Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yaş öz işini görməkdədir, artıq 80-ni haqlayıb. Əhvalı daha çox havaya, qarşılaşdığı hadisərlərə bağlıdır. Danışmağı sevmir, fikirlərini qısa və yığcam ifadə etməklə kifayətlənir...
Bir vaxtlar eyni kollektivdə çalışan, istedadlı jurnalist İdris Heydərli onun haqqında qələmə aldığı “Susan adam” yazısında qeyd edir:- “Danışmazdı, kadrları danışdırar, oxutmaq istədərdi. O, AzTv də "səssiz kadr"ların həqiqətlərini montaj vasitəsi ilə danışdıran tək Rejissorlardan idi. Hər məkanda kəşf etdiyi Həqiqəti "yalançı göz"ə, "yalançı işıq"a qarşı qoyub insanlaşdırardı. Onun kadrında insanlar fərqli bir dünyaya rast gələrdilər ki, bu Səssiz kadrları ancaq bilənlər bilərdi.”
Söhbət Rauf Süleyman oğlu Mirzəyevdən gedir. O, 1944-cü ildə Bakıda görkəmli teatrşünas Həsənağa Mirzəyev və Azərbaycan səhnəsinin ən səmimi ana obrazlarının ifaçısı, Azərbaycan SSR əməkdar artisti Ətayə Əliyevanın ailəsində dünyaya göz açıb.
Hələ kiçik yaşlarından teatr mühiti ilə əhatə olunduğundan sənət dünyasına hədsiz maraqla böyüyən Rauf Süleyman orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub.
Təhsil almaqla yanaşı, 1968-ci ildən Azərbaycan Televiziyasında mikrofon operatoru kimi işə başlayıb və beləcə bütün ömrünü televiziyaya bağlayıb.
Bütün rejissor kateqoriyalı dərəcələri keçib və 1997-ci ildə ali dərəcəli rejissor kimi fəaliyyətini davam etdirib.
Bu dövürdə o, Azərbaycan televiziyasının müxtəlif redaksiyalarında – "Ədəbi-dram verilişləri" baş redaksiyası, "Gənclik" redaksiyasında rejissor, ali dərəcəli rejissor kimi çalışmaqla - "İdrak", "Zəriflik", "Evrika", "Tələbə dünyası", "Dünyaya sevinc gərək", "Yeddi sual, yeddi cavab", "Ev sizin, sirr bizim", "Qurama" folklor toplusu, "İlham pərisi" kimi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan verilişlər hazırlayıb.
Sırada "Xoşbəxt adam", "Ömür ağacı", "Dostun evi könüllərdir", "Ədalət naminə", "Tariximiz", "Bəxtiyar Vahabzadə", dörd hissəli "Türk Dünyası – Qitədən-Qitəyə" televiziya filmlərini bir rejissor kimi yüksək sənətkarlıqla araya-ərsəyə gətirib.
Bunula yanaşı "Səslər muzeyi", "Ömrün axarı" kimi silsilə proqramları efirin yaraşığı olub. O, Azərbaycan Televiziyasının hazırladığı ən uzun ömürlü proqramlardan biri olan həftəlik "Turan" verilişinin rejissorudur. Rejissor Ramiz Həsənoğlunun qardaşıdır...
Çox çalışdım, amma haqqında demək olar ki, heç bir məlumat toplaya bilmədim. Yenə də İdris Heydərlinin ona müraciətlə yazdıqlarına qayıtmalı oluram: “İnsan olmanın dərdi çoxdur, amma həqiqəti olan insanın isə heç bir dərdi yoxdur. Hüzürlü olmanı, həyatı doya-doya yaşamanı sizdən öyrəndim. Nə gözəl ki, varsınız. Nə gözəl ki, Oyun çıxaranların qarşısında duruş gətirib həyat Oyun deyil deyə biləcək bir gücün var olmasını bizə tanıtdınız. Nə gözəl ki, Səssizliyinizlə bizə Səsi göstərdiniz...”
Yanvarın 22-də uzaq Kanadada yaşayan Rauf Süleymanın 80 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, ağrı-acısız günlər arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(22.01.2024)