“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsinin icrasına başlayır. Bu gün sizlər üçün ADPU-nun rektoru, professor Cəfər Cəfərovun “Qərbi Azərbaycan icmasının yaranması tarixi zərurətdir” məqaləsi təqdim edilir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Qərbi Azərbaycanın böyük bir tarixi əraziyə malik olduğunu göstərərək demişdir: "İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan–İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı-bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olub".
İndi Ermənistan adlandırılan Qərbi Azərbaycan azərbaycanlıların tarixi vətənidir və azərbaycanlılar XX əsrdə dörd dəfə – 1905-1907, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə tarixi-etnik torpaqlarından deportasiya edilmiş, qırğın-lara, təcavüzlərə məruz qalmışlar. SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də "Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı və 1948-ci il martın 10-da isə həmin qərara əlavə olaraq qəbul edilən "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" 754 saylı qərarlarına əsasən, 1948-1953-cü illərdə 150 min azərbaycanlı tarixi-etnik torpaqlarından deportasiya edilmişdir.
Tarixdə xalqımızın bir parçası olan Qərbi azərbaycanlılara qarşı törədilmiş bu faciələrə hüquqi-siyasi qiyməti yalnız Ümummilli lider Heydər Əliyev vermişdir. 1997-cı il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında", 1998-cı il martın 26-da "Azərbaycanlıların soyqırımı" və 22 avqust 2001-ci ildə "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" fərmanlar imzalamışdır.
1987-1991-ci illərdə isə Ermənistan adlanan Qərbi Azərbaycandan 300 mindən artıq azərbaycanlı tarixi – etnik torpaqlarından perik salınmış, deportasiya olunmuşlar. Tarixi-etnik torpaqlarından deportasiya olunanların problemlərinin həlli məqsədilə 1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyi yaradılmışdır. Həmin Cəmiyyətin bazası əsasında 2022-ci il avqustun 3-də "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İB-nin hüquqi varisi kimi "Qərbi Azərbaycan İcması" yaradılmışdır. İcmanın məramında aydın şəkildə göstərilir ki, İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla, onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gündə Vətən müharibəsində Qarabağın Ermənistan dövlətinin işğalından azad edilməsindən sonra Qərbi Azərbaycan İcmasının yaranması tarixi zərurət idi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının binasında bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşmüş və proqram xarekterli tarixi nitqində demişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır". Cənab Prezident İlham Əliyevin nitqi Qərbi Azərbaycanla bağlı tədqiqatların tam yeni istiqamətdə aparılmasına geniş imkanlar yaratdı.
Azərbaycan Dövlət Pedaqoji Universitetində Qərbi Azərbaycanla bağlı tədqiqatların aparılması daima diqqət mərkəzində saxlanılmış və indi də saxlanılmaqdadır. Elə bu məqsədlə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun strukturu daxilində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılmışdır. Mərkəzin bu sahədə görüləsi işləri hələ çoxdur. Artıq Mərkəzdə Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əsas istiqamətləri müəyyənləşdirilmişdir. Onlar apardığı araşdırmalarla elmimizə öz töhfələrini verəcəklər.
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)