Bu dəfə “Ədəbiyyat və incəsənət” portalının SİTATALAR rubrikasında sizləri tanınmış ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanovla görüşdürürük. Hamınız Cəlal Qurbanovu şəhid ailələrinin qayğısını çəkən, şəhid valideyinlərinə övladlıq, şəhid uşaqlarına valideyinlik edən bir humanist, vətənpərvər insan kimi tanıyır. Və təsadüfi deyil ki, şəhid ailələrində o çox populyardır, sevilir, hörmət görür. Amma kimlərəsə bu xoş getmir, ara-sıra ona qarşı qara piar aparırlar. Cəlal Qurbanovun çıxışı belələrinə qarşıdır. O yazır:
“Əziz şəhid anaları, şəhid əmanətləri! Sizinlə bizim, mənim, mənim ətrafımın, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır!” komandasının arasındakı bağ sevgidən, sayqıdan yaranıb, möhkəmlənib. Vicdandan, ardan, həyadan xəbəri olmayan kimlərsə mənə, mənim ətrafıma ləkə atmaq, sizinlə bağlı həyata keçirdiyimiz layihələrə başqa don geydirməyə çalışsalar da, orda-burda böhtan, iftira dolu yazılar yazdırsalar da bu, məni yolumdan döndərə bilməz. Mən şəhid ailələri ilə bağlı bu layihələrin könüllüsüyəm. Bilin ki, bu layihələrdə tək deyiləm. Ətrafım, komandam, ailəm, dostlarım - hamımız bu layihələrin könüllüləriyik. Biz bu layihələri cənab Prezident İlham Əliyevin şəhid ailələrinə dəstəklə bağlı çağırışına səs verərək etmişik, başda Heydər Əliyev Fondun olmaqla bir sıra dövlət qurumlarının yaxından dəstəyi ilə həyata keçirmişik.
Bizim amalımız, məqsədimiz, borcumuz hər zaman şəhid analarının, şəhid əmanətlərinin yanında olmaqdır. Bu hər zaman belə olub, daim də belə olacaq. Bəziləri bunu həzm edə bilməsə də, siz mənim öz ailəm, öz doğmalarımsız və mən hər zaman sizinlə birlikdə olacağam! Bu, mənim üçün millət vəkili olmaqdan, ümumiyyətlə istənilən vəzifədən üstündür. Ona görə də mən vəzifəni yox, məhz sizin yanınızda olmağı seçmişəm.
İftira dolu yazıları yazanlara və bu yazılarda şəhid ailələrini “qalxan” adlandıranlara isə demək istəyirəm ki, siz şəhid ailəsi ilə öz ailənizi səhv salmayın. Onları belə adlandırmağın özü ən böyük şərəfsizlikdir və siz artıq bu sözlərinizə görə qanun qarşısında cavab verməli olacaqsınız.”
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)