“Peşəkar 100 il” idarəçilik marafonu başa çatıb

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Peşəkar 100 il” idarəçilik  marafonu başa çatıb.

2 ay boyunca davam edən marafon çərçivəsində ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən 100 nəfərdən artıq işgüzar şəxsə ödənişsiz şəkildə idarəçilik təlimləri və ustad dərsləri keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

Məqsəd bütün sahələrdən olan gənc sahibkarlar və menecerləri Ulu öndərin zəngin idarəçilik təcrübəsinin çevik, strateji və innovativ tərəfləri barədə məlumatlandırmaq, onun uzaqgörən siyasətinin ən mühüm komponentlərindən biri olan Azərbaycanın yüksək idarəetmə qabiliyyətinə malik güclü kadr potensialının formalaşmasına dəstək olmaqdır. 

Marafonun açılış tədbiri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun, Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynlinin,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın və Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənovun iştirakı ilə baş tutub.

ASAN İnnovativ İnkişaf Mərkəzi Mərkəzi  "İnnovasiyalar Mərkəzi"nin təşkilatçılığı ilə yaradılıb. Mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, eyni zamanda innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə gənclərin işsizlik problemlərinin həllinə, yüksək ixtisaslı kadrların hazırlanmasına, həmçinin müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.