Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Çap çaylardәn Çapayım,
Doğsun günәşim, ayım.
Çap, o çapsın, mәn çapım,
sәn çap, qoy biz dә çapaq,
Çap, gәlәcәk günlәrin
sәһәrinә yol açaq…
Vasiliy İvanoviç Çapayevi həyatda heç zaman görməmişəm, amma bütün sovet uşaqları kimi, haqqında çəkilən bədii filmə baxmışam, üstəlik Süleyman Rüstəmin ona həsr etdiyi əsəri dərslikdən mən də oxumuşam. O vaxt xalq arasında dolaşan lətifələri də çox eşitmişəm...
Onunla da şəxsən tanış deyilik, amma "sehirli qutudan" çıxışlarını, internetdən yazılarını çox oxumuşam. Bir sözlə, barəsində Çapayev qədər məlumatım var. Eyni şəhərdə böyüsək də yolumuz kəsişməyib...
Haqqında söhbət açdığım Vasif İsmayıl həkimdir, sadəcə həkim yox, Azərbaycan təbabətinə yenilik gətirən cərrah-həkim. Zarafat deyil, qapalı böyrək və sidik axarı daşlarının, eləcə də qapalı endouroloji daş əməliyyatlarının müasir alətlərlə parçalanması onun adı ilə bağlıdır. Bu işi ölkəmizdə birinci dəfə o, həyata keçirib, bu ilkə o, imza atıb…
Təbii ki, təbabət də mədəniyyətdir, tibbi mədəniyyət özündə daha mütərəqqi, daha mədəni tibbi müdaxiləni ehtiva edir.
Vasif həkim 1975-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. İstanbul Universitetininin tibb fakültəsini bitirib.
2003-cü ildə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsi Urologiya kafedrasında "Erişkin qadınlarda sidik saxlanmazlığı simptomatologiyası və urodinamik göstəricilər arasında korrelasiya" mövzusunda elmi iş müdafiə edərək tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.
2003-2009-cu illərdə Bakı şəhərində "Mərkəzi Klinik Xəstəxanası"nda çalışaraq üç mindən çox xəstəni əməliyyat edib.
2009-cu ildən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Hospitalı"nda işləyib. İndi harada çalışdığı barədə məlumatım yoxdur. "Azərbaycan Uroloqları Assosiasıyası", "Avropa Uroloqları Cəmiyyəti", "Türk Urologiya Cəmiyyəti", "Türk Andrologiya Cəmiyyəti", "Türk Qadın Urologiyası Cəmiyyəti"nin üzvüdür…
…Heç bilmirəm, Çapayev haradan yadıma düşdü, axı həmin gün çex yazıçısı Karel Çapeqinin, ABŞ-ın 37-ci prezidenti Riçard Niksonun da doğum günləridir. Onların hər hansı birinin adı ilə də başlaya bilərdim, bu məzəli təbrik yazısını. Bəlkə də, hər ikisində döyüşkənlik ruhu var deyə, Çapayev ortaya girdi. Axı Vasif həkim də insanlara rahatlıq verməyən xəstəliklərlə mübarizə aparır, yeni üsullar axtarışındadır…
Nə isə, bu gün - fevralın 9-u tibb üzrə fəlsəfə doktoru, uroloq-androloq Vasif İsmayılın 49 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)