Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Zarafat deyil, bu yaşında yaddaşını hələ də itirməyib, Azərbaycan, rus klassiklərinin əksər şeirlərini əzbər söyləyə bilir, poeziya vurğunudur. Məktəbdə əlaçı olub, təhsilini gümüş medalla başa vurub...
Deyir ki,- “Babam din xadimi olduğu üçün Allah kəlməsi evimizdən heç vaxt əskik olmazadı. Rəhmətlik bütün günü kitab oxuyardı. Füzuli, Sədi onun sevimli şairlərindən idilər. Sevinirəm ki, ondan çox şey öyrənə bilmişəm...”
Azərbaycan xalqının bu gün də hörmətlə yad etdiyi seyidlərdən Seyidəli ağa Mirmövsümzadənin nəvəsidir. Seyidəli ağa uzun müddət Bakı quberniyası “Şiələr Məclisi”nin sədri olub, nüfuzlu bir şəcərənin nümayəndəsi idi. Bir vaxtlar Azərbaycanın şeyxülislamı, görkəmli din xadimi Axund ağa Əlizadə və Azərbaycan gənclərinə liderlik etmiş Məsud ağa Əlizadə də bu şəcərənin övladları olublar…
“Məşhur Mir Mövsüm ağanın bacısı mənim nənəm olub. Şeyxülislam Axund ağa Əlizadə Nəcəfdə oxuyarkən Mövsümzadənin böyük qardaşı Seyid ağa ilə dostluq ediblər. Bakıya qayıdandan sonra babam Seyid ağanın bacısı Zeynəblə evlənib. Bu evlilikdən atam anadan olub. Atamın üç yaşı olanda isə Zeynəb nənəm vəfat edib.”- söyləyir...
Dostlar, bu gün sizə AMEA-nın sabiq prezidenti, akademik Akif Əlizadədən danışıram. 1934-cü ildə tanınmış həkimlər- Ağamehdi və Əfşan xanım Əlizadələrin ailəsində dünyaya gəlib. Uzun yol keçib, savadı, elmi, bacarığı ilə elmin pillələrində irəliləyə bilib. 27 yaşında elmlər namizədi, 35 yaşında isə elmlər doktoru alimlik dərəcələrinə yiyələnib. Xidmətlərinə görə bir sıra orden və medallara layiq görülüb...
Deyir ki,- “Etiraf etmək lazımdır ki, Azərbaycan elmi artıq qocalıb. Yəni alimlərizin əksəriyyəti yaşlanıblar. Akademiyanın institutlarında yaşlı nəsli əvəz edən gənc nəsli tapmaq çətin olur. Buna da əsas səbəb 90-cı illər olub. SSRİ dağılandan sonra dərhal bütün əlaqələr qırıldı. Bu zaman elmdə digər sahələr kimi böyük itkilər oldu. İşsizlik yarandı, gənc alimlər və istedadlılar xaricə üz tutdular, biznes sahəsini seçdilər və başqa bir istiqamətə yönəldilər. Bununla da sovet vaxtı yaranmış ənənə pozuldu. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün akademiyamızdan əsər-əlamət qalmazdı və bərpa etmək də mümkün olmayacaqdı. Heydər Əliyev deyirdi ki, akademiya yaşamalıdır. Akademiya yavaş-yavaş bərpa olundu. Hazırda AMEA çox qüvvətli bir qurumdur, burada çox yaxşı kadrlar var. Amma gələcək üçün gənc kadrların hazırlığında çətinliklər yarana bilər. Buna görə də təhsil ilə elmin inteqrasiyası çox vacibdir. Elm təhsilə öz imkanlarını verməlidir, təhsil də elmə cavan kadr yetişdirməlidir. Bunlar bir-birindən ayrılmadan, yanaşı irəliləməlidirlər. Deyirlər, xaricdə elm universitetlərdə inkişaf edir. Bəli, elədir, bizdə isə tərsinə- elmimiz akademiya istiqamətində inkişaf edir. AMEA-nı ləğv edib, hamısını universitetlərə vermək də mümkün deyil. Bunu etsək böyük bir fəlakət olar. Elə bir nöqtə tapmaq lazımdır ki, bu iki vacib humanitar istiqamət şərikli inkişaf etsin. Yalnız o zaman mümkün olar ki, elm tədricən universitetə tərəf gedə bilsin. Onda akademiya da inkişaf edər.”
Bəli, yüksək mədəniyyəti, əsilzadələrə xas olan davranışı ilə ürəklərdə yuva qurmağı bacaran bu insanın dünən - fevralın 25-də nə az, nə çox 90 yaşı tamam oldu. Barəsində çox danışmaq olardı, amma deyə bilmədiklərimi yəqin ki, nə vaxtsa onun rəhbərliyi altında işləyən alimlər özlərində güc tapıb söyləyəcəklər. Məqsədim, bu işıqlı insanı, qocaman akademiki yubileyi münasibətilə təbrik etmək, ağrı-acısız günlər arzulamaqdır.
Cəddi peyqəmbər dayağı olsun!
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)