Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onunla söhbət zamanı siyasət, hava haqqında danışmağına dəyməz. Söhbət xatirinə söhbət edən insanlardan deyil. Onu düşündürən mövzular haqqında danışmağa səy göstərsəniz, bəlkə də ayaq saxlayıb sizi dinləyər. Kobudluqdan, kəskin ifadələrdən xoşu gəlmir. Ondan həyat yolu ilə maraqlanmağına da dəyməz, onsuz da danışan deyil. Bəlkə də bundan irəli gəlir ki, onun tərcümeyi halına bütövlükdə heç bir yerdə rast gəlmək olmur...
Deyir ki,- “Hazırda çoxları iddia edirlər ki, guya ziyalılarla cəmiyyət arasında böyük uçurum var, lakin mən belə düşünmürəm. Ziyalı təbəqəsi sadəcə efir, televiziya vasitəsi ilə deyil, auditoriyalarda, müxtəlif toplantılarda, gündəlik həyat tərzində də insanlarla ünsiyyətdə olur. Ziyalılar və gənclər arasında görüşlər keçirilməsi ünsiyyətin tam səmimi və uğurlu qurulması üçün heç də vacib şərt deyil. Əsas odur ki, ziyalının mövqeyi, düşüncələri, onun əməlləri ilə üst-üstə düşsün və cəmiyyətin tərəqqisinə xidmət etsin. O zaman ziyalının düşüncələri gənclərə örnək olacaq. Hər hansı bir şüarla, tribunadan danışıb, bəyanatlar verməklə, gənclərin zehninə istədiyin fikri təlqin etmək mümkün deyil. Çünki gənc elə qüvvədir, özü qavrayıb düşünür, qərar verir. Bu, bütün zamanlarda belə olub...”
Adi həyatda olduğu kimi iş həyatında da mübarizdir. Sakit həyatı xoşlamır. Çox məhsuldar xanımdır, öhdəliklərini vicdanla yerinə yetirməkdən, bildiklərini xalqa çatdırmaqdan zövq alır. Səmimiyyət və dürüstlük onun üçün vacib amillərdəndir. Hissləri və intuisiyası güclü olduğu üçün qarşısındakı insanın daxili aləmini görməyi bacarır...
“Sovet dönəmində ziyalılarımız ideoloji çərçivə daxilində fəaliyyət göstərən şəxslər olub. Onlar imkanları daxilində bu və ya digər məsələdə millətin, xalqın mövqeyi ilə bağlı səy göstəriblər. Çox zaman bu ziyalıların həyatı bahasına başa gəlib, cəzalandırılması ilə nəticələnib. Amma bütövlüklə həmin ziyalıların fəaliyyətinin üzərindən xətt çəkmək cəmiyyətin sivil düşüncə tərzinə fayda gətirməyəcək. İstənilən məsələdə qərəzlə hərəkət etmək obyektiv nəticəyə gətirib çıxarmır. Bunu anlamasaq, gələcəkdə də eyni səhvləri etməli olacağıq. Gənclər düşünsün ki, mən bu gün obyektiv təhlil edə bilmirəmsə, gələcəyimi necə düzgün planlaşdıra bilərəm?..”- söyləyir.
Mükəmməl xasiyyətə malik olduğu üçün araşdırmaları da maraqlıdır. Həddən ziyadə realistdir, onu boş-boş xəyallarla, iddialarla fikrindən döndərmək mümkün deyil. Və heç vaxt ram edə bilməyəcəyi məqsədlərin arxasınca getmir. Elə ona görə də ən nifrət etdiyi məsələlərdən biri də qeyri-müəyyənlikdir. Bu səbəbdən də hədəfə doğru planlı şəkildə irəliləyir...
Deyir ki,- “Azərbaycan gəncliyi bilgilənməyə laqeyd deyil. Mən də sosial şəbəkələrdən istifadə edirəm və gəncləri də izləyirəm. Müşahidələrimə görə, deyə bilərəm ki, gənclərimiz nəinki bilgi almağa meyllidir, hətta o bilgini paylaşaraq maarifçilik fəaliyyəti göstərməkdə də aktivdirlər. Sosial şəbəkələrdə yayılan məlumatlar içərisində çoxlu elektron kitablar, məqalələr də yer alr. İstifadəçilər maraqlı materialları paylaşır və öz dostlarına oxumağı tövsiyə edir. Amma mən yaşlı nəslin nümayəndələri arasında belə nümunələrə rast gəlmirəm. Ona görə, bu gün kitabı tək klassik formada oxumağın informasiya mənbəyi olduğunu demək düzgün olmaz. Kitabları alıb oxumaq da lazımdır, lakin texnologiyanın inkişafı sayəsində ağırlıq elektron kitablara düşüb. Maddi baxımdan da bu kitablar sərfəli olduğundan gənclər elektron kitablara üstünlük verirlər...”
Həm də çox emosionaldır. Amma duyğularını gizlətməyi bacarır. Özünə, biliyinə çox güvənir. Kənardan sərt və amansız görünür, amma göründüyü qədər də nəcib, mülayim və nəzakətli xanımdır...
“Hər bir Azərbaycan vətəndaşı özünün müstəqil dövlətə sahib olmağı ilə fəxr etməlidir. Çünki Yer üzündə yaşayan bütün xalqların dövləti olmaq xoşbəxtliyi yoxdur. Amma Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun müstəqil dövləti var və biz müstəqil dövlətin vətəndaşlarıyıq. Bu, müstəqil cümhuriyyətdən yaranan bir tarixdir. Çünki Azərbaycan dövlətçiliyinin tarixi çox qədimdir - e.ə. III minillikdən gələn bir tarixdir. Amma Azərbaycan ərazisində dövlətçiliyimizin varisliyi zaman-zaman yadelli işğalların nəticəsində kəsilibdir. Bütün bunlara baxmayaraq, Azərbaycan böyük bir imperiya yaradan dövlət olub. XV əsrin sonu – XVI əsrin əvvəli Səfəvilər dövləti yaranıb. Bu dövlətin əsasını Azərbaycanəsilli sülalə qoyub. Yəni zəngin bir dövlətçilik tariximiz var. Ən qürurlusu da ondan ibarətdir ki, 105 il öncə bütün türk dünyasında ilk türk cümhuriyyətini 1918-ci il 28 Mayda Azərbaycan xalqı qurub. 105 ildir ki, respublika quruluşunda yaşayırıq. Düzdür, 23 aydan sonra birbaşa Sovet Rusiyasının hərbi müdaxiləsinin nəticəsində müstəqil dövlətçiliyimizə son qoyuldu, amma yenə də Azərbaycan Respublikası sovetlər formasında, müttəfiq dövlətlər statusunda öz varlığını saxladı. 1991-ci ildə isə dövlət müstəqilliyini bərpa edəndə özünü Azərbaycan Cümhuriyyətinin varisi kimi bərpa etdi. Bunlar çox qürurverici tarixdir”.- söyləyir.
Ölkədə cümhuriyyət tarixini mükəmməl bilən nadir alimlərdən biri də odur. Uzun illər bu mövzunu araşdırıb, necə deyərlər, gecəsini gündüzünə, gündüzünü gecəsinə qatıb. Dövlət İdarəetmə Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktorudur. “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülüb. "Nəriman Nərimanov – ideal və gerçəklik" kitabının, 40-dan çox elmi məqalənin, "Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası" iki cildliyində isə 200 məqalənin və 7 elmi toplunun tərtibçilərindən biridir. Türkiyə və Bakıda keçirilmiş xeyli beynəlxalq konfransların iştirakçısı olub. “METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın “Tarix, Arxeologiya və Antropologiya” üzrə redaksiya heyətinin üzvüdür...
Bəlkə də bu yazını növbəti ad günündə qələmə alsaydım, lap yerinə düşərdi. Məni tələsdirən, haqqında söhbət açdığım Firdovsiyyə xanım Əhmədovanın Cümhuriyyət tarixinin və eləcə də inqilabdan sonrakı Azərbaycanın araşdırılmasında göstərdiyi misilsiz xidmətləri oldu. Və bu yolda məğlubedilməz bir alim kimi müvəffəqiyyətlə addımlamaqdadır. Ona bu fədakarlığına görə ehtiram göstərməyə borcluyuq...
“Ədəbiyyat və incəsənət”
(18.01.2024)