Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Zibil yeşiklərinin yanından keçərkən heç sizin də beyninizdə toplanan qalaq- qalaq zibillərin olduğunu düşündünüzmü?
Bəlkə, düşünənləriniz oldu, bəlkə də, bu suala cavab: "Əbülfəzqızı, sənin bizim beynimizin içində nə işin var?"- söyləyənləriniz də oldu.
Narahat olmayın, "beyninizlə” alış- verişim yoxdur.
Sadəcə, fikirlərimin giriş hissəsinə təsirli ədviyyatlar əlavə edirəm.
Gündəlik lazımsız informasiyaların sizlərə mənfi təsirini, yəqin ki, bilirsiniz. O lazımsız nəhəng aysberqə bənzər informasiya axını beynin şöbələrində lazımsız zibil kimi üst- üstə toplanır. Çünki informasiya axını sürətli olduğu üçün beyin saf-çürük etməyə macal tapmır.
Sosial şəbəkələr, "ev dağıdan" Tik- tok, lazımsız televiziya verilişləri, hansısa "ulduzun" əttökən həyat tərzi - özündən yaşlı, ya cavan həyat yoldaşlarının siyahısı və s. gərəksiz informasiyalar beyni yorur.
Beyni yorulanlar da nə özləri, nə də başqaları haqqında qərar vermə qabiliyyətində olurlar.
Süni intelekt hər suala cavab taparkən insanlar adi vəziyyəti belə analizetmə gücünü əlləri ilə tükətmiş olurlar.
Yapon alimləri tədqiqat nəticəsində bu dəhşətli faktları təsdiqləyiblər.
Telefon uşaqlarımızın sevimli oyuncağıdır, təki səsini kəssin.
Səsini də kəsir, elmini də, savadını da..
Sonra söyləyirik: Ay müəllim, filan qədər pul tökmüşəm, bu uşağın başı niyə boşdur?
Çünki sıyığı yediyi andan körpə telefona aludə olub. İllərlə də bu aludəçilik davam edib. Beyinə daxil olan lazımsız informasiyalar yaddaşı zəiflədir.
İnsanlar düşüncə qabiliyyətini itirib modern qula çevrilirlər. Barmaqlarımız qələm yerinə daha çox telefon tutur. İndi gəl bu beyinlə nə isə yaz. Yaza biləcəyikmi, əlbəttə ki, yox. Yazmaq üçün düşüncə və yaddaş lazımdır. Düşüncəmizi itiririksə, potensial kölələrik, ya da ki, hansısa mexanizm tərəfindən idarə olunan canlı robotlar oluruq.
Niyə özümüz özümüzə qarşı bu qədər qəddarıq, özümüzə qənimik!?
Müasir texnologiyanın müsbət tərəflərini görək, niyə axı lazımsız tərəflərindən limitsiz istifadə edək?
Lazımsız informasiyaları bloklayıb düşüncəmizi sağaldaq, bərpa edək. İnsanlığın sonunu- faciəsini sürətləndirməyək.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)