Bu dünyada Ağabəy adlı bir alim vardı... Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Elə adamlar var ki, özlərini bu dünyada qonaq kimi yox, ev sahibi kimi aparırlar. Paxıllıq, xəbislik, kin-küdurət, hərislik imkan vermir ki, əsl insan kimi ömür sürsünlər. Hamı nə vaxtsa öləcəyini yaxşı bilir, amma yenə də mərdiməzarlığından, nakəsliyindən, alçaqlığından, acgözlüyündən, hərisliyindən, təkəbbüründən əl çəkməyən adamlar var...

Ağabəy Sultanovu bütün ölkə tanıyırdı. Uşaq kimi sadə, şən və mehriban adam idi. O qədər "sehirli qutuda" görünürdü ki, artıq hər bir evdə onun hörməti vardı, öz sahəsinin ən böyük alimi kimi sevilirdi. Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının, Psixiatrların Dünya Federasiyasının həqiqi üzvü, BMT-nin psixiatriya üzrə Azərbaycandakı koordinatoru idi. "Şöhrət" ordeninə layiq görülmüşdü...

Hanı indi Ağəbəy Sultanov? İslamın buyurduğu kimi, Bərzəxdə Axirət Gününü gözləyir ki, sorğu-suala cavab versin. 

Bir halda ki, bütün qazandıqlarını və hətta qamarladıqlarını bu dünyada qoyub Ağabəy müəllimin yanına gedəcəksə, insanlar niyə bir-birinə "can" deyib, "can" eşitməyə səy göstərmirlər?..

Bu yazını niyə belə başladım, bilmirəm. Yəqin ki, hardasa bir səbəb var. Axı mən 1936-cı ilin bu günündə- fevralın 22-də dünyaya gələn, unudulmaz psixiatrdan söhbət açmalıydım. Amma düşünürəm ki, nə mənası var? Bir yaşanmış ömürə insanların verdiyi son qiymət- Allah rəhmət etsin və ya Allah lənət etsindirsə, mən də söhbətimi müxtəsər edib Ağabəy Sultanova Allahdan rəhmət diləyirəm. Rəhmətlik doğrudan da yaxşı adam idi. Yaşasaydı, bu gün 88 yaşı tamam olacaqdı...

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.