Qaranlıq otaq arzusu - RAMİZ ƏSGƏRİN DÜNYADAN KÖÇMƏSİNƏ Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Özünə əmin, güclü xarakterli və sarsılmaz adam idi. Hadisələrə öz məntiqindən boylanıb, qiymətləndirir və şərh edirdi. 

Zəhmətkeş, eləcə də çox məhsuldardı. Çalışmaqdan zövq alırdı. Vaxtının xeyli hissəsini yazıb yaratmaqla məşğul olurdu. Günün necə başlayıb, necə bitdiyini hiss etmirdi…

 

Deyirdi ki,- “Hərdən fikirləşirəm ki, kaş bir qaranlıq zirzəmi ola, ora işıq düşməyə və mən sakitcə uzanıb yatam. Gözlərim işığa çox həssasdır, hər gün beş saat yarım yatıram. Oyanan kimi kompüteri açıb tərcüməyə və ya növbəti əsərə başlayıram. Kaş elə imkanım ola, səkkiz, doqquz saat qaranlıq bir otaqda yata biləm...”

 

Qaydalara riayət olunmasını çox xoşlayırdı. Soyuqqanlı görünsə də mehriban rəftarlarıyla diqqəti özünə çəkməyi bacarırdı. Dostluqda sədaqətə önəm verirdi. Xəyanət onun gözünün düşməniydi. Maddiyyata vasitə kimi baxır və böyük işlərə imza atmaq naminə ona önəm verirdi.

 

“Rusların belə bir atalar sözü var: Xoşbəxtlik pulda deyil, pulun məbləğindədir. Bizə də pul versələr, həyətdə gəzib-dolaşmaq daha xoş olar. Daha dərindən fikirləşərəm. Amma düzü, özümü yaxşı hiss etmirəm və mənə elə gəlir ki, bizim nəslimiz haqqında əfsanə gerçək olmayacaq. Nəvələrim yeniyetmədirlər. Məncə, onların toyunu görməyəcəm...”- söyləyirdi.

 

İdeal ata idi. Uşaqlarını ən yaxşı şəkildə yetişdirmək naminə bütün imkanlarından istifadə edirdi.

Haqqında söhbət açdığım Ramiz Əsgər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində dünyaya gəlmişdi. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdi. Beş il Azərbaycan radiosunda redaktor, bir il türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru, yeddi il kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru, bir neçə il İstanbulda nəşr olunan "Hürriyyət" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, daha sonra Xarıci Turizm Şurasının idarə rəisi, "XXI əsr" qəzetınin baş redaktoru, bir müddət də "Yeni Forum" jurnalının (Ankara) Bakı təmsilçisi vəzifələrində çalışmışdı. Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri vəzifəsində işləmişdi. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiri idi. 2016-cı ildən vəfat edənədək BDU-nun türkologiya kafedrasına başçılıq edirdi. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru idi…

Zamanı idarə etməyi olduqca yaxşı bacarırdı. Məqsədi həmişə qalib gəlməkdi. Özünə xas sistem də qurmuşdu. İnandıqdan və qoyduğu qaydalardan xaricə çıxmırdı.

 Üzərinə götürdüyü məsuliyyətin fərqindəydi və nə qədər ağır olsa da bu məsuliyyətdən qaçmırdı…

Bəlkə də ölkə üzrə ən çox kitabı çap olunan yeganə müəllifdir. İndiyədək 27 öz kitabı, 61 tərcümə kitabı nəşr olunub...

Maraqlı adam idi,- “Şimali Qafqazda doğum gününü ancaq uşaqlar üçün qeyd edirlər. Böyüklər isə yalnız 60-70 yaşında doğum günü qutlayır. Onlar da ya ictimai-siyasi xadim, ya da sənət adamı olmalıdır. Siravi vətəndaşlar bir kərə yubiley keçirər. 63 yaşında böyük bir heyvan – dəvə, yaxud da cöngə kəsər. Camaata qonaqlıq verər. Yubilyara söz verildikdə isə deyər ki, Allah sevimli bəndəsi həzrəti Məhəmmədi 63 il yaşadıb. Mən də bu yaşıma qədər gəlib çıxmışamsa, demək, onun sevimli bəndəsiyəm. Bundan sonra nə yaşasam, qənimətdir.”- söyləyirdi…

Yetmiş il idi ki, yol gedirdi, inamla, əzmlə, iradə göstərərək. Çox uğurlara imza atmışdı, amma bütün bu nailiyyətləri hələ də az sayırdı. Yorulmadan, qələmi yerə qoymadan çalışırdı. 

Deyirdi ki,- “Ömrü boşa vermək olmaz, son nəfəsədək işləmək lazımdır...”

Allah rəhmət etsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.