“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün Diqəm Əhmədin “Azərbaycan milli komitəsinin üzvü: irəvanlı Cabbar Ərtürk”
məqaləsi təqdim ediləcək.
II Dünya müharibəsi dövründə Əbdürrəhman Fətəlibəylinin yaratdığı Azərbaycan Milli Komitəsinin üzvü olan Cabbar İbrahimoğlu 1915-ci ildə İrəvanın Xaçaparaq (Zəhmət) kəndində doğulub. Xatirələrində doğulduğu kəndin yerini belə təsvir edib: "Bizim kənd və bölgəmiz Araz çayının şimalında İrəvan xanlığına daxildi. İrəvan xanlığı Qərbi Azərbaycanın bir bölgəsi idi. İrəvanın əhalisinin 90 faizi türklərdən mütəşəkkildi. Doğulduğum kənd İrəvandan 8 km cənubdaydı. Göyçə gölündən çıxan Zəngi çayı kəndimizin yanından axaraq Arpaçay ilə birləşir və Araz çayına tökülürdü".
Qacar tayfasından olan Cabbar bəyin ulu babasının adı Əhməd xan olub. Ardıcıllıqla: Əhməd xan – Zeynəl bəy – Abdullah bəy – İbrahim bəy – Cabbar bəy. Atası İbrahim bəy Gülüs xanımla evlənib, ilk övlad Cabbar bəy olub. İkinci övladları Əsəd iki yaşında ikən çayda boğularaq həyatını itirib. 1923-cü ildə doğulan digər övladlarına yenidən Əsəd adı qoyublar.
1920-ci ilin iyununda bölgədəki xaosdan istifadə edən ermənilər, Zəngibasar başda olmaqla, türklərin yaşadığı bölgələrə hücum etmiş, nəticədə əhali Osmanlı Türkiyəsinə və Cənubi Azərbaycana köç etmək məcburiyyətində qalmışdı. İbrahim bəy ailəsini Qarsa aparmaq istəsə də, mümkün olmamış, ona görə də Cənubi Azərbaycana keçmişdilər. Fəqət burada da müxtəlif dəstələrin qarətçi hücumlarına məruz qalıblar, nəticədə bolşeviklər İrəvanda daşnakları məğlub etdikləri dövrə qədər iki Azərbaycanın sərhədində tarlalarda yaşayıblar. Bu ərəfədə Ərəblər kəndi civarında olarkən iki yaşlı bacısı Zəhra soyuqdan donaraq vəfat edib. Ermənistanın bolşevikləşdirilməsindən sonra İbrahim bəy ailəsini yenidən kəndlərinə aparıb.
1929-cu ildə orta məktəbi bitirən Cabbar bəy ardınca iki il İrəvandakı Ziraət Texnikumunda oxuyub, 1933-cü ildə ali təhsil almaq üçün Bakıya gedib. Ədəbiyyat fakültəsini qazansa da, ailəsinin istəyi ilə kimya-biologiya fakültəsinə keçirilib. Beş il ali təhsil aldıqdan sonra Basarkeçər qəzasının Zod kəndindəki orta məktəbə direktor təyin edilib. Bir neçə il burada çalışdıqdan sonra İrəvan Pedaqoji Texnikumuna göndərilib. Cabbar bəy məcburi xidmətini bitirdikdən sonra doktorantura pilləsində təhsil alsa da, Almaniyanın Rusiyaya hücumu nəticəsində 23 iyun 1941-ci ildə hərbi xidmətə çağırılıb, 177-ci alaya göndərilib. Onları aparan qatar Uluxanlı stansiyasından keçdiyi üçün sonuncu dəfə ailəsi ilə görüşə bilib.
Ukrayna cəbhəsinə göndərilən Cabbar bəy almanların şiddətli hücumları qarşısında tab gətirə bilməyən rus ordusundan ayrılaraq oktyabr ayında yoldaşları ilə Mariupol şəhərində alman cəbhəsinə keçib. Almanlar onları Azov dənizi sahilindəki əsir düşərgəsinə aparıblar. Xatirələrində düşərgələrdəki ağır vəziyyətdən geniş bəhs edən Cabbar bəy 1941-ci ilin dekabrındakı 200 min əsirdən 1942-ci ilin aprelində sadəcə iki min nəfərin sağ qaldığını yazıb. O, müharibə dövründə qələmə aldığı gündəliyində almanların insan əti yeməyə başlayan erməniləri güllələmələrindən də bəhs edib. Cabbar bəyin sağ qalmasının önəmli səbəblərindən biri də Bakıda ali təhsil alarkən bir az alman dili öyrənməsi olub: "Əsir düşərgəsinə gəlməyimizin üçüncü həftəsində tərcüman axtarılması ilə bağlı elan asılmışdı... Rusca, almanca və müxtəlif türk ləhcələrini bildiyimi söylədim, məni tərcüman olaraq qəbul etdilər". Bu vəzifədə ikən 1942-ci ildə xəstələnən Cabbar bəy Vyana yaxınlığındakı bir qəsəbədəki xəstəxanaya göndərilib. Sağaldıqdan sonra o, Berlinə çağırılıb, orada türk xalqlarının tarixini mükəmməl bilən professor Mende və azərbaycanlı mayor Əbdürrəhman Fətəlibəyli ilə tanış olub.
1943-cü il noyabrın 6-da Berlində "Kayserof" mehmanxanasında Fətəlibəylinin təşkilatçılığı ilə Milli Azərbaycan Qurultayı keçirilib. Qurultay saat 10-da 300 nəfər azərbaycanlının iştirakı ilə baş tutub. Qurultayın Berlin nümayəndələrindən Məhəmməd Tuğayın təklifi ilə tədbiri 1920-ci il Gəncə üsyanının rəhbərlərindən Cahangir bəy Kazımbəy açıb. Cahangir bəydən sonra Abbas bəy Atamalıbəyov çıxış edib. Ardınca mayor Fətəlibəylinin 1 saat 10 dəqiqəlik çıxışı dinlənilib. Qurultayda Azərbaycan Milli Birlik Məclisi formalaşdırılıb. Cabbar bəy Fətəlibəylinin xarici siyasət və təhsil məsələləri üzrə müavini seçilib.
Bu mühüm qurultayın tarixini yazmaq da Cabbar bəyə qismət olub. Onun redaktorluğu ilə 1944-cü ildə "Birinci Azərbaycan Birlik Qurultayı" adlı broşür çap olunub. Bu əsər "Azərbaycan legionunun səyyar kitabxanası" seriyasından dördüncü nəşr idi. Seriyanın ilk nəşri də Cabbar bəyin İbrahimoğlu imzası ilə 1944-cü ildə Berlində çıxan "Azərbaycanın istiqlal mübarizələri" adlı əsəridir. 1945-ci ildə Berlində onun "Doğu türklərinin istiqlal savaşları" adlı kitabı işıq üzü görüb. "Boraltan"da ruslara təhvil verilən azərbaycanlı əsirlərdən Ənvər Qazıyev istintaqda verdiyi ifadəsində Cabbar İbrahim oğlu Məmmədovun "Azərbaycanda milli hərəkat" adlı əsərindən bəhs edib. Ehtimal ki, bu əsər Cabbar bəy İbrahimoğlu imzası ilə çap olunan ilk kitabıdır. Bu dövrdə Cabbar bəy alman cəbhəsində vuruşan Azərbaycan legionunun qəzeti olan "Azərbaycan"da və "Milli birlik" jurnalında İbrahimoğlu imzası ilə müxtəlif məqalələr yazıb.
"Azərbaycan" qəzetində onun "Novruz bayramı haqqında", "Vətən müdafiəsi və milli saflıq", "Gənc yazıçılarımızda ana, Vətən və millət hissi", "Milli ideal, birlik və qurtuluş", "Biz məğlub olduqmu?", "Sovetə ümid bağlamaq olarmı?" və s. yazıları dərc olunub. "Milli birlik" jurnalının 6-cı sayında Cabbar bəyin "Azərbaycanın yabancılara qarşı mübarizəsi" adlı məqaləsi fotoşəkli ilə birlikdə çıxıb.
Cabbar bəy xatirələrində və digər əsərlərində Nuru paşa və Məhəmməd Əmin Rəsulzadədən də bəhs edib. O, Rəsulzadənin milli komitənin rəhbəri olmaqdan imtinasının səbəbini bu şəkildə açıqlayıb: "O kritik illərdə Polşada və sonra da Avstriyada olan Məhəmmədəmin Rəsulzadə şəxsən Fətəlibəyli tərəfindən dəvət edildi. "Gəlin bizim Komitə sədrliyini sizə təhvil verim və keçmiş dövlət başqanımız olaraq bizi almanların və digər dövlətlərin qarşısında təmsil edin" dediyi halda mərhum Rəsulzadənin verdiyi cavab bu oldu: "Mən keçmiş dövlət başqanı olaraq Almaniya idarəçiliyindəki bir komitənin başqanı olaraq özümü kiçiltmərəm".
Dövrün tanınmış türk ziyalılarından Nejdət Sançar bəy Cabbar Ərtürk barədə yazdığı bioqrafik məqaləsində onun müharibənin sonlarındakı həyatından bu şəkildə bəhs edib:
"...İtaliyanın Milan şəhərinə gələn Cabbar Ərtürk bu məmləkətdəki alman bölüklərinin amerikalılara təslim olması üzərinə amerikalıların əlinə keçdi... Bir müddət sonra Santa Mariya adasındakı türk qaçqın düşərgəsinə aparıldı. Fəqət iki ay qədər sonra ingilislər onu və iki dostunu alıb Bari şəhərindəki suçlulara məxsus həbsxanaya saldılar. Dörd aya qədər qaldıqları bu həbsxanada çox pis rəftar gördülər. İngilislərin məqsədi onların rusiyalı türk olduqlarını təsbit etmək və Moskvaya təslim etməkdi. Cabbar Ərtürk və yoldaşları bunu anladıqları üçün özlərini türkiyəli türk olaraq göstərdilər, təhsil və ya ticarət üçün Avropaya gəldiklərini, müharibədə vəsiqələrini itirdiklərini iddia etdilər. İngilislər bir ipucu əldə edə bilməyincə Cabbar Ərtürk ilə yoldaşlarını sədrləri general-leytenant olan yeddi nəfərdən ibarət ali rütbəli Moskva heyətinin qarşısına çıxardılar. Cabbar Ərtürk bu heyətin qarşısında da türkiyəli olduğu iddiasından vaz keçmədi. Moskva heyəti başda general-leytenantları olduğu halda rusca ən ağır söyüşləri söyür, bu surətlə Cabbar Ərtürkün rusca bildiyini təsbit etməyə çalışırdılar. Fəqət o bu söyüşləri anlamazlıqdan gəldi və bu surətlə əllərindən qurtuldu. Adriatik sahilindəki Rimini şəhərinə gətirilən Cabbar Ərtürk oradakı ingilis əsir düşərgəsinə salındı və 1946-cı ilin dekabr ayında buradan sərbəst düşərgəyə göndərildi... 1947-ci ildə İtaliyaya misirli bir şahzadə gəlmişdi. Türküstanlılardan bir neçə nəfər yaşlı mühacir bu şahzadə ilə görüşüb Türkiyəyə qəbul edilənə qədər Misirdə yaşamaları üçün kömək istədilər. Şahzadə kral Faruk ilə təmas qurub işi həll etdikdən sonra 123 nəfər Misirə hərəkət etdi. Bu qafilədə Cabbar Ertürk də vardı. Cabbar Ertürk Misirdə misirlilərin türk düşmənliyi altında iki il qaldı. Bu arada Qahirə baş konsulluğunda da çalışdı. Misirlilərin bu türkləri Avstraliyaya göndərməsi təhlükəsinin yaranması üzərinə ozamankı baş konsulun hümməti ilə bu bəxtsiz qafilə, nəhayət, Türkiyəyə göndərildi. Bu surətlə 1949-cu ilin sonlarında Cabbar Ertürk ikinci ana vətəninə qovuşdu". 1950-ci ildə Türkiyə vətəndaşı olan Cabbar bəy iki il sonra Ayşə Veciha adlı xanımla evlənib. Bu evlilikdən Alparslan (1953), Gülsüm (1954) və Türkhan (1956) adlı övladı olub. Böyük oğlu 1968-ci ildə vəfat edib. Cabbar bəy Qahirədə ikən Qafqaz İslam Ordusunun komandanı Nuru paşa ilə görüşüb. Bu görüşdə Nuru paşa ona deyib: "Qardaşımın şəhid olması qəlbimi nə qədər yandırdısa, Azərbaycanın istilası qəlbimi ondan da çox yandırdı. Qardaşım bir fani idi. Fəqət Azərbaycandakı türklük əbədi idi. Kaş öz həyatımı itirəydim, amma Azərbaycan türklüyün kənarında qalmayaydı". Ərtürkün Türkiyədə aşağıdakı kitabları çap olunub: "Ana yurdda unudulan türklük" (Kayseri, 1955), "Türkiyə türkləri və ana yurddakı türklərin qurtuluşları" (Kayseri, 1957), "Üçüncü Dünya hərbinin zəngləri çalınırmı?" (Kayseri, 1957), "Atatürk süfrəsində türklük və milliyyətçilik" (Ankara, 1994). Vəfatından sonra 2005-ci ildə "Bir türkün İkinci Dünya hərbi xatirələri" adlı geniş həcmli kitabı işıq üzü görüb. Ərtürk "Mücahid", "Ocaq", "Yeni Ərciyəs", "Orkun", "Türk birliyi" kimi qəzet və jurnallarda məqalələr, şeirlər qələmə alıb. Eləcə də əsərləri haqqında geniş resenziyalar yazılıb. "Ocaq" qəzetində onun geniş həcmli "Dörd əsarətdən sonra qovuşulan vətən" adlı memuarı da çap olunub. Bu qəzetdə həmçinin onun müxtəlif ictimai-siyasi məqalələri işıq üzü görüb. "Yeni Ərciyəs" jurnalında isə "Köç yollarında qalan türklər" adlı silsilə məqalələri dərc edilib. Cabbar bəy 10 avqust 2004-cü ildə Muğlanın Milas rayonunun Mumcular qəsəbəsində vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)