Bizim STANİSLAV(ski) Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki,- "2008-ci ildə kulinariya haqqında bir neçə kitab ərsəyə gətirməliydim. Düşündüm ki, Azərbaycana gedim və Azərbaycan mətbəxi ilə bağlı bildiklərimi yeniləyim. Axı mən Özbəkistanda yaşayır və daha çox özbək yeməkləri hazırlayırdım. Düzdü, qohumlarımız vardı, onlardan öyrənirdim, arada Azərbaycana qonaq gedirdik. Lazım olan hər şeyi götürüb, TV çəkiliş qrupu ilə birgə Azərbaycana yollandıq. Azərbaycanı qarış-qarış gəzdik. Hər şəhərdə 2-3 gün qaldıq, həmin bölgəyə xas yeməklərin hazırlanmasını çəkirdik. Azərbaycanın unikallığı ondadır ki, hər bölgədə fərqli nəsə hazırlanır, amma bu, yenə də Azərbaycana aiddir. Əhalisi də maraqlıdır, aksentləri də. Mən utanıram ki, Azərbaycan dilində elə də yaxşı danışa bilmirəm. Özbək dilində yaxşı danışıram, ingilis dilində ondan da yaxşı. Rus dili doğma dilimdir. Amma bu o demək deyil ki, mən Azərbaycanlı deyiləm?! Axı qan su deyil, onu dəyişə bilməzsən...”

 

Bu dəfə sizə mətbəx mədəniyyətindən bəhs edən bir neçə kitabın müəllifi Stanislav(Stalik) Xankişiyevdən söhbət açmaq istəyirəm. Rusiyada fəliyyət göstərdiyi üçün daha çox orada məşhurdur. İştirak etdiyi televiziya verilişlərində Azərbaycan milli mətbəxinə geniş yer ayırır. "Bazar, qazan və dəstərxan" kitabı iyirmi beş ildə mətbəxə həsr olunan kitablar arasında "Ən yaxşı kitab" nominasiyasına layiq görülüb. "Böyük İpək Yolu" mükafatını qazanıb...

 

“Etiraf etmək lazımdır ki, başqa xalqların mətbəxini tanıdıqca, öz mətbəxini daha yaxşı tanıyırsan. Başqa xalqların mətbəxə bağlılğını araşdırdıqca, onun tarixini, inteqrasiyasını başa düşürsən. Məsələn, bir çox xüsusiyyətlər var ki, şərqdə formalaşıb, amma Fransada öz təsdiqini tapıb. Qatlama şirniyyatının oxşarı Fransada kruassan adlanır. Azərbaycan həmişə digər ölkələr üçün açıq ölkə olub, qədimdən bəri. Bu mübadilənin nəticəsində, Azərbaycan mətbəxi daha da zənginləşib. Xalqımızın qonaqpərvərliyi, süfrələrimizin açıqlığı boş sözlər deyil. Bizim xalqımız bölüşməyi sevən xalqdır."- söyləyir.

 

Onun "Qazan, kulinariya dərsliyi" kitabı 2015-ci ildə "Qurman" kulinariya kitabları beynəlxalq müsabiqəsində birinci yeri tutub. "Plov, kulinar tədqiq" kitabı isə 2016-cı ildə həmin müsabiqənin "Milli mətbəx haqqında ən yaxşı" nominasiyasında qalib gəlib…

 

Stalik 1962-ci ildə Özbəkistanın Fərqanə şəhərində anadan olub. Atası azərbaycanlı, anası isə alman millətindəndir. Çox alicənab, milli kimliyinə önəm verən adamdır, azərbaycanlı olduğundan qürur duyduğunu heç vaxt, heç yerdə gizlətmir…

 

Deyir ki,- "Bir azərbaycanlı olaraq milli mətbəximizin beynəlxalq aləmdə qəbul olunması, başqaları tərəfindən mənimsənilməməsi üçün əlimdən gələni edirəm, edəcəyəm də..."

 

Başqa ölkədə doğulub böyüsə də, ürəyi bizimlə döyünən Stalikin fevralın 2-də doğum günüdür, 62 yaşı tamam olur. Teatr sahəsində Stanislavski necə ad çıxarıbsa, elə bizim Stanislav da kulinariya sənətinin Stanislavskisidir! 

Onu doğum günü münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq. 

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.