcək.
Yeganə KƏRİMZADƏ
BİR KÖÇ GEDİR...
Yolun tozu üzlərdən süzülən qurumuş göz yaşlarına hopub. Üst-başları eşalonun içində torpaq rəngindədi. Böyüklər səbirlə keçdikləri yolu dinləyir, körpələr ayrıldıqları evin istisinin həsrətindən ağlayır. Analar balalarına nağıl danışmağa çalışır...
Bəs sonra?..
Hara getdikləri məlum deyil, amma onları irəliyə aparan ümidə sarı üz tutublar.
Gözlərdə həsrət, arxada Vətən, qarşıda məlum olmayan olacaqlar...
Atamı tanıyandan onun gözlərində qəribə nəsə gördüm. Bəlkə, uşaq ağlımla onun adını bilməsəm də, illər sonra bunun adı mənə məlum idi. Bu, Vətən həsrəti idi ki, onun gözlərinə, ruhuna çökmüşdü. Hətta güləndə belə bu həsrət ondan gen düşmürdü.
Atam Kərimzadə Fərman İsmayıl oğlu 1937-ci il mart ayının üçündə İrəvanın Böyük Vedi rayonunda dünyaya gəlmişdi, evin sonbeşiyi və sevimlisi idi. Uşaqlıqda çox dəcəl olsa da, ağacların başından yerə enməyə həvəsi olmasa da, cənnət Vedinin hər rəngini, daşını, torpağını gözünə, ürəyinə köçürürmüş. Elə olmasaydı,"Qarlı aşırım" romanı o böyüklükdə şöhrət qazana bilməzdi (əsərdəki hadisələr Vedi rayonu və onun dağ kəndlərində baş verir).
Atam nədən danışsa da, yenə gəlib Vediyə bağlanırdı – adət-ənənələri, Novruz bayramı oyunları, babam və nənəm, əmim və bibilərim, saysız qohum-əqrəba – bu söhbətlər. Həmin anlarda onun üzündən qəribə işıq süzülərdi, gözləri uşaq kimi saf olan atam, bəlkə də, hansısa bir dəcəlliyini yadına salıb gülümsəyərdi, amma bu təbəssümdə həsrət vardı...
Onunla birgə Azərbaycanı qarış-qarış gəzirdik biz balaları. Bəzən yollarda yol kənarına pul qoyardı. Əvvəl səbəbini başa düşməzdim. Amma sonra... – Vedidən köçürüləndə onları eşalonlara yükləyib (bəli, yükləyib) naməlum istiqamətə yola salmışdılar. Yollarda ölən əqrəbaları, qonum-qonşuları eşalonu saxlayanda izsiz, adamsız çöllərə atıb gedirmiş Stalin rejiminin əsgərləri. Ağlaşmalara, imdad istəyən adamlara fikir vermirlərmiş. Ölülərini basdırmağa icazə yoxmuş. – Yollara qoyulan pullar ölənlərə dua oxunması üçünmüş. Yaddaşını yandırıb-yaxan acını özündən bu cür çıxarırdı atam...
Atamla dəfələrlə yol yoldaşı olmuşdum. İlk uzaq səfərimiz Moskvaya olmuşdu. Onda beşinci sinifdə oxuyurdum. Son səfərimiz isə Vediyə oldu...
1986-cı ilin yay ayları idi. Şlaqbaumun o tərəfi Vətən idi.
38 il əvvəl Vətən mənim üçün yalnız Azərbaycan və Bakı idi. Burada doğulub böyümüşdüm. Hər küçəsi əziz idi mənə. İnsanlarını sevirdim. Bakı ürəyim idi. İndi də elədi. Amma ata ocağını görəndən sonra bu məhəbbət iki olub içimdə birləşsə də, yurd həsrətinin nə olduğunu anladım.
Ağrı dağı əzəməti ilə gözümüzdə boy verirdi. Başındakı buram-buram buludlar buxara papağa bənzəyirdi. Vedi Ağrı dağının ətəyində yerləşir, düşünərsən: əlimi atsam, çataram ona, amma yox, get ki, çatasan...
Atam danışır: Bax, qızım, bura Ağrıgörünməzdi (Vedidəki yeganə kiçik çökəkdir ki, Ağrı dağı orada görünmür), bura Əli daşıdı (İri Qara meteor daşı; ermənilər onun üstündə pivəxana tikiblər), Sarı dolama qəbiristan...
Hanı qəbirlərin, Sarı dolama,
Onlar ki, əbədi yatmalı idi
İgid yuxumuzda minib atlara,
İqlimdən-iqlimə çapmalı idi...
(Fərman Kərimzadə "Sarı dolama" şeiri).
Ermənilər Sarı dolama qəbiristanını kotanlamışdılar. O vaxt hələ 1986-cı il idi. Torpağın altından qədim baş daşları boylanırdı (İyirmi dörd yaşım vardı, onda atamın göz yaşları ürəyimi parçalayırdı, gücüm hönkürməyə çatmışdı). Vedi çayının sağ sahilindəki yurd yeri daşlarını göstərir atam: Dəhnəz kəndinin qalıqlarıdı. Ermənilər xaraba qoydular kəndi (dərindən ah çəkir), bax bu yol bizim evə aparır. Səni ora aparmağa qıymıram, babanın evində yadları görməyini istəmirəm...
Tez cavab verirəm: Əzizi - qardaşımı aparmısan axı...
Atam tam ciddi cavab verir: Əziz kişidi.
"Əziz kişidi"– bu sözlə bütöv fikrini izah eləmişdi. Dədə yurduna, ana-bacılara, Vətənə oğullar sahib çıxmalıdı. Daha dinmədim.
Dağlara tərəf üz tutmuşduq. Vedi çayının sahili boyu irəliləyirdik. Bu cənnət Vətən torpağının hər daşı necə də ona əzizdi və bu doğmalığı mənə də ötürürdü.
– Bax, qızım, Abbasqulu bəyi burada vurublar.
Gözlərini yumur. Abbasqulu bəylə birgə atamın bircə dayısı Xəlili də qətlə yetiriblər bu dərədə. Bəlkə, onu düşünür...
Nənəm Qəmər xanım can verən dəqiqəsinə kimi qardaş dedi. Xəlilin – qardaşının şəklini gətirib onun qucağına qoyandan sonra canını tapşırdı qadın. O vaxt balaca olsam da, bunu özüm gözlərimlə görmüşdüm. Atam isə bu həsrəti içində gəzdirirdi.
Bu vaxt dağdan xırda daşlar səpələnib çaya düşür. Yuxarı baxırıq – heyranlıqla içimi çəkirəm, – ata, dağ keçilərinə bax!
Atam söhbətimizin, kədərimizin məcrasını dəyişən dağ keçilərinə baxır və gülümsünür: səni salamlamağa gəliblər.
Yol yoldaşımız olan atamın uzaq qohumu olsa da, yaxın dostu Əli müəllim dillənir: dağ keçiləri belə bu torpağın əsl sahiblərinin kim olduğunu bilir...
– Əli, toylarda, məclislərdə bu fikri camaata dönə-dönə başa salın ki, bu torpaqlar onlarındı. Burada qonaq deyillər.
– Deyirik, əmioğlu, təbliğat aparırıq.
Mən onlardan aralanıb Vedi çayının sahilindən daşlar – Vətən daşları yığıram. Hava sakitdi, Vedi çayı dupduru, sakit-sakit axır. Dağ keçilərinin dırnağının altından çıxan daşlar çaya düşüb suyu ətrafa sıçradır. Ağaclar yamyaşıldı, quşların səsi ruhu dincəldir. Atam Əli ilə söhbət edə-edə çayın yanındakı gözü tutulan bulağı təmizləyir. Az keçmir ki, bulaq qaynamağa başlayır. Atamın əsərindəki o söz yadıma düşür: "Çay da səsə gələr bala"(88-ci il köçürülməsi vaxtı Vedi çayı qurumuşdu)...
Bulaqları gur idi,
Nurdan doğan nur idi.
Qəhrəmandan zor idi,
Bu çay niyə qurudu...
(Fərman Kərimzadə "Bu çay niyə qurudu" seiri).
Həmin günün axşamı atamı güclə göy otların üstündən qalxmağa məcbur edirəm. Səsimə səs vermədiyi üçün çox qorxuram, dönə-dönə "ata, ata, ata!" deyirəm.
Çox gec ayağa durur, qorxma, qızım, qorxma, – deyir. – Kaş ömürlük ölüb burada qalaydım, – sözünü pıçıltıyla desə də, bu sözü eşidirəm.
Onu itirmək qorxusu həmin gün içimə çökür. Yalnız bircə dəfə səssizcə fəryad edirəm. – A..t..a!..
İlk dəfə sükutun fəryadını o an yaşayıram. O isə qolunu çiynimə salıb gülümsəyir, – atana fikir vermə...
Sonrakı iki ili, demək olar, Vedidə keçdi, yollar onu yormuşdu, saçları dümağ idi.
Yeni köç başlamışdı. Gecə-gündüz bilmədən İrəvandan didərgin salınan həmvətənlərinin yanında idi.
"El içində, öl içində" məsəli dilinin əzbəri olmuşdu. Canından çox sevdiyi balalarını belə aylarla görə bilmirdi. Arada bir-iki kəlmə imkan olanda ev telefonu ilə danışardıq. Həmin gün 17 mart 1989-cu il yenə Tərtərdə idi. İrəvandan köçənlərin bir qismini Bəyim Sarov kəndinə yerləşdirmişdi. Onların problemləri ilə məşğul olurdu. Və bir anda hər şey dəyişdi. Arzusuna çatmışdımı el içində?
Həmin ilaxır çərşənbə günü Bakıda evimizin eyvanına göyərçinlər qonmuşdu.
Atamın son köçü el-el, oba-oba evimizə doğru gəlirdi. Xalq öz yazıçı oğlunu izdihamla yola salırdı. Gənc yaşında ayağında qaloş və sırıqlıyla Bakıya oxumağa gələn atamı 52 yaşında xalq böyük izdihamla Binəqədi qəbiristanına yola salırdı.
İyirmi Yanvardan dairə vurub geri, Tbilisi prospekti ilə Binəqədiyə doğru gedən maşın bir dəqiqəyə kimi düz evimizin tuşunda dayandı. Sanki atam yoldan bizə vida edirdi. Sonra maşın karvanı yola düşdü. Göyərçinlər də maşınların ardıyca uçdular. Bu, atamın son köçü idi.
Yeddi gün sonra isə Vedidə Vedi çayının sahilindən yığdığım xırda çay daşlarını atamın ayaqlarının altında torpağa tapşırdım. Düşündüm ki, özü Bakı torpağında uyusa da, ayaqları altında on iki yaşından həsrətini çəkdiyi Vətən – Vedi dağlarıdı...
“Ədəbiyyat və incəsənət”
(16.07.2024)