Con Dyuinin praqmatizmi - DƏRSLƏR Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

İndi kim özünü ağıllı göstərmək istəyirsə kreativ, nonsens, subyektiv, konseptual qəlibli sözləri yanaşı düzür. Eynən bu sayaq sözlərdən biri də praqmatizmdir. 

Bir neçə gündür ki, DƏRSLƏR rubrikasında praqmatizm barədə danışırıq. 

 

Con Dyuinin də praqmatizmində təcrübə anlayışı çıxış nöqtəsini təşkil edir. Dyui onu bir tərəfdən insanın təbiətə rəngarəng münasibətlərini əhatə edən naturalist perspektivdə, digər tərəfdən isə sosial təcrübə kimi mənəvi-siyasi aspektdə nəzərdən keçirir. Dyuiyə görə, fəlsəfə qədim filosofların düşündükləri kimi aləmin gözəlliyindən heyrətə gəlmədən yox, gərgin ictimai həyatın stresslərindən meydana gəlir. Buna görə də onun fikirlərinə görə, fəlsəfənin əsas məqsədi sosial təcrübəni məhz təhlil edib təlmilləşdirməkdir. Con Dyui təcrübəni çox geniş şəkildə anlayaraq onu insanın təbiətə münasibətlərini, bəzən hətta təbiətin özünü də daxil etməklə insan həyatının fəallığı ilə eyniləşdirir. Onun fikirlərinə görə, təcrübə hadisələr və simalar aləmi, təcrübədə qavranılan aləm, habelə insanın fəaliyyəti və taleyi, magiya və mistika, bir sözlə, yaşanılan hər şeydir. Təcrübənin bu cür anlanması onun hansı metafizik əsaslarını axtarmaq zərurətini istisna edir. Müasir filosoflar da Dyuinin xidmətlərini elə məhz fundamentalizmin əsaslarını sarsıtmasında görürlər. Başqa sözlə, əvvəlki fəlsəfə bütün, o cümlədən mənəvi hadisələrin hansısa davamlı əsaslarının olmasını düşünürdü. Əksər müasir filosofların fikirlərinə görə, belə əsaslar, və ya "ilkin başlanğıclar" mövcud deyildirlər. Dyuinin özü materializmlə idealizmin bir-birinə əksini Qədim Yunanıstanda əməyin fiziki əməklə əqli əməyə bölgüsündən çıxarır. Dyui hesab edir ki, bu gün materializmlə idealizmi qarşı-qarşıya qoymağa əsas yoxdur. Təcrübəyə uyğun və qeyri-uyğun "mahiyyətlərə" bölgü tanış deyil, yəni təcrübədə fasiləsiz prinsipi təsir göstərməkdədir. Hər bir bölgü nisbi əhəmiyyətə malikdir, buna görə bu və ya digər ideyaların "materializm" və ya "idealizm" halında dondurulmasını doğru hesab etmək olmaz.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.