Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Qardaş, həsrətimi sən yenə dindir,
Gör yaramın yeri necə dərindir,
Dünyada gör kimin bəxti yeyindi,
Gör, kimin astarı kimə üz oldu?!
Yandı arzuların bağçası-bağı,
Qırıldı çay üstə bir ümid tağı,
Arazdan su içdim görüş qabağı,
Ağzımda damlası onun köz oldu.
Qardaş həsrətilə boynumu burdum,
İki yol üstündə bir yuva qurdum,
Yurduma azadlıq bayrağı vurdum,
Heyf, o günlərin ömrü az oldu.
Bulaqlar göz yaşım,
Dərələr ahım,
Görəsən, nə idi mənim günahım?!
Ölürəm qardaşdan ayrı, ilahi,
Bu ayrı ölməyim yaman pis oldu.
Tahir, nəvələrim qoy məni ansın,
Ölürəm, qoy dünya məndən utansın,
Sərhəd ayrılığı od tutub yansın,
Gözümdə o iki damla söz oldu.
İntizar ədəbiyyatı rubrikasında bu dəfə bu gün doğum günü olan, xalq şairi "İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha" söyləyən Söhrab Tahir haqqında danışacağıq.
Söhrab Tahir 1926-ci il mayın 27-də Güney Azərbaycanın Astara şəhərində sənətkar ailəsində anadan olub. Orta təhsilini "Səadət" və "Şahpur" məktəblərində alıb. Çətin ailə vəziyyəti ilə əlaqədar 9-cu sinifdə təhsilini yarımçıq qoyub atası ilə neft şirkətində işləməyə məcbur olub.
Sovet Ordusu İrana daxil olndan sonra Söhrab Tahir də xalq hərəkatına qoşulur. Hərəkatın fəal üzvlərindən birinə çevrilir və Seyid Cəfər Pişəvərinin möhürdarı olur. Hərəkat qələbə ilə nəticələnəndə 21Azər medalı ilə təltif olunur. Milli hökumətin zamanında hərbi təhsil almaq üçün Azərbaycana göndərilir. Lakin, Pişəvəri hökuməti süqut etdiyi üçün bir də Güney Azərbaycana qayıda bilmir və Bakıda qalmağa məcbur olur
Şair 20 yaşından doğma yurd və ailə həsrəti ilə yaşayır. Hərdən gedib sərhəd tellərindən tutub həsrətlə o taya baxırmış.
Yuxuda bir küçə salmışam dünən
Bir ucu Bakıda
Biri Təbrizdə.
Yuxuda bir şəhər salmışam dünən,
Bir-bir təmizlənib hər natəmizdən.
Yuxuda babamın sümüklərindən
Arazın üstünə körpü çəkmişəm,
Tikanlı simləri qırpıb,
Yerində
Özüm bir Arazlıq lalə əkmişəm.
Şair 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik fakultəsində, 1952-1957-ci illərdə Azərbaycan Dövlət Unversitetinin Filologiya fakültəsində və 1959-1961–ci illərdə Moskovada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında təhsil alır.
Təbrizdəykən yazdığı ilk şeirlərini Bakıda çap etdirməyə başlayır, "Vətənlə sevgi arasında", "Sevgi əfsanəsi", "Burdan bir atlı keçdi", "Döyüşən lövhələr", "Əmanət" və başqa kitabları işıq üzü görür. Daha çox şair kimi tanınsa da "Qonşu qızın məktubları", "İki dəfə yox olan adam", "Əmanət", "Dənizə nişanlı qız", "Sevgi qurbanı" kimi roman və povestləri də oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb.
Bir gəmi ağarır qara baxtımda,
Həsrət limanına yan alır gəmi.
Necə yazıqlaşıb, necə qocalıb
Anamın üzündə ana görkəmi.
Bir səs bürüdükcə kiçik buxtanı,
Həsrətim gəmirir ipi, taxtanı,
Anam oturubdur şüşə dalında,
Qırışlar, əzablar dastan oxuyur
Anamın qırışmış yastı alnında!
Mənim pələng anam, mənim nər anam....
Anam şüşələri cırmaqlayırdı,
Anamın gözləri qanla dolmuşdu,
Dəmirlər kövrəlib, Pas ağlayırdı.
Ana, ana, dedim, səsim qırıldı.
Oğul, oğul, dedi bir ovuc sümük.
Bir torba sümüyü qucaqladım mən,
Buludlar gözünü ağartdı mənə
Bütün buludları ayaqladım mən.
Bir zəif vücudu ana adına
Öpüb nəvazişə qucaqladım mən.
Uzun həsrətdən sonra 1973-cü ildə Söhrab Tahirin anası Azərbayacana gəlir. Və qarşılaşanda sonuncu dəfə 20 yaşında gördüyü oğlunu tanımır. Elə bilir qardaşı İsrafildir. Oğlu olduğunu biləndə isə ürəyi gedir. İrana qayıdandan sonra cəmi bir ay yaşayır.
İranla sərhəd qadağası götürüldükdən sonra şair 3 dəfə İrana gedib doğma yurdunu ziyarət edir. Həmçinin onun qardaşları da tez-tez Azərbaycana gəlirlər
Şair 1975-ci ildə Yazıçılar ittifaqında tanış olduğu və dağlar qızı çağırdığı Südabə xanımla ailə həyatı qurur. Bu evlilikdən onların Nəsibə adlı qızı və Tahir adlı oğlu dünyaya gəlir.
O, 1998-ci ildə Xalq şairi adına, 2006-cı ildə isə “Şöhrət” ordeninə layiq görülür.
Söhrab Tahir avtomobil qəzası keçirir və qorxudan şəkər xəstəliyinə tutulur.
Ömrünün 21 ilini Heydər Əliyevin məsləhəti ilə Ata epos poeması üzərində işləməyə həsr edir. 2048 səhifədən ibarət olan poemanın sonlarını yazanda artıq xəstəliyi şiddətləndiyi üçün o, poemanı diktə edir və oğu Tahir onu yazıya köçürür. Xəstəlik səbəbindən hər iki ayağı amputasiya olunur. Əməliyyatdan sonra isə cəmi bir ay yaşayır.
Şair 2016-cı il mayın 4-də dünyasını dəyişir və 2-ci fəxri xiyabanda torpağa tapşırılır.
Gözləyirəm, gözlərimin qarasında
Çaxsın bir gün
Ürəyimin
Qızıl şimşək partlayışı.
Sona çatsın bu hicranlı yaşayışım.
İki qardaş,
İki tale arasında
Bir təsəlli körpüsüyəm.
Ölçülməyən ümidlərin
Gözəyarı ölçüsüyəm.
“Ədəbiyyat və incəsənət”
(27.05.2024)