Qəbirlər də qəribləşir – TAMXİL ZİYƏDDİNOĞLU Featured

“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün "Bütöv Azərbaycan" qəzetinin təsisçisi və baş redaktoru, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Tamxil Ziyəddinoğlunun “Qəbirlər də qəribləşir” məqaləsi təqdim ediləcək.

 


Vedinin yanı dağlar,

Ürəyi, canı dağlar.
Burda bir el var idi,
Siz deyin, hanı, dağlar?!

 

Bir də bu elin  yaralarına isti nəfəsiylə məlhəm qoyan bir oğul vardı. "Qarlı aşırım"dan oğuz ellərinə hay salan, cığa boyda qələmilə toplu-topxanalı Sovet İmperiyasına meydan oxuyan bir oğul. Ürəyinin  bir guşəsində Abasqulu
bəyə, birində Kərbəlayi İsmayıla heykəl qoyan Fərman Kərimzadə.

Fərman Kərimzadə 1937-ci ildə doğulmuşdur. O illərdə ki, Stalin repressiya-sının dalğaları Qərbi Azərbaycandan üzübəri bütün Azərbaycan məmləkətini bürümüşdü. Bu məmləkəti sevənlər ya güllələnir, ya ömürlük həbs olunur, ya da sürgün edilib Azərbaycan üzünə həsrət qalırdılar. Ulu Yaradan Fərman Kərimzadəni belə məqamda bəxş etmişdi Azərbaycana. Bəxş etmişdi ki, 37-cilərin yeri boş qalmasın. Amma onun ağrı-acılı günləri 37-ci illərinkindən də erkən başladı. 10 il sonra l947-ci ilin dekabrında Qərbi Azərbaycanın erməniləşdirilməsinə xidmət eləyən Arutyunov indi Ermənistan adlanan Qərbi Azərbaycan ərazisindəki azərbaycanlıların oradan köçürülməsi xahişi ilə İosif Stalinə məktub ünvanladı. İki həftə keçməmiş Stalin Kremldə SSRİ Nazirlər Sovetinin "Ermənistan Sovet Sosialist Respublikasından kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan Sovet Sosialist Respublikasının Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli 4083 saylı qərarını imzaladı.

Həmin qərara əsasən, 1948-50-ci illərdə Qərbi Azərbaycandan, öz dədə-baba yurdundakı doğma ocağından 100 min azərbaycanlı Kür-Araz ovalığına deportasiya olundu. Onlardan biri də İsmayıl kişinin 12 yaşlı oğlu Fərman idi. Beləcə bir əli ilə millətçilərə sığal çəkib "millət atası" adını alan İosif Cuqaşvili o biri əli ilə yüz minlərlə Fərman kimilərimizin deportasiyasına fərman verirdi.

1949-cu ildə Böyük Vedi kəndindən zorla çıxarılan İsmayıl kişinin ailə üzvləri də yüz minlərlə soydaşımız kimi yük vaqonlarına doldurulur. Didərginlərimizin dəmir karvanındakı ağrı-acılarını yaşayan Fərman Kərimzadə növbəti milli-tarixi faciəmizə şahidlik eləyə-eləyə Yevlax rayonundakı Mal Binəsi kəndinə köçürülür. Yevlax arxivindən verilən məlumata görə, buraya uyğunlaşa bilməyən Kərimzadələr Beyləqan rayonuna üz tuturlar. Şura hökumətindən gördükləri, xalqının gözü önündə yaşanan faciələri Fərmanı erkən yaşa doldurub kamilləşdirir. Milli-mənəvi dərd yükünə çiyin verə-verə boy atır, müdrikləşir. Qələminə tapına-tapına Azərbaycanın bütövlüyünə boylanır. Şura hökumətinin dünyaya meydan oxuduğu 60-cı illərdə "Axırıncı aşırım"dan ekrana çıxaraq qəhrəmanının dili ilə "Mən belə hökuməti tanımıram", – deyir.

Doğma od-ocağından didərgin salınan Fərman  Kərimzadənin yeganə təsəllisi Vediyə getmək, ağrı-acısını el-obasında qurulan büsatların şirinliyində əritmək idi. Tale bunu da ona çox gördü. Erməni-rus məkri ilə qədim-qayım elləri yenidən pərən-pərən düşdü. 1988-ci ildə Qərbi Azərbaycandan baş alan didərgin axını, çovğunlu-boranlı dağlarda qırılıb çatılan tifillərin, qocaların ah-naləsi, heç yana çatmayan fəryadları Fərman Kərimzadənin varlığına qənim kəsildi. O, soydaşlarının düçar olduğu məşəqqətləri öz şəxsi taleyinə köçürdü. Bakıda, Moskvada səlahiyyətlilərin qapısını döyə-döyə məkrli siyasətin qurbanına çevrildi. Şəhid oldu.

Bəli, şəhid oldu Fərman Kərimzadə. Azad, müstəqil, bütöv Azərbaycan uğrunda mübarizələrdə, qələm cihadında, söz döyüşlərində aldığı "söz güllələrindən, dil yaralarından" şəhid oldu. Artıq 36 ildir ki, onun səsinin, nəfəsinin həsrətindəyik.

Əslində, Fərman Kərimzadənin üzünü görməmişdim. Heç səsini də eşitməmişdim. Təkcə nəfəsini duymuşdum. Bütöv Azərbaycan təşnəli, Təbriz nisgilli yurddaş nəfəsini. "Xudafərin körpüsü"ndən duymuşdum bu xoş nəfəsi, bu Təbriz namusuna hopan, ruhumuza-qanımıza, iliyimizə işləyən isti nəfəsi.
Mənim qüdrətimdə deyil onun yaradıcılığına baş vurmaq, dodaq tərpədib Fərman Kərimzadə şəxsiyyəti haqqında söz demək, onun bir-birindən şah əsərlərini təhlil etmək. Sadəcə şəhid ziyalımızın adını anmağı borc bildim. Borcumu ödəmək üçün tanımadığım bir ünvana-Binəqədi qəbiristanına üz tutdum. Ziyarətə əliboş gəlmişdim. Şəhid analarının göz yaşı ilə sulanmaqdan ağırlaşmış qərənfili onsuz da ağır olan sinə daşına yük eləmək istəmirdim.

 Avtobusdan yolayrıcında düşdüm. Soraqlaşmaq üçün kimə yaxınlaşdımsa, yolunu dəyişdirdi. Elə bil nədənsə həmin gün hamı məndən qaçırdı. Axır ki, bir küçədən yol aldım. Tərslikdən bu da "Gülüstan" küçəsi imiş. Tarixi ayrılığımızın şahidi olan Gülüstan. Bu da bir tale işiymiş deyib, yoluma davam elədim. Xeyli gedəndən sonra qarşıma bir hamilə gəlin çıxdı.

– Oğul anası bacım, mənə qəbiristanın yolunu göstər, dedim: – Yolu göstərib, qabaqdakı döngədən dönərsən, – dedi. Döngədə 7-8 yaşlarında bir oğlanla rastlaşdım. Yolun davamını da o göstərdi. Allahıma şükür elədim. Ona görə şükür elədim ki, Fərman Kərimzadəyə aparan yolu dünyanın pisliklərinə bulaşmayanlar göstərdi. Belə yollar həmişə müqəddəs olur. Bu yol məni bir çiçəkli təpəyə apardı. Çiçəklərdən dəstə tutdum. Çox dolaşdım, ziyarətgahımı tapa bilmədim.

 Qəbir daşlarının hamısı görünürdü, mənim axtardığımdan başqa. Taqətdən düşüncə gəzdim, axtardım. Ayaqlarım sözümə baxmayanda qıy vurub dəlicəsinə qışqırdım, ey, hardasan, ay Azərbaycanın hər yerindən görünənim?!

 Səsimə bir quş pərvazlandı. Ömrümdə bu biçimdə, bu yaraşıqda, bu gözəllikdə quş görməmişdim. Quşun qalxdığı yerə gəldim. Təəccüb, heyrət, giley-güzar, umu-küsü, sevgi dolu qərib baxış məni yaxın buraxmadı. Fərman Kərimzadənin baxışları idi sual dolu o baxışlar. O baxdıqca mən acizləşdim. Acizliyimi gizlətmək üçün yerimi dəyişdim. Yerimi dəyişə-dəyişə özüm də bilmədən qəbrin başına dolandım. Dolandıqca ona bağlandım, o doğma baxışların sehrindən çıxa bilmədim. Qulağıma bir səs gəldi, – oğul, gələndə dərdimə dərman gətir! Bu səs anamın səsi idi, səsə tərəf yön aldım. Çiynimə qonan qərib quş isə hələ də qəbrin başına dolanırdı.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.